Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın ORSIS şirkəti arasında qalmaqal bitməmiş Moskva və İrəvan arasında hərb sahəsində yeni ziddiyyət özünü göstərməkdədir. Söhbət Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq, İrəvanın digər ölkələrdən silah almaq cəhdlərindən gedir.
Erməni mediası yazır ki. proseslər indiki templə davam edərsə, Moskva hərbi kreditlərini Ermənistanın üzünə bağlayacaq və ölkəyə silah satışını məhdudlaşdırmaqla İrəvanı çətin vəziyyətdə qoyacaq. Eyni zamanda, belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Kremlin İrəvana qarşı təzyiqlərin yeni dalğasını işə salması proqnozlaşdırılır. “İrates” qəzeti qeyd edir ki, Ermənistanda rusiyayönlü əhval-ruhiyyə zəifləməyə başlayıb və Moskva belə vəziyyətdə proseslərə seyrçi nöqteyi-nəzərdən yanaşmaq istəmir:“Rusiya hakim dairələri Ermənistandakı Qərb qüvvələrinin sürətli templərlə uğur qazanmağa başlamasından narahatdır. Üstəlik, Moskva regiondan çıxarılma təhdidini də görür. Bizim mənbələrimiz təsdiqləyir ki, Rusiyanın siyasi dairələri bu situasiyanı Ermənistandakı hazırkı hakimiyyətin antirusiya əhval-ruhiyyəli olması ilə əlaqələndirib. Onlar bunun ölkədə antirusiya əhval-ruhiyyəsinin dərinləşməsinə imkan yaratdığını bildiriblər”. Qeyd olunur ki, bu vəziyyət Paşinyanın Moskvaya sevgi və sədaqətlə bağlı verdiyi bütün vədlərinə zidd mənzərə yaradır və onun rusofobiyasını gizlətməsi getdikcə çətinləşir. Nəşr qeyd edir ki, bu yaxınlarda baş tutmuş bir erməni-rus müzakirəsi zamanı siyasi xadimlər bu istiqamətdə ciddi dəyişikliklərin baş verdiyindən narahatlıqlarını ifadə ediblər: “Erməni səlahiyyətliləri hər gün Ermənistanın Rusiya ilə parlaq münasibətlərinin olmasından dəm vuraraq öz sədaqətlərini ifadə edirlər. İnqilabdan əvvəl bu adamlar kimlər idi? Rusiyada onlarn nümayişkaranə şəkildə antirus davranışlarını və inanclarını unutmayıblar. İndi çox az şey dəyişib, görünən yalnız zahiri qılafdır”. Belə vəziyyətdə Rusiyanı narazı salan daha bir məqam isə, yuxarıda qeyd olunduğu kimi, İrəvanın rus silahlarından imtina niyyəti və digər ölkələrdən hərbi texnika almağa çalışmasıdır.
Məlumdur ki, bu günlərdə Ermənistan Hindistandan dörd “Swathi” kontrbatareya radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib. Məlumata görə, sövdələşmənin dəyəri təxminən 40 milyon dollar qiymətləndirilir. Bildirilir ki, Ermənistan əvvəlcə Rusiya və Polşa istehsalı olan kontrbatareya mübarizəsi radarı almağı nəzərdən keçirib. Lakin sonda seçim Hindistan texnikasının xeyrinə edilib. Kremldə bunlar qəzəblə qarşılanır. Axı, Ermənistan əvvəlcə Rusiyanın “Zoopark-1” kontrbatareya sistemini almağa hazırlaşırdı. Lakin Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, həmin komplekslərin dağlıq relyefdə yaxşı işləmədiyi müəyyən olunub. Kreml bütün bunlardan ciddi şəkildə qəzəblənib və İrəvanın bu addımlarına müəyyən cavab verməyi düşünr. “İrates” qəzeti qeyd edir ki, bu halda Moskvanın cavab tədbirlərindən biri Azərbaycana daha güclü silahların satışının həyata keçirilməsi ola bilər. Üstəlik, “Swathi” kompleksi də elə güclü sayılmır. Bunu hərbi ekspert Ədalət Verdiyev də təsdiq edir: “Radarın Hindistanın hərbi müəssisələrində istehsal edilməyən bir çox komponentləri mülki müəssisələrdən əldə edilir, bu isə onların elan edilən standartlara uyğun olmasına dair şübhələrə yol açır. Passiv anten barmaqlığına malik RLS-ın AFAR tipli aktiv antenlə təchizatı hələ də müsbət nəticələrə səbəb olmayıb. Bütün bu çatışmazlıqlar isə “Swathi” radarının, ixrac potensialını əldə etməyə imkan tapmadan, əvvəlki nəslin nümayəndəsinə çevrilməsi ilə nəticələnib”. O “ordu” portalına bildirib ki, Ermənistanın 4 ədəd “Swathi” RLS-i əldə etmək niyyəti, ən yaxşı halda, yalnız bir ədəd RLS batareyası formalaşdırmasına şərait yaradacaq: “Bu isə yüz kilometrlərlə uzanan cəbhə xətti boyunca, xüsusilə kütləvi artilleriya zərbələri zamanı, həm də dağlarda rəqib atəş vasitələrinin koordinatlarının aşkarlanmasında ciddi bir effekt verməyəcək. Hesab edirəm ki, bunu Ermənistan ordusunda anlayanlar az deyil. Maraqlı detallardan biri də Hindistan istehsalı bu radarlara Ermənistandan başqa heç kimin maraq göstərməməsindən ibarətdir. Hər bir ordu üçün zəruri olan texnikaya dünyanın 196 ölkəsinin nəinki sülh, hətta müharibə şəraitində olan 42 ordusundan, Ermənistan ordusu xaric, heç birinin maraq göstərməməsi doğrudan da düşündürücüdür. Təbii ki Hindistan heç vaxt texnologiya səviyyəsinə görə fərqlənmədiyindən bu normal hal kimi qəbul oluna bilər. İndiyə qədər Hindistan Rusiya silahlarını istehsal texnologiyası ilə birgə kifayət qədər yüksək qiymətə əldə edərək ölkədə yerli və ya milli hərbi sənaye görüntüsü ilə potensialının artdığını nümayiş etdirməyə çalışıb. Son dövrlərdə isə Rusiya ilə yaranan gərginlik rəsmi Dehlini İsrail və ABŞ tərəfə meyilləndirib. Daim Ermənistanı kreditlər hesabına daxili qiymətə hərbi avadanlıqlarla təchiz edən Rusiyanın da Ermənistanın bu addımına müsbət yanaşacağını iddia etmək çətin olardı”. Onun sözlərinə görə, Hindistan RLS-lərin hər bir dəstini İrəvana 2 milyon dollardan daha baha qiymətə satıb: “Qiymət məsləsi daxili işləri olsa da, son günlərə qədər Rusiyanın zəifləməkdə olan hərbi potensialından yararlanan ölkələrin birlikdə Kremlin orbitindən uzaqlaşması Moskva tərəfindən birmənalı qarşılanmayacaq. Çünki Ermənistanın maliyyə sıxıntısı çəkdiyində Rusiyadan həm onun ayırdığı uzunmüddətli kreditlər hesabına, həm də daxili qiymətlərlə ucuz qiymətə sonuncu silahları əldə etməsindən heç bir il də keçməyib. Bu kontekstdə İrəvan üçün bu RLS-in tədarükü müəyyən başağrısı da gətirə bilər. Hindistanın isə, Ermənistandan fərqli olaraq, Rusiyadan miqyasına və alıcılıq potensialına görə bəzi güzəştlər əldə edəcəyi mümkündür”.
Beləliklə, proseslərin gedişi göstərir ki, Ermənistanı Hindistanla yaxanılışması bu ölkəyə baha başa gələcək. Digər tərəfdən, onun aldığı kontrbatareya da düşmənə hansısa üstünlük qazandırmır. Düzdür, kontrbatareya mübarizəsi radarları müasir artilleriya müharibəsində çox mühüm əhəmiyyətə malikdir. Bu radiolokasiya stansiyaları hədəfə doğru uçan mərmiləri təsbit edir və onun trayektoriyasını, hansı nöqtəyə düşəcəyini və atəşin açıldığı artilleriya qurğusunun koordinatlarını müəyyənləşdirir. Nəticədə rəqib həmin mövqeyə dərhal əks-zərbə endirmək imkanı qazanır.
Qeyd edək ki, Azərbaycan öz ordusunu müasir kontrbatareya radarları ilə çoxdan təchiz edib və bu komplekslər 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun artilleriya bölmələrinin yerini dərhal təsbit edib onlara zərbə endirməyə imkan yaratmışdı. Həmin vaxt Ermənistan ordusunun silahlanmasında bu texnika yer almırdı. İndi Hindistandan alınan kontrbatareyalar Azərbaycan ordusunun ixtiyarında olanlarla müqayiəsədə xeyli geridə qalır. Ermənistan isə hərbi sahədə Azərbaycanla arasında yaranmış böyük fərqi hər vəchlə minimuma endirməyi hədəfləyir. Ancaq Ermənistan hökumətinin buna nail olması da mümkünsüz sayılır. Digər tərəfdən Azərbaycan ordusu da yerində saymır. Erməni ekspertlər özləri də həmişə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib. Söhbət təkcə hərbi heyətin və hərbi texnikaların say fərqindən getmir, həm də silahların keyfiyyəti bura daxildir. Üstəlik, Azərbaycanla Ermənistanın hərbi büdcə göstəricilərindəki kəskin fərqlər İrəvanın əleyhinə işləyir. Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 853 milyon manat xərc nəzərdə tutulur. Bu isə 2019-cu illə müqayisədə 21 faiz çoxdur. Ermənistanın isə 2020-ci il çün hərbi büdcəsi 634 milyon dollar təşkil edəcək. Bu hal Bakının hərbi üstünlüyünün yüksəlməsinə əlavə təkan verir. Elə politoloq Qabil Hüseynli də bildirir ki, Ermənistanın hazırda bir çox sahədə ciddi silah çatışmazlığı var. Onun sözlərinə görə, Ermənistan Rusiyadan aldığı silahların çeşidini də çoxaldıb: “Ermənistan Azərbaycanla hərbi sahədə yaranmış fərqi aradan qaldırmaq üçün başqa ölkələrdən silah almağa meyllənib”. Ekspertin fikrincə, Azərbaycanın bütün sahələr üzrə potensialı Ermənistanla müqayisəyəgəlməz səviyyədə üstündür. O, Azərbaycanın hərbi-texniki sahədə tərəfdaşlarının çox olmasına da diqqət çəkib. Politoloq Azərbaycanın yeni silahlar almaq istiqamətində danışıqlar apardığını xatırladıb:“Azərbaycan, Ermənistandan fərqli olaraq, bir çox ölkələrlə hərbi-texniki əməkdaşlıq edir. Azərbaycan ən müasir silahlar, xüsusilə raketlər alır və bu proses davam edəcək. İsraildən ən müasir dronlar almaqda davam edirik. Uzaq məsafədə hədəfləri vura bilən raketlərin alınması istiqamətində isə Ukrayna və Belarusla danışıqları başa çatdırıb. Yaxın zamanlarda bu, praktiki məcrada həyata keçiriləcək. Ona görə də Ermənistanın silahlanma yarışında Azərbaycana çatması mümkünsüzdür”. Digər tərəfdən o da faktdır ki, bu gün Azərbaycan postsovet ölkələri arasında hava hücumundan müdafiə sisteminə görə Rusiyadan sonra ən yüksək səviyyədədir. Hərbi Hava Qüvvələrinin silahlanmasına uzaqmənzilli S-300 PMU-2 "Favorit”, "Buk-MB”, orta mənzilli S-125 "Peçora TM-2”, "Osa-AKM”, "Spider”, qısa mənzilli "Kruq”, "Strela” və digər komplekslər daxildir. Azərbaycan İsraildən bir divizion "Barak-8” kompleksi də əldə edib. Ölkəmizdəki belə sistemlər ballistik və aerodinamik hədəfləri məhv etmək imkanına malikdir. Düşmən isə bütün bunlardan məhrumdur və həmin silahların bir çoxü Ermənistan üçün əlçatmaz görünür.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.