Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Daxili İşlər naziri Vilayət Eyvazova məktub göndərib. Məktubda AŞ komissarı iddia edir ki, guya bu günlərdə keçirilən aksiyalarda polis iştirakçılara qarşı zor tətbiq edib. Bu səbəbdən onlar bundan narahatdır.
Ən qəribəsi odur ki, D.Miyatoviç aksiyaları işıqlandıran jurnalistlərin guya amansız rəftara məruz qaldıqlarını iddia edib: “Etiraz aksiyalarını işıqlandıran jurnalistlər etiraz aksiyaları dağıdılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qoyulub”.
Cavab məktubunda Daxili İşlər naziri Vilayət Eyvazov bildirib ki, bir qrup şəxs nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu MSK qarşısında etiraz aksiyaları keçirirdi. Təşkilatçılar polisə dəvət olunub və onlara əməllərinin qanunsuz olduğu bildirilib. Buna baxmayaraq, fevralın 16-da 120 nəfər MSK qarşısında yığışıb, vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq, qanunsuz mitinq keçirməyə cəhd edib: “Bu zonada yaşayan vətəndaşların DİN-ə daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib. Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar. Bunu nəzərə alaraq, polis aksiyanın xüsusi aqressivliyi ilə fərqlənən iştirakçılarını saxlayıb”.
Jurnalistlərə qarşı zorakılıq faktlarına gəlincə, nazir səmimi təəccüb ifadə edərək, jurnalistlərə qarşı, ümumiyyətlə, zorakılıq olmadığını, əksinə, bəzi jurnalistlərin qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olduğunu bildirib.
Həqiqətən də aksiyanı işıqlandıran jurnalistlərin hansısa təzyiqlə üzləşdiyini iddia etmək doğru deyil. Çünki belə olsaydı, o zaman bunu gizlətmək mümkün olmazdı. O üzdən, jurnalistlərin guya amansız rəftara məruz qaldıqları ilə bağlı D.Miyatoviçin səsləndirdiyi fikirlər tamamilə əsassızdır.
“Hesab edirəm ki, bütün bunlar Dunya Miyatoviçin qərəzli yanaşmasından irəli gəlir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, D.Miyatoviçin media mənsubları ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir: “Parlament seçkiləri arxada qalıb. MSK bir sıra dairələrdə buraxılan nöqsanlara görə nəticələri ləğv edib. Belə ki, 4 seçki dairəsinin və bir neçə məntəqənin nəticələri ləğv edilib. Ancaq görünən odur ki, bütün bunlar Azərbaycanı istəməyən dairələri qane etmir. Ona görə də həmin dairələr adi bir məsələni şişirdib bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. D.Miyatoviçin səsləndirdiyi məlum fikirlər də bu prosesin tərkib hissəsidir. Aydın məsələdir ki, seçkinin nəticələrindən bütün namizədlər razı qala bilməzlər. Təbii ki, seçkidə bir namizəd qalib olur və çox vaxt digərləri nəticədən narazı qalır. Bu da normal haldır. Narazı qalan bəzi namizədlər bununla bağlı MSK-ya müraciət ediblər. Elələri olub ki, MSK qarşısında icazəsiz aksiya keçirməyə cəhd ediblər. Bütün bunları əsas götürüb guya jurnalistlərin təzyiqə məruz qaldığını iddia etmək doğru deyil. Hətta jurnalistlərin amansız rəftara məruz qaldıqları ilə bağlı irəli sürülən fikirlər reallığı əks etdirmir. Hesab edirəm ki, bütün bunlar D.Miyatoviçin qərəzli yanaşmasından irəli gəlir”.
Vidadi ORDAHALLI