Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatına toxunub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərilə Türkiyə XİN başçısının görüşü barədə sualı və Anna Nağdalyanın cavabını təqdim edirik.
Sual: “Türkiyə Xarici İşlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutdu. Türkiyənin Dağlıq Qarabağ sülh prosesində iştirakını necə qiymətləndirirsiniz?”
Cavab: “Artıq ER Xarici İşlər nazirinin müvafiq reaksiyası olub. Əlavə edək ki, Ermənistana və erməni xalqına qarşı dost olmayan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycana birtərəfli hərbi-siyasi dəstək verilməsində öz əksini tapan siyasətlə Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində heç bir rol oynaya bilməz”.
Qeyd edək ki, Ermənistanın bu narahatlığı ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyədə Çavuşoğlu ilə görüşündən sonra artıb. Ermənistanın Xarici İşlər naziri həmin məsələyə münasibəti müqəddəs kitablarda müəyyən sitatlar gətirməklə cavablandırıb. Doğrudanmı Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində heç bir rol oynaya bilməz?
Akif Nağı: “Türkiyənin proseslərə müdaxiləsi bu məsələ ilə bağlı ədalətli qərarın qəbul edilməsinə köməklik göstərəcək”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin bu canfəşanlığının köklü səbəbləri var: “Türkiyə regionda fəaliyyətini bir az da canlandırıb. Xüsusilə də Suriyada, İdlibdə konkret, sərt addımlar atır, öz mövqeyini müdafiə edir. Düşünürəm ki, oradakı proseslərin Dağlıq Qarabağ probleminin həllinə də təsiri ola biləcək. Bilirsiniz ki, Rusiya ilə Türkiyə liderləri arasında görüş olacaq. Bütün dünyanın gözünün dikildiyi bu görüşdən gözləntilər çoxdur. Hesab edirəm ki, həmin görüşdə əldə ediləcək razılaşmanın Dağlıq Qarabağ məsələsinin həllinə də təsiri olacaq. Ermənilər Türkiyənin çox gücləndiyini görüb, narahat olurlar. Onlar hər zaman Türkiyənin Dağlıq Qarabağla bağlı atmaq istədiyi vasitəçilik səylərinə qarşı olublar. 1997-ci ilin əvvəlində üç həmsədr institutu formalaşanda Azərbaycan Türkiyəni həmsədr kimi təqdim etmişdi, ancaq ermənilər əleyhinə oldular. Yəni Ermənistan indi də Türkiyə ilə bağlı ənənəvi mövqeyini sərgiləyir. Hadisələrin gedişi göstərir ki, Türkiyə Dağlıq Qarabağ probleminin nizama salınması ilə ciddi məşğul olmağa başlayıb. Həmsədrlərin də Türkiyədə M.Çavuşoğlu ilə görüşməsinin kökündə bu amil dayanırdı. Bu çox düzgün yoldur. Türkiyənin proseslərə müdaxiləsi bu məsələ ilə bağlı ədalətli qərarın qəbul edilməsinə köməklik göstərəcək. Türkiyənin prosesə istənilən vaxt müdaxilə etmək haqqı var. Həm Minsk Qrupunun üzvüdür, həm də proseslər onunla həmsərhəd olan iki dövlətin arasında cərəyan edir”.
Məhəmmədəli QƏRİBLİ