Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan aprel ayının 5-də bu ölkədə keçiriləcək referendum üçün hazırlanan təşviqat materialını sosial şəbəkə hesabında paylaşıb. “Qürurlu vətəndaş pasporu” olaraq adlandırılan təşviqat materialında Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı göstərilib.
5 aprel referendumundan əvvəl Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidardakı “Mənim addımım” partiyası tərəfindən həyata keçirilən “Bəli” kampaniyasının təşviqat materialının üz qabığında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı və Ermənistan xəritəsinin rəngində təqdim edilib.
Bu günə kimi Ermənistan rəhbərliyi Azərbaycan ərazilərini işğal etdiklərini inkar etməyə çalışıb. Daha əvvəl Ermənistanın rəsmi qurumları və rəsmi şəxsləri tərəfindən hazırlanan sənədlərdə Azərbaycanın işğal altında olan əraziləri heç vaxt Ermənistan ərazisi kimi göstərilməyib. Dağlıq Qarabağ bölgəsi, ona bitişik ətraf rayonlar BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınıb və bunu quruma üzv olan digər dövlətlər kimi Ermənistan da rəsmən qəbul edib.
Nikol Paşinyan və Ermənistanın əvvəlki rəhbərliyi Azərbaycan ərazilərinin işğalını yerli erməni əhalinin “azadlıq mübarizəsi” kimi təqdim etməyə çalışıblar. Hazırlanan qeyri-rəsmi xəritələrdə Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı göstərilsə də, Ermənistanın tərkib hissəsi kimi təqdim olunmayıb. Ancaq Paşinyanın rəhbərlik etdiyi “Bəli” kampaniyasının təşviqat materialının üz qabığnda yer alan xəritə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunun etirafıdır.
Maraqlıdır, bəs ekspertlər Paşinyanın bu avantürasına necə yanaşırlar?
“Paşinyan korrupsiyadan, ağır sosial-iqtisadi vəziyyətdən ictimaiyyətin diqqətini yayındırmaq üçün bilərəkdən bu cür təxribatlara gedir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Paşinyan bu addımı atmaqla Azərbaycanı provokasiyaya çəkmək istəyir: “Bu, Paşinyanın birinci təxribatı deyil. Paşinyan əvvəlki dövlət başçılarından fərqli olaraq, bir neçə dəfə Ermənistanın təhlükəsizlik şurasının iclasını bilərəkdən Xankəndidə keçirib. Münhen debatında bütün parametrlər üzrə Azərbaycan Prezidentinə uduzduqdan sonra revanş götürməkdən ötrü yenidən Xankəndinə gəldi və orada analoji iclası keçirdi. Bu açıq-aşkar təxribat idi. Bu təkcə Azərbaycana deyil, eyni zamanda, beynəlxalq birliyə ünvanlanmış bir mesajdır. Bu o deməkdir ki, artıq Ermənistan tərəfi Azərbaycanın torpaqlarının işğalı faktını ört-basdır etmək istəmir. Hesab edirəm ki, bütün bunlara bölgədə baş verən regional gərginlik kontekstində yanaşmaq lazımdır. Ermənistanın özündə Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlardan sonra bir qorxu yaranıb. O da ondan ibarətdir ki, Türkiyə Qarabağ probleminin həlli ilə bağlı danışıqlara girişə bilər. Rusiya ilə bu məsələdə müəyyən razılıqlar əldə edilə bilər. O halda, Ermənistanın duruş gətirə bilməyəcəyi birmənalıdır. Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlərdən də Ermənistan narahatdır. Bununla belə, Paşinyan Ermənistanda korrupsiyadan, ağır sosial-iqtisadi vəziyyətdən ictimaiyyətin diqqətini yayındırmaq üçün bilərəkdən bu cür təxribatlara gedir. Bununla Ermənistan tərəfini müharibə faktoru qarşısında qoymaq istəyir. Bu cür yolla problemin həllini uzatmaq və mövcud status-kvonu qoruyub saxlamaq istəyir. Çünki mövcud status-kvo Ermənistanın maraqlarına cavab verir”.
Vidadi ORDAHALLI