Bakı və Ankara arasında hərbi sahədə də dinamik inkişaf edən əlaqələr Ermənistanda böyük təşviş yaradır. Xüsusən də cari il ərzində Azərbaycanın Türkiyədən yeni silahlar almağa hazırlaşması fonunda düşmənin narahatlığı böyüyür. Bu narahatğıla başlıca səbəb isə Türkiyə ordusunun Suriyada keçirdiyi uğurlu əməliyyatlar və bu zaman yerli istehsal olan hərbi texnikadan geniş şəkildə istifadə olunmasıdır. Söhbət ilk növbədə pilotsuz uçuş aparatlarından (PUA) gedir.
Erməni ekspert Ruben Safrastyan bildirir ki, belə aparatların Azərbaycana verilməsi Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülməsi halında Ermənistan üçün böyük problem yaradacaq. Erməni ekspert Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün bundan öncə Bakıya səfər etdiyini və Azərbaycanla yeni hərbi əməkdaşlıq müqavilələri imzaladığını xatırladıb:“Məni ən çox Türkiyənin Azərbaycana verəcəyi silah komponenti narahat edir. Türkiyə Azərbaycanı müasir silah və hərbi texnika ilə təmin edəcəyinə vəd verib. Çox güman ki, söhbət Bakının başqa müttəfiqlərdən ala bilmədiyi silahdan gedir. Bura ilk olaraq Suriyada Türkiyənin uğurla tətbiq etdiyi PUA-lar daxildir”. Ekspertlər qeyd olunan xüsusda erməni tərəfinin narahatlığının, əslində əbəs olmadığını bildirir.
Hazırda Türkiyə ordusunun istifadə etdiyi pilotsuz uçuş aparatlarının Əsəd rejiminin qüvvələrini məhv etməsi dünya gündəmindən düşmür. Dünya mediasında yayılan məlumata əsasən, ilk dəfə bir ölkənin PUA-sı başqa bir ölkənin hava məkanını idarə edir. ABŞ-ın "Blumberq" portalı "Ankara texnoloji gücünü göstərdi" başlığı ilə yaydığı xəbərdə bu günə qədər görünməmiş sayda təyyarənin koordinasiyalı şəkildə hərəkət etdiyini diqqətə çatdırıb: "Uzaqdan idarə olunan onlarla PUA Suriya bazasını, kimyəvi döyüş tanklarını və hətta bir neçə qırıcı təyyarəsini vurdu". Türk ekspert Can Acun isə qeyd edir ki, Türkiyə İdlibdə dünya hərb tarixinin ilk PUA hava əməliyyatını həyata keçirib: “Bunun analoqu yoxdur. Bu, hərb ədəbiyyatına Türkiyənin qazandırdığı yeni müharibə texnikasıdır. Əsəd rejimi 8-9 illik Suriya müharibəsi zamanı belə ağır itki verməyib. Türkiyə Suriya xalqı üçün sadəcə bir neçə gündə bütün dünyanın 9 il ərzində etdiyindən daha çox iş gördü. Türkiyə Silahlı Qüvvələrinin bu əməliyyatından sonra Əsəd rejimi əvvəlki kimi mülki əhalini bombalaya bilməyəcək”. Həqiqətən də Türkiyə ordusu pilotsuz və silahlı pilotsuz təyyarələri kütləvi şəkildə tətbiq etməklə Rusiya aviasiyasının Əsəd ordusunun illərdir davam edən müharibədə əldən düşmüş nizamsız bölmələrinə verdiyi hava dəstəyini son günlər ərzində xeyli neytrallaşdıra bilib. İndi qardaş ölkənin müasir PUA-larının Azərbaycanda da peyda olması erməni tərəfi üçün müsbət heç nə vəd etmir.
PUA-larla bağlı Azərbaycan, ümumiyyətlə, böyük nailiyyətlərə imza atmağı bacarıb. Belə aparatların həm yerli istehsalı həyata keçirilir, həm də Azərbaycan onun idxalını reallaşdırır. Qeyd edək ki, bu vaxta qədər Azərbaycan pilotsuz uçuş aparatlarını əsas etibarı ilə İsraildən alıb. Lakin yaxın tezlikdə qardaş Türkiyədən də belə aparatların alınması gözlənir. Söhbət burada ilk olaraq “Akıncı” PUA-larından gedir. “Baykar Holdinq” tərəfindən istehsal edilən “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 6 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tamamilə avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir. “Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Dronun faydalı yükgötürmə qabiliyyəti 350 kiloqrama qədərdir. Bu imkanı sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Dronların “Bayraktar Akıncı” modeli isə ümumiyyətlə strateji təyinatlı pilotsuz döyüş təyyarələridir. Onlar daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. Qanadlarının eni 20 metrdir. “Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 qanadlı raketi, “Gökdoğan”, “Bozdoğan”, SOM kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edərək komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-birilə koordinasiya halında olur. Aydındır ki, “Akıncı” dronları və onların təchiz edildiyi silahlar Türkiyənin müdafiə sənayesinin istehsalı olduğu üçün Azərbaycanın bunları əldə etməsinə heç bir kənar siyasi əngəl ola bilməz.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan artıq İsrialdən müxtəlfi növ PUA-lar alıb. Onlardan biri isə ötən ildən ordumuzun iztiyarına verilən “SkyStriker” pilotsuz uçuş aparatlarıdır. İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “SkyStriker” “gəzən sursat” və ya başqa sözlə, kamikadze pilotsuz uçuş aparatının ilk xarici istifadəçisi Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. Bu qurumun ardınca Müdafiə Nazirliyi də “SkyStriker”iin istifadəçiləri sırasına qoşulub.
Bir daha qeyd edək ki, Azərbaycan sözügedən hərbi pilotsuz uçuş aparatlarını əldə edən ilk xarici ölkədir. Özü də “SkyStriker” digər pilotsuz uçuş aparatlarından bəzi xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Onlar daha çox dəqiqliyə və uzaq məsafələrdəki hədəfləri vurmaq qabiliyyətinə malikdirlər. Qeyd edək ki, “SkyStriker” və ya başqa adı ilə desək, kamikadze dron o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir. "SkyStriker" iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətəlayiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər. Onun əməliyyat sistemi istənilən hədəfi istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir. Onu istehsal edən “Elbit Systems” isə İsrail hərbi sənaye kompleksinin PUA istehsalı üzrə ixtisaslaşmış dünyaca məşhur şirkətidir. İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “SkyStriker” “gəzən sursat” və ya başqa sözlə, kamikadze pilotsuz uçuş aparatının ilk xarici istifadəçisi Azərbaycanın Dövlət Sərhəd Xidməti olub. Bu qurumun ardınca Müdafiə Nazirliyi də “SkyStriker”iin istifadəçiləri sırasına qoşulub.
Onu da xatırladaq ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin "Israel Aerospace Industries" şirkətinin istehsalı olan "Harop" və "Aeronautics Defense Systems" şirkətinin istehsalı olan "Orbiter 1K" ("Zərbə-K") birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib. "Harop"dan fərqli olaraq, "SkyStriker" və "Orbiter 1K", demək olar ki, səssizdir, çünki onlar elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Bununla yanaşı, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə ölkəmizlə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. İndinin özündə ordumuzda istifadə edilən “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. Ümumiyyətlə, İsrail yalnız öz ordusuna verdiyi və digər ölkələrin malik olmadığı pilotsuz uçuş aparatlarının istehsalını Azərbaycana etibar edir. Qeyd edək ki, Azərbaycan da dünyada zərbə pilotsuz aparatlara malik olan azsaylı ölkələrdən biridir. İndilikdə belə görünür ki. Azərbaycan yaxın tezlikdə Türkiyədən də PUA-lar alacaq. Onsuz da Türkiyə ilə də işbirliyi sayəsində yeni hərbi texnikaların alışı və istehsalı uğurla həyata keçirilir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın hərbi qüdrətini daha da artırır. Elə Ermənistanı da qorxudan əsas məqamlardan biri məhz budur. Əslində, hərb müstəvisində Azərbaycanın düşmən Ermənistan üzərində kifayət qədər böyük üstünlüyə malik olması bu gün həm beynəlxalq miqyasda, həm də işğalçı ölkənin özündə belə açıq şəkildə etiraf olunur. Eyni zamanda ona da diqqət yetirilir ki, ötən dövr ərzində Azərbaycanın hərbi qüdrəti artdığı halda, Ermənistanda bunun tamamilə əksi yaşanıb. Hadisələrin bu səpkidə inkişafı Azərbaycanın qısa müddətdə düşməni hərbi müstəvidə darmadağın etməsinə tam şərait yaradır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.