Bu gün Ermənistan iqtidarı üçün ən böyük problemlərdən biri də Corc Sorosun muzdlularının cəmiyyətdə böyük antipatiya yaratması, həmçinin ölkənin xarici siyasət əlaqələrinə ciddi zərbə vurmasıdır. Məsələ burasındadır ki, hakimiyyətdə məhz Corc Sorosun muzdluları bir çox vəzifələrdə təmsil olunur. Məsələ vaxtaşırı gündəmə gəlsə də, baş nazir Nikol Paşinyan problemin çözümü istiqamətində hansısa addım atmayıb. Erməni mediası yazır ki, əslində, Paşinyanın özünün də iqtidara gəlişində Corc Sorosun rolu olduğundan, o bu şəxsə bağlı insanlara qarşı hansısa addım ata bilmir.
Amma problem həm də bundadır ki, Paşinyanın “məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi də Corc Sorosun muzdluları üzündən baş verir. “Soros Fondu”nun Ermənistandakı əsas koordinatorlarından biri sayılan baş nazirin müavini Tiqran Avinyanın isə hələ də ölkə həyatı ilə bağlı bütün məsələlər barədə Corc Sorosa birbaşa məruzə etməsi barədə məlumatlar səslənir. Bunları şərh edən Ermənistanın VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan bildirir ki, Sorosun Ermənistan iqtidarındakı adamları ölkəni sadəcə məhvə doğru sürükləməkdə davam edir və Paşinyan buna qarşı hansısa addım atmağa cəsarət etmir:“İndi hakimiyyətin qollarını ələ keçirmiş oliqarx Corc Sorosun muzdluları pul qarşılığında fəaliyyət göstərməyə və Ermənistan vətəndaşlarını xarici gündəmə məcbur etməyə davam edir, bunu açıq və məkrli şəkildə edir”. Malyanın sözlərinə görə, Sorosçular hər şeyi məhv edir, əsasən xüsusi xidmət və hüquq-mühafizə orqanlarını hədəfə alırlar: “Onlar zabitlərə, vətənpərvərlərə, adət-ənənələrə nifrət edirlər, onlara yalnız bir şey lazımdır: hər hansısa dövlətin olmaması üçün dövləti məhv etmək. Bunu yoxlamaq istəyirsinizsə, Sorosun qondarma əsərlərini oxuyun. Siz onun nə əldə etdiyi barədə çox şey biləcəksiniz. Onun planlarında dövlətlərin güclənməsi və sair kimi şeylər barədə söz yoxdur. Sorosçuların məqsədi zabit heyətini gözdən salmaq, hüquq-mühafizə sistemini, ordunu dağıtmaq, dövləti məhv etməkdir. Sorosçuların fəaliyyəti nəticəsində ölkəmizin milli təhlükəsizliyinə ziyan vurulduğunu dəfələrlə bildirmişik. Bu ofisdən ölkəmizə qarşı işləyənlərə maliyyə ayrılır, pozğunluğa rəvac verilir. Bizim qanunlar ölkəmizin təhlükəsizliyinə xələl gətirən hər hansı təşkilatın fəaliyyətinə yol vermir. Amma Paşinyan bu qanunları pozur. Sorosa bağlı təşkilatın qadağan olunması barədə məhkəmə iddiası qaldırmağa belə yol verilmir”.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi David Şahnazaryan da qeyd edir ki, erməni xalqının məhvində Sorosun adamları indi xüsusi rol oynayır. O bildirir ki, Corc Sorosun qrantından istifadə edən beynəlxalq təşkilatlar Ermənistanda baş vermiş “məxməri inqilabı” hətta Dağlıq Qarabağda da həyata keçirməyə çalışırlar. Siyasətçinin sözlərinə görə, bu proseslərə orada cari il martın 31-də keçiriləcək “seçkilər” zamanı start verilməsi də tamamilə gözləniləndir. O, Sorosun hələ də Ermənistana müdaxiləsinə Paşinyanın hansısa müqavimət göstərməməsini yenə pul amili ilə izah edib. Şahnazaryanın sözlərinə görə, indi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları məhz Sorosdan böyük həcmdə pullar alır. Bu səbəbdən də Paşinyan Sorosa qarşı heç bir addım atmır. Erməni siyasətçi bu vəziyyətdə ölkə vətəndaşlarını beynəlxalq təşkilatların fəaliyyətini nəzarətdə saxlamağa çağırıb və onları maliyyələşdirən Corc Soros fondunun rəhbərinin bu ölkədə “məxməri inqilab”a kömək etdikləri barədə bəyanatını xatırladıb. O, hüquq-mühafizə orqanlarını da beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı tədbirlər görməyə, onların fəaliyyətini qadağan etməyə səsləyib. Rusiyalı ekspert Vitali Arkov isə bildirir ki, məhz Sorosun fəaliyyəti nəticəsində Ermənistanın Moskva ilə problemləri dərinləşməkdə davam edir:“Nikol Paşinyan və onu nəzarətdə saxlayan Corc Soros “yuvasının quşları” daha fəal şəkildə Rusiya ilə münasibətləri pozmaqda davam edir. İrəvan üçün acı həqiqət budur ki, bütün bu illər ərzində Ermənistan yalnız Moskvanın dəstəyi sayəsində fəlakətə uğramayıb. Paşinyan hökumətinin Ermənistanı yönəltdiyi Qərb ölkələrindən heç biri Rusiya kimi İrəvana kömək etməyəcək. Ermənistandakı vəziyyət indi gördüyümüz eyni ssenariyə uyğun inkişaf edərsə, Paşinyan və komandasının hakimiyyəti əllərində saxlaması getdikcə daha çətin olacaq. Getdikcə aydın olur ki, Ermənistan klassik bir sxemlə inqilabdan diktaturaya doğru gedir. Bunu da Soros və digər Qərb təşkilatlarından gələn göstərişlərə əsasən edir. Belə vəziyyət erməni cəmiyyəti kimi Rusiyanı da qane etmir. Amma Paşinyan bunları hələ də reallıq kimi qəbul etməkdə çətinlik çəkir”. Kreml, əslində, Paşinyanın komandasında Soros Fondu ilə əlaqəli rusiyafob baxışda olanların sayının çox olmasının fərqindədir. Bu xüsusad Paşinyana edilən xəbərdarlıqlar isə istənilən nəticəni vermir. Bu səbəbdən Moskvanın daha sərt formada Paşinyana qarşı hərəkətə keçməsi istisna olunmur.
Nahid SALAYEV