Türkiyənin Suriyada başlatdığı antiterror əməliyyatına az qala bütün dünya dəstək verir. Bəllidir ki, PKK və bu kimi digər terror qruplaşmalarına qarşı yönələn mübarizə dünyanı təhdid edən təhlükələrin qarşısını almaqdan ötrüdür.
Bu məqamda yada salmaq lazımdır ki, Türkiyə mətbuatı zaman-zaman PKK üzvlərinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçdiyi barədə məlumatlar dərc edib. Artıq bir sıra analitiklər hesab edirlər ki, Türkiyə İdlib olaylarından tam qalib çıxandan sonra Dağlıq Qarabağla bağlı səylərini artıracaq. Bura istər diplomatik, istərsə də hərbi səylər aid edilir. Çünki Türkiyə və müttəfiqləri terrorun kökünü kəsmək üçün Qarabağda da antiterror əməliyyatlarına başlaya bilmələri üçün əllərində kifayət qədər zəmin var.
Ermənistan artıq bundan ciddi əndişələnməyə başlayıb. Hər vəchlə Türkiyənin Yaxın Şərqdə oynadığı rolu qaralamağa çalışırlar. Ancaq çox kiçik bir ölkə kimi Ermənistanın həmin proseslərə təsir imkanları, demək olar ki, yoxdur. Belə olan təqdirdə, İdlib hadisələrinin yekunlaşması və Türkiyənin prosesdən qalib çıxmasının Qarabağla bağlı prosesə nə kimi təsiri ola bilər?
Qabil Hüseynli: “Türkiyənin oradan tam qalib ayrılması onun regional güc kimi statusunu daha da artırar”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İdlib Türkiyənin milli təhlükəsizliyinə bağlı olan məsələdir: “Türkiyə həmin ərazidə fəaliyyət göstərən YPX və PKK-nın güclərini zərərsizləşdirir. Bunu da onunla əsaslandırır ki, həmin güclər Türkiyə üçün təhdid obyekti sayılır. Türkiyə, faktiki olaraq, terrorla mübarizə adı ilə oradadır. Suriya ərazisi terrorçuların ən sıx dislokasiya olunduğu ərazi sayılır. Buna baxmayaraq, İdlib məsələsində Türkiyənin qalib çıxdığını iddia etmək çox tezdir. Hazırda orada Rusiya var və açıq şəkildə Əsədə kömək edir. Buna görə də İdlibin asanlıqla Türkiyənin nəzarətinə keçəcəyini iddia etmək hələ şübhəlidir. Dağlıq Qarabağ probleminin həlli ilə İdlib məsələsini eyniləşdirmək doğru olmazdı. Türkiyənin İdlibdə qalib gəlib-gəlməməsindən asılı olmayaraq, Ankara Dağlıq Qarabağ probleminin həllinə yaxından dəstək verir. Ancaq Türkiyənin oradan tam qalib ayrılması onun regional güc kimi statusunu daha da artırar. Bunun çox böyük əhəmiyyəti ola bilər. Lazım gəlsə, Dağlıq Qarabağla bağlı problemə daha aktiv müdaxilə edə bilər. Ümumiyyətlə, Türkiyənin Suriya prosesinə təsiri güclənərsə, onun nüfuzu daha da artar. Bunun da nəticəsində onun Qarabağ məsələsində sözünün çəkisi daha da artar. Hesab edirəm ki, qarşıdakı zamanda biz Türkiyənin Dağlıq Qarabağla bağlı aktivliyinin artacağını görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ