Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. Dövlət başçısı heykəlin önünə gül dəstələri qoyub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirir, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq, dövlət başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımi şərait yaradılıb, o cümlədən, oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.
Heykəlin postamenti də yenilənib. Köçürülmə prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.
Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bunun, eyni zamanda, böyük siyasi əhəmiyyəti də var. Ölkə başçısının abidəni etdiyi ziyarətdən sonra onun Şah İsmayıl Xətainin heykəli önündə çəkdirdiyi foto sosial şəbəkələrdə böyük rəğbətlə qarşılandı. Çoxlu sayda sosial şəbəkə istifadəçisi məlum fotonu örtük şəklinə çevirdi. Bununla İlham Əliyev bir daha müasir Azərbaycan dövlətinin tarixi dövlətçilik ənənələrimizə necə sadiq olduğunu göstərmiş oldu. Prezident İlham Əliyev Azərbaycan dövləti adından daim milli dövlətçilik tariximizə böyük ehtiram göstərir.
Bildiyimiz kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli, 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırıldı. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu.
2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edir. Azərbaycanda tarixdə iz buraxmış bütün şəxsiyyətlərin adına küçə var, onların şərəfinə heykəllər ucaldılıb.
İndiki tarixi mərhələdə hər bir siyasi liderin fəaliyyətini bütün dünya izləyə bilir. İnformasiya-kommunikasiya vasitələri elə inkişaf edib ki, dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Bu, bir tərəfdən, liderlərin göz önündə olmasını təmin edir. Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət vermək işini asanlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər.
Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında İlham Əliyevin gərgin zəhmətinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir, onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda heç bir siyasi lider barəsində bu cür fikirlər bildirmirlər. Bunlar İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsinə böyük ehtiyac duyulduğunu göstərir. İlham Əliyevi daha da ucaldan amillərdən biri də onun milli dövlətçiliyimizin tarixinə, şəxsiyyətlərinə göstərdiyi ehtiram və hörmətdir.
Məhəmmədəli QƏRİBLİ