Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak edib.
Nümayəndə heyətində elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Qarabağ tarixi şöbəsinin müdiri Güntəkin Nəcəfli və Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin aparıcı elmi işçisi Vaqif Abışov yer alıblar.
Nümayəndə heyəti əvvəlcə Türkiyə Prezidenti Administrasiyası yanında fəaliyyət göstərən Millət Kitabxanasına gedib və institutun erməni saxtakarlığını ifşa edən mühüm nəşrlərini kitabxanaya təqdim edib. Sonra institutun aparıcı elmi işçisi Vaqif Abışov Nevşehir Hacı Bektaş Veli Universitetində Xocalı soyqırımına həsr olunan konfransda çıxış edib. Daha sonra Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankaradakı Yıldırım Bəyazid Universitetinin birgə təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyilə “Xocalı soyqırımı və Dağlıq Qarabağın işğalı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu arada o da məlum olub ki, Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə də başlanıb. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitetin ərazisində yerləşdiriləcək. Layihəyə elmi dəstək göstərən isə AMEA-nın Tarix İnstitutudur.
Bütün hallarda, Türkiyənin paytaxtında Xocalı soyqırımı ilə bağlı abidə kompleksinin tikilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, sözügedən dəhşətli soyqırımın Türkiyə ictimaiyyəti tərəfindən unudulmaması məqsədi daşıyır. Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
“Bütün dünya görsün ki, 28 il əvvəl Xocalıda günahsız insanlar vəhşicəsinə qətlə yetirilib”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, Ankarada Xocalı soyqırımı ilə bağlı abidə kompleksinin ucaldılmasına qərar verilməsi vacib tarixi və siyasi əhəmiyyətə malikdir: “Çünki biz bütün dünya ictimaiyyətindən umuruq ki, Azərbaycanın bu haqq səsinə səs versinlər. Bütün dünya görsün ki, 28 il əvvəl Xocalıda günahsız insanlar vəhşicəsinə qətlə yetirilib. Ona görə də bunu bütün dünya ictimaiyyətinə yaymaq lazımdır. Bu baxımdan da təbliğatın böyük rolu var. Təkcə kitab və məqalə yazmaqla iş bitmir. Bunu təbliğ etmək üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Yəni təkcə bununla bağlı kitablar yazmaq, məqalələr dərc etmək, filimlər çəkmək yetərli deyil. Bütün bunlarla yanaşı, baş verən faciəni tarixdə yaşatmaq üçün abidə kompleksi ucaldılmalıdır. Türkiyənin paytaxtı Ankarada belə bir abidənin ucaldılmasına qərar verilməsi vacib hadisədir. Dünya ictimaiyyəti Türkiyə Respublikasında bu abidəni görərsə, o zaman Xocalı soyqırımı daha geniş müstəvidə tanınar. Bunun da həm siyasi, həm də tarixi baxımdan əhəmiyyəti böyükdür. Ona görə də Türkiyə dövlətinin buna qərar verməsi alqışalayiqdir”.
Vidadi ORDAHALLI