Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Çavuşoğlu Minsk Qrupunun həmsədrlərini və ATƏT sədrinin xüsusi nümayəndəsi Kaspirşiki paytaxt Ankarada qəbul edib.
Çavuşoğlu görüşlə bağlı şəxsi “Twitter” səhifəsində yazıb. O qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.
Qeyd edək ki, Türkiyənin bu addımı Ermənistanı bərk qəzəbləndirib. Onlar qeyd edirlər ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olsa da, həmsədr ölkələr sırasına aid deyil. Ermənistan tərəfi, eyni zamanda, həmsədrlərə ona görə etiraz edir ki, onlar Atatürkün portretinin fonunda Dağlıq Qarabağ problemini müzakirə ediblər və söhbətin məğzi belə olub ki, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bildirilir ki, Ermənistan bu məsələdə Türkiyənin heç bir vasitəçilik səylərini qəbul etmir və bununla bağlı rəsmi İrəvan həmsədrləri məlumatlandırıb. Bunun ardınca isə erməni KİV-i qondarma qurumla Ermənistanın təhlükəsizliyinin eyni mahiyyət daşıdığını bildirir.
Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan da bu görüşdən möhkəm narahat olduğunu ifadə edib. O öz “Twitter” hesabında həmsədrlərin Çavuşoğlu ilə görüşünə İncildən sitatla cavab verib: “Həkim, özün-özünü sağalt”. Ermənistanın bu səviyyədə açıq narahatlıq ifadə etməsi nə ilə əlaqəlidir?
Elşən Həsənov: “Son proseslərin gedişi göstərir ki, Ermənistanı qarşıda ciddi imtahan gözləyir”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın narahatlığı əbəs deyil: “Hazırda Türkiyə Yaxın Şərqdə, daha doğrusu, öz sərhədləri ətrafında baş verən hadisələrə seyrçi qalmadığını nümayiş etdirir. Hətta ən aktiv aktor kimi proseslərə müdaxilə edir, dünyanın supergücləri ilə baş-başa gəlir. Ermənistanı bu amil ciddi narahat edir. Çünki Ermənistan dövlət olaraq Türkiyəyə qarşı açıq ərazi iddiaları irəli sürür. İki ölkə arasında diplomatik münasibətlər mövcud deyil. Türkiyə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə də biganə deyil. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirir. Həmsədrlərlə bu müzakirənin aparılması Ermənistanı narahat etməyə bilməz. Çünki Türkiyə həm də ATƏT-in Minsk Qrupunun üzvüdür. Zaman-zaman Türkiyənin həmsədrlərdən biri ilə əvəz edilməsi gündəmə gətirilsə də, Ermənistan buna kəskin etiraz edib. Ancaq dünyadakı reallıqlar dəyişir. Türkiyənin rolu əhəmiyyətli dərəcədə artıb. Yaxın zamnlarda biz bunu Dağlıq Qarabağla bağlı prosesdə də müşahidə edəcəyik. Güman edirəm ki, həmsədrlərin Türkiyəyə etdiyi səfər məhz bu amillə bağlıdır. Ermənistanın bu fondakı qışqır-bağırı nəyisə dəyişən deyil. Dünyada və regionda dəyişən reallıqlar bunu tələb edir. Son proseslərin gedişi göstərir ki, Ermənistanı qarşıda ciddi imtahan gözləyir. O, iki yoldan birini seçməlidir: ya işğaldan əl çəkmək, ya da burnunun əziləcəyini gözləmək”.
Məhəmmədəli QƏRİBLİ