Rusiya və Türkiyə arasında Suriyada yenidən dalana dirənən münasibətlərin dünya geosiyasətinə, o cümlədən Cənubi Qafqazda mövcud duruma necə təsir edəcəyi ilə bağlı indi ən müxtəlif fikirlər səslənməkdədir. Görünən budur ki, tərəflər arasında ziddiyyətlər hələ tam çözülməyib. Amma hər iki ölkə liderinin növbəti görüşündə tərəfdaşlıq münasibətlərinin qorunması istiqamətində müvafiq addımların atılması da gözlənir.
Regionun aparıcı ölkəsi olaraq Azərbaycan prosesi yaxından izləyir və hadisələrin gedişini öz maraqları çərçivəsinə uyğunlaşdırır. Baş verənlərdən daha çox əndişələnən tərəf qismində isə işğalçı Ermənistan çıxış edir. Erməni mediasına nəzər salanda bəlli olur ki, Türkiyə və Rusiya yenidən münasibətlərini qaydaya salsa, Qafqazı geosiyasi yeniliklər gözləyir. Xüsusən də Türkiyənin regionda möhkəmlənməsi qaçılmaz sayılır. Bundan başqa, Azərbaycanın Rusiya - Türkiyə münasibətlərini yenidən qaydaya salmaq üçün müvafiq addımlar ata biləcəyi də Ermənistanda böyük təşviş yaradır. Rusiya Diplomatlar Assosiasiyasının sədri Andrey Baklanov da bunu istisna etmir. O qeyd edir ki, Azərbaycan diplomatiyasının nüfuzu Suriyadakı gərginliyi səngitməyə, Rusiya ilə Türkiyənin bununla bağlı mövqelərini yaxınlaşdırmağa kömək edəcək: “Bu gün bütün dünyanın diqqəti Suriyaya yönəlib. Bakı regionda sabitləşdirici amil olduğuna görə azərbaycanlı həmkarlarımızın mövqeyi Rusiya üçün maraqlıdır və Rusiyada bu mövqedən razıdırlar”. Ekspertin sözlərinə görə, Suriya böhranında Türkiyə bu gün başlıca oyunçulardan biridir: “Suriya münaqişəsinin tərəfləri hərbi qarşıdurma həddinə çatıblar, lakin oyunçulardan heç biri münaqişədə maraqlı deyil”. Rusiyalı ekspert Rusiya ilə Türkiyə arasındakı mövcud gərginliklə bağlı Azərbaycanın nadir rol oynaya biləcəyini dilə gətirib:“Bakının vasitəçilik etməsini demirəm, amma uzun müddətdən sonra ilk dəfədir İdlibdə yaranan bu qədər təhlükəli vəziyyəti sabitləşdirməyə kömək edə bilər. Həm Rusiya ilə, həm də Türkiyə ilə xüsusi etimada əsaslanan münasibətləri olan Azərbaycan vəziyyətdən çıxmağa kömək edə bilər”.
Elə nüfuzlu “Əl-Monitor” dərgisi də yazır ki, Ankara və Moskva münasibətlərin pozulmasında yox, müxtəlif istiqamətlərdə davam etməsində maraqlıdırlar:“Ankara Suriya ordusuna qarşı “Bahar qalxanı” əməliyyatına başladığını bildirib. Rusiya prezidenti Vladimir Putin isə İdlib böhranı ilə əlaqədar martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə razılaşıb. Türkiyə fevralın 27-dən bəri bir neçə PUA və hava hücumundan müdafiə sistemi və 100-dən çox tankı məhv etdiyini, habelə Suriya qüvvələrinin 2212 üzvünü, o cümlədən 3 generalı öldürdüyünü açıqlayıb. Fevralın 27-də İdlibdə ən az 36 türk əsgərinin ölümünə səbəb olan hava zərbələri NATO üzvü olan Türkiyə daxilində şok effekti doğurub. Əvəzində, türk ordusu Bəşər Əsəd qüvvələrinə böyük zərər vurub. Yaranan sual: Moskva müttəfiqinin vurulmasına niyə icazə verib? Rusiya prezidenti Putin əvvəlcə başqa planlarının olduğunu söylədiyi halda, niyə martın 5-də Moskvada Ərdoğanla görüşməyə razı olub?Axı hərbi ekspertlər arasında konsensus budur ki, fevralın 27-də hava zərbələri Rusiya təyyarələri tərəfindən həyata keçirilib. Xarici Siyasi Tədqiqatlar İnstitutunun Yaxın Şərq Proqramının direktoru Aaron Steyn bildirir:“Rusiya təyyarələri gecə uçur, rejim bunu bacarmır. Türklər də gecə bombalanıb”. Hər iki tərəf, ehtimal ki, birbaşa qarşıdurmanın qarşısını almaq üçün hücumda Əsəd rejimini günahlandırıb. Birminghem Universitetinin fəxri tədqiqatçısı, “Rusiya imperiyası” adlı kitabın müəlllifi Kevork Oskan “əl-Monitor”a verdiyi açıqlamada deyib: “Rusiyanın rejim lehinə müdaxilə etmək istəməməsi Ərdoğanın simasını qorumaq və Əsədi güzəştə getməyə meylləndirmə cəhdi kimi görünür. Bu mərhələdə Türkiyənin Suriyadakı maraqları, xüsusən kürdlərlə bağlı hissə Rusiya ilə böyük bir sövdələşmə doğura bilər. Rusiya bunun müqabilində İdlib tapmacasını çözəcək”. Hesab edilir ki, tərəflər münaqişə istəmədiklərindən razılığa gələcək. Bu isə onların digər istiqamətlərdə işbirliyinin daha da möhkəmlənməsi ilə müşayiət oluna bilər”. Elə erməni tərəfini də qorxudan budur. Burada fikirlər səslənir ki, Rusiya və Türkiyə yenidən işbirliyini davam etdirsə, belə vəziyyət mütləq Qafqaza, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək. Bunu rus siyasi analitik Stanislav Tarasov da istisna etmir. O xatırladır ki, Suriya məsələsində belə Türkiyə və Azərbaycan arasında fəaliyyətlərin hansısa koordinasiyası həyata keçirilib, çünki Bakıda Ankara ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər. O qeyd edib ki, Ərdoğan Suriyada qalib gəlsə, Qarabağ istiqamətində fərqli davranmağa başlayacaq: “Bu mənim şəxsi qənaətimdir, lakin hələ də Suriyada baş verənlərdən Ərdoğanın qalib gələcəyi ilə bağlı nəticələr çıxara bilmərik. Ərdoğan Bakıya getdi, Əliyevlə danışıqlar apardı, mütləq orada Suriya məsələsi, İdlib problemi müzakirə olunub, Türkiyə və Azərbaycan arasında fəaliyyətlərin hansısa koordinasiyası həyata keçirilib, Bakıda Ankara ilə sıx əməkdaşlıq etdiklərini gizlətmirlər. İrəvanın yaranmış vəziyyətdən necə istifadə edəcəyini demək çətindir. Amma hadisələr İrəvanın lehinə inkişaf etmir”.
Ermənistanın “Lragir” saytı da yazır ki, İdlibdə baş verən proseslərin son nəticəsi Dağlıq Qarabağda yekunlaşa bilər. Sayt bildirir ki, Türkiyə İdlibdə Rusiya ilə razılışaraq, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər:“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq bu, Əliyevin Münhendə səsləndirdiyi “mərhələli həll” variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır”. Məqalədə erməni ekspert Ayk Qabrielyanın ötən həftə səsləndirdiyi fikirlər xatırlanır. Qabrielyan hesab edir ki, Ərdoğan Putini Qarabağın Azərbaycana qaytarılması fikrinə inandırıb:“Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacağıq. Ermənistana isə baş verənlərin mütləq təsiri olacaq. Ən azından, Qarabağ məsələsində biz yeni təzyiqlərə və savaşa hazır olmalıyıq. Ankaranın istəyi ilə Moskva bunlara, yəqin ki, yaşıl işıq yandıracaq”. “Lragir” iddia edir ki, Türkiyə İdlibdə razılaşma əldə etmək istəyir:“İstisna deyil ki, Ankara İdlibdə Rusiya ilə razılaşmağın əvəzində Moskvadan Qarabağın Azərbaycana qaytarılmasını istəsin“. Burada söhbət ilk növbədə Qarabağ ətrafında olan 7 rayondan gedir. Elə rus ekspert Aleksandr Perenciyev də bildirir ki, birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır. Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunun işğal faktı barədə danışır və həmsöhbətləri düşünürlər ki, Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb:”Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”. Perenciyev əmindir ki, bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar. Ermənistanda hesab edilir ki, Rusiyada belə təkliflərin gündəmə gəlməsi təsadüfi deyil və Kremlin yeni geosiyasi maraqlarına hesablanmış yanaşmadır. Bildirilir ki, Paşinyan indiki vəziyyətdə Rusiyanın geosiyasi maraqlarından irəli gələn tələbləri yerinə yetirmək məcburiyyətindədir. Əks təqdirdə onu hakimiyyətdən devrilmə təhlükəsi gözləyir. Moskva isə çoxdan Dağlıq Qarabağ ətrafında bir neçə rayonun Azərbaycana qayıtmasını istəyir. Bu halda Rusiya Azərbaycanı görmək istədiyi təşkilatlarda görə biləcəyini düşünür. Bakı isə proseslərin bu səpkidə inkiaşfını yaxından izləyir və hadisələri öz marağına uyğunlaşdırmağa çalışır. Bu durumda Türkiyənin də oyuna daxil olması vəziyyəti tamamilə ölkəmizin lehinə dəyişir. Ankaranın isə oyuna daha böyük güclə daxil olması, əslində, qaçılmaz sayılır. Sadəcə, Ərdoğan və Putinin martın 5-ə nəzərdə tutulan görüşündən sonra tərəflər arasında fikir ixtilafının çözülməsi ilə Ankaranın Qafqazda daha fəal olması proqnozlaşdırılır. Təbii ki, bu fəallıq mütləq mənada Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərəcək. Elə erməniləri də narahat edən məhz budur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.