Məlum olduğu kimi, Suriyada baş verən hadisələr Rusiya ilə Türkiyə arasındakı münasibətləri gərginləşdirib. Rusiya aviasiyasının açdığı atəş nəticəsində 30-dan artıq türk əsgəri dünyasını dəyişib. Qeyd edək ki, Suriyada müharibə başlanandan sonra bu, iki ölkə arasındakı münasibətlərin korlanmasına təsir edən ilk hadisə deyil.
Bir neçə il əvvəl Türkiyə Rusiyaya məxsus qırıcı təyyarəni vurdu və həmin hadisə iki dövləti üz-üzə qoydu. Qarşılıqlı diplomatik səylər nəticəsində problem yoluna qoyuldu. Bir neçə gündür ki, Suriyadakı vəziyyətə müdaxilə yenidən bu iki ölkəni qarşı-qarşıya gətirib. Bundan daha çox xoşhal olan isə Ermənistandır. Onlar sevincli halda qeyd edirlər ki, iki ölkənin münasibətinin korlanması Dağlıq Qarabağlı bağlı məsələdə Azərbaycanın mövqeyini xeyli zəiflədəcək. Ancaq əksər analitiklər hesab edirlər ki, münasibətlərin bu halı, əksinə, Ermənistanın özü üçün də yaxşı nəsə vəd etmir. Rusiya-Türkiyə münasibətlərinin gərgin olmasının Ermənistana nə kimi təsiri var?
Akif Nağı: “İctimai rəy tələb edir ki, Türkiyə Dağlıq Qarabağ məsələsində də öz gücünü ortaya qoysun”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyənin fəallığından Ermənistanın bərk narahatlığı hiss edilir: “Mən də bu tendensiyanı aydın şəkildə onların mediasında izləyirəm. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaması Dağlıq Qarabağla bağlı razılaşdırılmış bir mövqenin ortaya çıxmasına səbəb ola bilərdi. Ancaq təəssüf ki, biz həmin yaxınlaşma dönəmində irəliləyişi görmədik. İndiki gərginləşmə fonunda da bizə bunun hər hansı bir təsirinin ola biləcəyini zənn etmirəm. Əksinə, Ermənistan ciddi narahat olmalıdır ki, Türkiyə İdlib məsələsindən qalib çıxır. Ortaya konkret mövqe qoya bilir ki, ona yaxın sərhədlərdə baş verənlərə biganə deyil və yeri gələndə güc də tətbiq edə bilir.
Dağlıq Qarabağ konflikti də Türkiyə ilə həmsərhəd olan ölkələrə aiddir. Türkiyə Suriyadakı gərginlikdən sonra bu məsələyə də baş vurub, ortaya konkret mövqe qoya bilər. Hər situasiya ilə bağlı düzgün davranmağı bacarmalıyıq. İndiki vəziyyət Türkiyənin xeyrinə işləyirsə, deməli, bunun Azərbaycana da xeyri var, Ermənistana isə ziyanı. Erməni mətbuatında bu narahatlıq var ki, Türkiyənin növbəti istiqaməti Dağlıq Qarabağ ola bilər. Mən çox nikbin yanaşıram ki, Türkiyə bir çox məsələdə özü ilə hesablaşmağı tələb edəcək. Bu məsələlər də Türkiyənin daxilinə deyil, xaricinə aid məsələlərdir. Türkiyənin daxili ictimai rəyindəki çağırışlara da nəzər salsaq görərik ki, Dağlıq Qarabağla bağlı tələblər çoxalıb. İctimai rəy tələb edir ki, Türkiyə Dağlıq Qarabağ məsələsində də öz gücünü ortaya qoysun. Əminəm ki, Türkiyə bu istiqamətdə ciddi addımlar atacaq. Çünki artıq ermənilərin özbaşınalığı əndazəni aşıb. Onları öz yerində oturtmağın çoxdan zamanı çatıb”.
Məhəmmədəli QƏRİBLİ