Məlum olduğu kimi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fevralın 20-də İtaliyaya rəsmi səfəri zamanı Azərbaycanla İtaliya arasında bir sıra mühüm sənədlər imzalanıb.
Bu sənədlər arasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və İtaliyanın “Leonardo S.p.A” şirkətinin icraçı direktoru Alessandro Profumo tərəfindən imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni xüsusi qeyd etmək olar.
Məsələ ondadır ki, “M-346” döyüş-təlim təyyarələri keyfiyyətinə görə mühüm çəkiyə malikdir. Sözügedən təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda, “M-346” təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı, Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. Təyyarənin müasir radiolokasiya sistemlərindən yayınması üçün yeni növ aktiv müdafiə sistemləri ilə də təchiz olunub. Bu, "M-346" hədəf olmaq şansını aşağı salır.
Ən başlıcası odur ki, Azərbaycan Avropa İttifaqının, NATO-nun aparıcı dövlətlərindən olan İtaliya kimi dövlətdən belə təyyarələr alır. Adətən, bir sıra aparıcı Aİ və NATO ölkələri Qarabağ məsələsi həll olunmadığına görə Azərbaycana silah satmaq istəmir. Ötən il Azərbaycanda keçirilən hərbi təlimlər zamanı nümayiş olunan İtaliya helikopterləri Ermənistanda böyük narahatlığa səbəb olmuşdu. Çox güman ki, "M-346" döyüş-təlim təyyarələrinin alınması da Ermənistanı narahat edəcək.
“Bu bizim Ermənistan üzərində hərbi üstünlüyümüzü daha da gücləndirəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, İtaliya kimi bir ölkənin bu cür hərbi profilli təyyarələri Azərbaycana ixrac etməsi mühüm hadisədir: “Ona görə ki, İtaliya NATO ölkəsidir. Sözügedən bloka aid təyyarələrin Azərbaycana ixrac olunması hərbi təyyarə parkımızı zənginləşdirəcək. Çünki Azərbaycanın döyüş təyyarələri əsasən Rusiya və Ukrayna istehsalı olan təyyarələrdir. Türkiyə, İsrail və Pakistandan da bu tip vasitələr alınır. Ancaq İtaliya ilə bu sahədə əməkdaşlığın önəmi başqadır. Ona görə ki, İtaliya sıradan bir NATO ölkəsi deyil. Bu ölkədə bir sıra müsir silah kompleksləri istehsal olunur. Azərbaycanın İtaliyadan hərbi təyyarələr alması digər Aİ və NATO dövlətlərinin ölkəmizə silah ixracına yol aça bilər. Ən azından, ona görə ki, Azərbaycan istənilən ölkədən öz vəsaiti ilə silah əldə etmək imkanına malikdir. Ermənistan isə silah alarkən kredit dilənir. Başqa bir tərəfdən, bu bizim Ermənistan üzərində hərbi üstünlüyümüzü daha da gücləndirəcək”.
Vidadi ORDAHALLI