Erməni KİV-i növbəti cəfəng iddianı dövriyyəyə buraxıb. Onlar Ərdoğanın son Bakı səfərinə kölgə salmaq üçün, guya həmin turne çərçivəsində Türkiyənin Azərbaycanla ərazi alveri etməsinə dair yanlış bir qənaəti bölüşüblər.
Bildirilir ki, Azərbaycanda olarkən Ərdoğan “Dağlıq Qarabağ yalnız Azərbaycanın yox, həm də Türkiyənin işidir və bu, Azərbaycanın ərazi bütövlüyü səviyyəsində öz həllini tapmalıdır” deyib. İddia olunur ki, guya həmin açıqlamadan sonra Türkiyə Azərbaycanla olan sərhədi açmaq qərarına gəlib. Qeyd edək ki, Türkiyə koronovirusa görə sərhədi müvəqqəti bağlamışdı. Sitat: “Türkiyə Naxçıvan istiqamətində bir neçə iri layihə reallaşdırır. Bu da Naxçıvanın Türkiyədən asılılığını çoxaldır. Türkiyə çalışır ki, Naxçıvanı Azərbaycandan alıb özünə ilhaq etsin, bunun əvəzində isə Rusiyanın dəstəyilə Dağlıq Qaarabağı Azərbaycana geri qaytarsın”.
Bu sərsəm iddianın dövriyyəyə buraxılmasında hansı məqsəd güdülə bilər?
Hatəm Cabbarlı: “Niyyətləri bəllidir, Türkiyə ilə Azərbaycanın arasını vurmaq, Naxçıvana olan ərazi iddialarını gündəmdə saxlamaq”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, son günlər Türkiyənin atdığı addımlar bir çox ölkəni, o cümlədən, Ermənistanı narahat edir: “Ermənistan mətbuatı da bu məsələni diqqətdə saxlayır. Bu yöndə olan yazılara diqqət etdikdə, erməni siyasi ekspertlər həddən artıq paranoya vəziyyətində açıqlamalar verirlər. Normal siyasi ekspertin fikrinə gətirə bilməyəcəyi açıqlamaları belə dövriyyəyə buraxırlar. Erməni ekspert Qabrelyan Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlamasını təhlil edib və sonda gülməli bir nəticəyə gəlib. Müəllif sual edir ki, Türkiyənin Suriyada nə işi var. Bunun cavabı sadədir. Rusiyanın, İranın, İsrailin Suriyada nə işi varsa, Türkiyənin də o işi var. Qeyd edim ki, Suriyanın Türkiyə ilə 1000 kilometrə yaxın sərhədi var. Həmin sərhədə yaxın olan bölgədə 7 ildir hərbi əməliyyatlar gedir. Türkiyə bölgədə öz təhlükəsizliyini təmin etməyə məcburdur. İdlibdə vəziyyət dəyişərsə, Türkiyəyə yeni bir köç dalğası gələ bilər. Bu da olduqca ciddi rəqəmdir. Bu baxımdan da Türkiyənin bütün manevrləri beynəlxalq hüququn bütün prinsiplərinə cavab verir. Erməni ekspertlər bunu olduqca primitiv izah edirlər. Hətta bütün bunların fonunda guya Ərdoğanın Bakı səfəri zamanı Naxçıvanın Türkiyəyə verilməsi və bunun əvəzində Türkiyənin bizə Dağlıq Qarabağı qaytarmaqda kömək edəcəyi barədə qeyri-ciddi fikir də səsləndirirlər. Bu, günün reallıqları ilə uzlaşmayan fikirdir. Ermənilər bununla Azərbaycan və Türkiyə arasında hər gün yeni müqavilələrlə möhkəmlənən münasibətlərə zərbə vurmaq istəyirlər. Amma bunu olduqca primitiv üsulla edirlər. Ortaya məntiqli bir iddia qoysaydılar, bunu hardasa anlamaq olardı. Çünki onların daim Naxçıvan üzərində iddiaları olub və onu qabartmağa can atırlar. Münhen debatı zamanı Paşinyan Naxçıvan mövzusuna da toxunmuşdu. Ermənilər hesab edirlər ki, Qars və Moskva müqavilələri ləğv edilməli və Naxçıvan onlara verilməlidir. Belə sərsəm bəyanatları ciddiyə almaq lazım deyil. Niyyətləri bəllidir, Türkiyə ilə Azərbaycanın arasını vurmaq, Naxçıvana olan ərazi iddialarını gündəmdə saxlamaq. Bütün bu təxribatlara baxmayaraq, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ