Ermənilərin Qaradağlıda törətdikləri soyqırım və faciə tariximizin qanla yazılmış səhifəsidir. Ermənistan silahlı qüvvələrinin və onlara havadarlıq edənlərin Qaradağlıda törətdikləri soyqırım haqqında əlimizdə olan məlumatları sizə təqdim edirik.
Məlum olduğu kimi, 1990-cı il noyabrın 24-də baş verən hadisə zamanı xalq A.Mütəllibovun hadisə yerinə gəlməsini tələb edirdi.
Tarixçilər qeyd edirlər ki, bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təchiz olundu. Xankəndidən gələn yolun üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. “Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru N. Zeynalov öz üzərinə götürmüşdü. Məlumatlara görə, orada əsasən N. Zeynalovun şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər. Asfalt yoldan bir qədər aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Mirzəli və Zahir bu postun məsuliyyətini daşıyırdılar. Kəndin çıxışında asfalt yolun üstündə qurulmuş 3-cü postda Nazim, Qərib, Telman, Vidadi və başqaları dayanırdılar. Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kəndə olan basqınların əksəriyyəti bu istiqamətdən olurdu. Burada Faiq, Rabil, Xudayat və onların dostları keşik çəkirdilər. Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı. Zinki postunun qorunması Məmməd, Şamil, Əlqəmə və Ələddin kimi cəsur oğullara tapşırılmışdı. 1990-cı ilin noyabr ayından başlayaraq bütün postlarda fasiləsiz olaraq silahlı müdafiəçilər keşikdə dayanırdılar. 1991-ci ilin əvvəllərində baş vermiş faciə vəziyyəti daha da gərginləşdirdi. Yanvarın 10-da kəndin nüfuzlu şəxslərindən olan Sultan Bayramov erməni quldurlarına qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. Sultan Qaradağlıya qayıdanda kəndə çatmamış, birinci postdan 4 kilometr məsafədə onun mindiyi "UAZ-469" markalı 53-55 AQT dövlət nişanlı minik maşını ermənilər tərəfindən qəfil atəşə tutulur. Maşının sürücüsü Kərəm Tağıyev maşını sürüb kəndə çatdırsa da, Sultan Bayramovun həyatını xilas etmək mümkün olmur. O, iki saatdan sonra aldığı yaralardan dünyasını dəyişir. Sultanın dəfn günü Laçın-Şuşa yolunda jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən öldürülməsi xəbəri kəndə yayıldı. Bu xəbərdən hiddətlənən dinc əhali erməni quldurlarının vəhşiliyinə etiraz üçün onların yaşadıqları kəndlərə doğru yürüşə çıxdılar. Lakin kəndin müdafiəçilərindən bir qrupu qabağa çıxaraq əhalini boş əllə erməni quldurlarının üstünə getməyin mənasız olduğunu bildirərək, onları dayandırmağa müvəffəq oldular. Bu faciəli hadisədən sonra qaradağlılar erməni təxribatlarının qarşısını almaq üçün əməliyyat planı hazırladılar. Əməliyyata Ədalət Məmmədov rəhbərlik edirdi. Əməliyyat qrupuna İlqar Hüseynov, Elmidar Bayramov, Telman Tağıyev, Eldar Dadaşov, Rafiq Quliyev, Qərib Mustafayev, Məmməd Məmmədov və Məmməd Mustafayev daxil idi. Onlar iki dəstəyə ayrılıb Xankəndi-Xocavənd yolunu həm girişdən, həm də çıxışdan nəzarətə aldılar. Kəndin müdafiəçiləri tərəfindən Xankəndidən Xocavəndə tələsən, içində 6 erməni quldurun olduğu "UAZ" markalı maşın ələ keçirilərək məhv edildi. Beləliklə də Sultan Bayramovun, Salatın Əsgərovanın və digər şəhidlərin qisası quldurlardan alındı. Ermənilər ancaq üç gündən sonra rus hərbçilərinin müşayiəti ilə gəlib meyitlərini meşədən apardılar. Bundan sonra Xankəndi- Xocavənd yolunda ermənilərin hərəkəti dayandı. Bu qisas əməliyyatında qaradağlı müdafiəçiləri altı ədəd xarici avtomat, bir ədəd ov tüfəngi və xeyli patron ələ keçirdilər. 1991-ci il martın 9-da erməni quldurları kəndin yaxınlığındakı mal fermasına qəfildən silahlı basqın edib iki nəfəri qətlə yetirdilər. Həmin il, iyun ayının 28-də, gecə saat bir radələrində isə Qaradağlı kəndi ermənilər tərəfindən toplardan, pulemyotlardan və avtomatlardan şiddətli atəşə tutuldu. Kəndin bir neçə evini alov bürüdü, bir neçəsi isə mərmi zərbəsindən dağıldı. Qadınlar, qocalar və uşaqlar düşmən atəşindən qorunmaq üçün zirzəmilərə sığınmağa məcbur oldular. Həmin gecə ən böyük faciə kəndin 5 kilometrliyində Vərəndəli sahəsində yerləşən fermada baş vermişdi. Quldurlar kəndi atəşə tutmaqla yanaşı, eyni zamanda fermadakı evlərə soxularaq altı nəfər günahsız ferma işçisini də güllələmiş və izi itirmək üçün onları yanan evlərdən birinin içinə atmışdılar. Bundan sonra onlar kənara çəkilərək ferma tam yanana qədər oranı atəş altında saxlamışlar. Bəyverdi Novruov başda olmaqla faciə yerinə gələn kənd camaatı yanan otaqların birində üç nəfərin güllədən dəlik-dəlik olmuş, odun-alovun içində yanmış meyitlərini çıxara bilmişlər. Başqa bir otağın odu söndürüldükdən sonra isə tamamilə yanmış digər üç nəfərin cəsədi aşkar edilmişdi. Şəhidlərin dəfnindən üç gün sonra Ruzigar Məmmədov Ağdam polis batalyonunun 2 nəfər əməkdaşı ilə birlikdə əməliyyat planı hazırlayır. Onlar silahlanıb gecə erməni kəndi Kəndxurda tərəf gedir və nəzarət postlarının birinin yaxınlığında mövqe tuturlar. Gecə erməni yaraqlılarının komandiri üç nəfərlə postları yoxlamağa çıxarkən atasının və dayısının intiqamını onlardan alırlar.
Qaradağlı kənd sakinləri Çingiz Məmmədov, Kərəm Ağalarov və Şəfqət Məmmədova Qaradağlının ağır günləri haqqında aşağıdakı məlumatı vermişlər.
Məlumatlara görə, 8 sentyabr 1991-ci il hadisəsindən sonra qaradağlıların nümayəndələri Məzahir Ağalarov, Nobil Zeynalov 20 nəfərlə Bakıya gedərək, Ayaz Mütəllibovla görüşmüş, ona Qaradağlının ağır vəziyyəti barədə məlumat vermişlər. A.Mütəllibov qaradağlılara kəndin müdafiəsi ilə şəxsən özü məşğul olacağına söz vermiş və bundan 3-4 gün sonra 11 nəfərdən ibarət bir qrup hərbçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmişdilər. Kəndin müdafiəçiləri həmin dəstə ilə birlikdə bir qisas əməliyyatı hazırlayıb həyata keçirməyə müvəffəq oldular. 21 nəfərlik dəstə Vərəndətiyə gedən yolun kənarında yerləşən çoxlu erməni quldurunun toplaşıb keşik çəkdiyi, hərbi əhəmiyyətli məntəqə olan fermaya hücum edərək üç nəfər qulduru zərərsizləşdirmiş, qalanlarını isə qonşu erməni kəndlərinə çəkilməyə məcbur etmişlər. Lakin təxminən 1 aydan sonra kəndin mühafizəsinə kömək üçün göndərilmiş hərbçilərin müəmmalı şəkildə geri çağırılması Qaradağlının ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Ümumiyyətlə, ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan helikopterlərinin mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi”.
Azərbaycan tarixinə qanlı hərflərlə yazılan Qaradağlı faciəsi haqqında yazan tarixçilər bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.
Ümumilikdə, Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsini, soyqırımını gözü ilə görən şahidlər bu haqda çox dəhşətli faktlar açıqlayırlar. Onlardan biri də İlqar Hüseynovdur. O, Qaradağlı müsibətini görmüş kənd sakinlərindən biridir. İ.Hüseynov ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. O, iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. Onun dediklərindən: “Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı. 1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.
Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkəti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra bizi Xankəndiyə apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar. Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.
Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətinin köməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonra dünyasını dəyişdi. Həmin vaxtdan 19 il keçsə də, ermənilərin verdikləri işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb” - deyə şahid qeyd edib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.