Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçiriləcək növbəti görüşün vaxtı məlum olub. Türkiyə KİV-nin verdiyi məlumata görə, prezidentlərin görüşü martın 5-də Moskvada baş tutacaq.
Görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginlikdən çıxış yolları müzakirə ediləcək.
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Moskvadakı görüşü asan olmayacaq, lakin görünən budur ki, liderlər İdlibdəki vəziyyətin nizamlanmasına istiqamətləniblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunları bəyan edib:
"Bəli, biz ümid edirik ki, həftənin ortasında, martın ya 5-i, ya da 6-sı görüş Moskvada baş tutacaq, indi hazırlıq gedir. Bu, şübhəsiz ki, asan görüş olmayacaq, lakin dövlət başçıları da İdlibdəki vəziyyətin nizamlanmasına istiqamətləndiklərini və Soçi razılaşmalarına sadiqliklərini təsdiq edirlər. Bu vacibdir”.
İndiki gərgin şəraitdə Putin-Ərdoğan görüşündən nə gözləmək olar?
Mübariz Əhmədoğlu: “Rusiya kiminsə Suriyada qalmasını deyil, çıxmasını müzakirə edəcək”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nəzərdə tutulan görüşdə hər iki ölkənin başçısı dialoqa hazırlığını nümayiş etdirmək istəyir: “Mən bu görüşdən əvvəlki qaydada razılaşmanın əldə olunmasını gözləmirəm. Yəni söhbət Astana və Soçidəki razılaşmalardan gedir. 5-6 martda nəzərdə tutulan görüş İstanbulda olmalıydı. Sonradan İdlibdə vəziyyət gərginləşdi və Putin görüşdən imtina etdi. Ardınca Ərdoğan onunla əlaqə saxlayıb görüşmək istədiyini dedi. Putin dedi ki, onun İstanbula gəlmək fikri yoxdur, görüş lazımdırsa, Moskvaya gəlin. İndi də Ərdoğan Moskvaya gedir. Rusiya Türkiyənin buraxdığı səhvdən istifadə etdi. Türkiyə İdlibdə həm hüquqi, həm də hərbi güc baxımından balans yarada bilmişdi. Orada möhkəmlənəndən sonrakı arxayınlıq onu Liviyaya qoşun göndərməyə vadar etdi. İdlibdəki ən hazırlıqlı hərbçiləri Liviyaya göndərdi. Rusiya bundan istifadə etdi. Suriyanın hökumət qoşunlarına dəstək verdi və onlar İdlibə girdilər. Hazırda Türkiyə çalışır ki, İdlibdə özünün əvvəlki vəziyyətini bərpa etsin. Fikrimcə, bu artıq mümkün deyil. Bu andan etibarən Rusiyanın qarşısında duran məqsəd Türkiyəni, ümumiyyətlə, Suriyadan çıxarmaqdır. Hesab edirəm ki, bundan sonrakı danışıqlar məhz bu aspektdə gedəcək. Yəni Rusiya kiminsə Suriyada qalmasını deyil, çıxmasını müzakirə edəcək. Allah eləsin ki, Türkiyə qurulmuş tələdən yayına bilsin. Çünki həm Çin, həm ABŞ Türkiyənin zəifləməsində maraqlıdır. İndi də bu işə Rusiya qoşuldu. Mən çox arzu edərdim ki, Türkiyə bir qədər fasilə götürüb güclənsin. Yoxsa, təkbaşına bu güclərlə üz-üzə gəlmək çətindir. Nə qədər aktivlik göstərsə, özünün əleyhinə işləyəcək. Rusiya Suriyaya kifayət qədər silah verib. Orada mücadilə yersizdir. Türkiyə artıq vaxtı ötürüb. Yəqin ki, danışıqlarda Türkiyə bir qədər arxa plana keçməyi təklif edəcək”.
Məhəmmədəli QƏRİBLİ