Məlum olduğu kimi, Suriyada Türkiyənin Rusiyanın müttəfiqi Əsədə bağlı qoşun birləşmələrinə qarşı ciddi hücuma keçməsi Moskvada böyük narahatlıq doğurub. Rus KİV-i tələm-tələsik ölkələrinin NATO-da ABŞ-dan sonra ikinci böyük ordunun sahibi ilə üz-üzə gəlmək risqindən danışıblar. Onlar Türkiyə pilotsuz uçan aparatlarının (PUA) son hücumları nəticəsində Əsəd ordusuna dəymiş böyük zərəri detallı şəkildə təsvir etməyə başlayıblar.
Məsələn, “Rosbalt”ın yazdığına görə, Türkiyə ordusu hücumun birinci günü ağır artilleriyanın və PUA-ların yardımı ilə Suriya ordusunun “Buk” və “Pantsir” zenit-raket komplekslərini, 23 tankını, 23 artilleriya qurğusunu və 5 helikopterini məhv edib.
Rusiya jurnalistləri sosial şəbəkədə yaydıqları açıqlamalarda Türkiyə PUA-larının Əsədə bağlı birləşmələri iflic vəziyyətinə saldığın bildirirlər. Onların dediyinə görə, bu PUA-lar hərəkət edən istənilən hədəfi - tankları, avtomobilləri, topa halında hərəkət edən əsgəri bölükləri vurur.
Təbii ki, Rusiya indiyə kimi 12 dəfə müharibə şəraitində olduqları Türkiyə ilə müharibəyə girmək istəməz. Buna görə də rus jurnalistlər Putinlə Ərdoğanı barışdırmaq imkanlarından danışırlar. Rus mediasının yazdığına görə, bu işi yalnız Azərbaycan lideri İlham Əliyev bacara bilər. Onlar bunu onunla əlaqələndirirlər ki, 2015-ci ildə Türkiyənin F-16 qırıcısı tərəfindən Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançı təyyarəsi vurularkən yaranmış böhranın həllində də onun böyük rolu olub. Məqalə müəllifi İrina Corbenalze hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bu yaxınlarda baş vermiş səfəri zamanı bu məsələnin müzakirə edildiyini iddia edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyevin vasitəçi ola biləcəyi ilə bağlı Rusiya mediasında səslənən fikirlər təsadüfi deyil. Ötən il Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu Rusiya mətbuatına verdiyi açıqlamada Su-24 hərbi təyyarəsi ilə bağlı hadisədən sonra iki ölkə arasında siyasi böhrandan çıxış yolunun detallarını açıqlamışdı. Nazir bildirib ki, iki ölkə arasındakı gərgin münasibətlərin həllinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Dağıstanın başçısı Ramazan Abdulatipov, Qazaxistan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun şəxsi iştirakı ilə nail olunub. O da məlumdur ki, həqiqətən 2015-ci ildə baş verən məlum təyyarə hadisəsi zamanı Rusiya-Türkiyə münasibətləri kəskin pisləşmişdi. O zaman iki ölkə münasibətlərinin yoluna qoyulmasında Prezident İlham Əliyevin böyük siyasi nüfuzu prosesə öz töhfəsini verib. Görünən odur ki, rus mediasının bu yöndə yenə Prezident İlham Əliyevdən gözləntisi var.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Ancaq hələlik başqa bir məqam da var”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov, prinsipcə, bunu istisna etmədi: “Məsələ ondadır ki, Prezident İlham Əliyev çox təcrübəli siyasətçi və diplomatdır. Bununla yanaşı, siyasi təcrübəsi də kifayət qədər zəngindir. Eyni zamanda, biz Türkiyə ilə qardaş və müttəfiq dövlətik. Digər tərəfdən, Rusiya bizim strateji partnyorumuzdur. O baxımdan biz istəməzdik ki, Rusiya ilə Türkiyə arasında belə bir gərginlik yaransın. Ancaq o da faktdır ki, təyyəra hadisəsindən sonra, 2016-ci ilin ortalarında Rusiya-Türkiyə prezidentlərinin bir araya gəlməsində Prezident İlham Əliyevin töhfəsi olub. Əlbttə ki, bu çox mürəkkəb məsələdir. Suriyada baş verən hadisələr artıq neçə ildir davam edir və xüsusilə İdlib məsələsi böyük bir problemə çevrilib. Hesab edirəm ki, hər iki tərəf bunu istəsə, dövlət başçımız buna meyl göstərsə, o zaman tərəflər arasında vasitəçilik mümkündür. Çünki dövlət başçımızın kifayət qədər böyük siyasi təcrübəsi var. Fikrimcə, İlham Əliyev bunu etməyə hazırdır. Ancaq hələlik başqa bir məqam da var. O da ondan ibarətdir ki, Rusiya-Türkiyə dövlət başçılarının münasibətləri hələ düşmənçilik səviyyəsində deyil. Nəzərə almaq lazımdır ki, martın 5-də Putinlə Ərdoğanın görüşü olacaq. Yox, 5 martdan sonra tərəflər ortaq məxrəcə gəlməsə, yuxarıda sadaladığım şərtlərlə dövlət başçımız vasitəçilik edə bilər. Özü də bunu çox böyük məharət və peşəkarlıqla edə bilər”.
Vidadi ORDAHALLI