Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanlı jurnalist Lev Əsgərovun cəzalandırılmasını tələb edib. Buna səbəb L.Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" nəşrində dərc edilən və 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısı olub.
Məlumat üçün bildirək ki, L.Əsgərov "Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib?” sərlövhəli yazısında arxiv materiallarına istinadən Sumqayıt hadisələrinin əsl iştirakçılarının ermənilər olduğunu göstərir.
Ermənistanın Rusiyadakı səfiri iddia edib ki, bu yazıda etnik nifrət, ksenofobiya, dini dözümsüzlük təbliğ olunur.
Əsgərov Lev Mabudoviç 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik edib. Ordu sıralarında hərbi xidmətdə olub (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxıb. Ordudan tərxis edildikdən sonra Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodsk Vilayət Partiya Komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio Zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası Kitabsevərlər Cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olub. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunub. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanıb.
Göründüyü kimi, artıq Ermənistan dövlət səviyyəsində soydaşımız olan jurnalistin üzərinə hücuma keçib. Bununla bağlı Azərbaycan dövləti, ictimaiyyəti, jurnalistikası hansı mövqeni sərgiləməlidir? Əsl həqiqətləri qələmə alan jurnalistin müdafiəsi üçün hansı addımları atmalıyıq?
Vüqar Rəhimzadə: “Bizim Rusiyadakı səfirliyimiz prosesi tam nəzarətdə saxlamalıdır”
“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Sumqayıtdakı qətliamı birmənalı şəkildə ermənilər törədiblər: “Bu, artıq tam sübuta yetirilib. Yəni söz olaraq iddia etmirik. Ermənilərin ssenarisi əsasında keçmiş SSRİ-nin DTK-sı təşkil edib. Bu, reallıqdır. Hadisənin əsas fiqurantlarının da erməni əsilli şəxslər olması bunu tam təsdiq edir. Jurnalist L.Əsgərov həqiqətlərin bir hissəsini açıb. Ermənilərin reaksiyasından görünür ki, Rusiyada dərc edilən yazı hədəfə dəyib. Həqiqəti deyən şəxsə kimsə nəsə edə bilməz. O, Rusiya vətəndaşıdır. İlk növbədə, onun hüquqlarını Rusiyanın qanunları qorumalıdır. Rusiyada jurnalistə edilən basqını söz azadlığına müdaxilə kimi qiymətləndirmək lazımdır. Biz də bacardığımız dəstəyi verməliyik. Erməni tərəfi millətlərarası münasibətlərin qorunmasından danışır. Özləri isə düşmənçilik toxumu səpməklə məşğul olurlar. Hesab edirəm ki, bizim Rusiyadakı səfirliyimiz prosesi tam nəzarətdə saxlamalıdır. Eyni zamanda, diaspor təşkilatlarımız bu işdə fəal olmalı, jurnalistə lazımi dəstəyi verməlidirlər. Çünki erməni diasporunun əli çox yerə çatır. Dövlət qurumlarında da çoxlu sayda erməni işləyir. Bu səbəbdən də həqiqəti yazan jurnalisti hamılıqla müdafiə etməliyik. Bizim mediaya gəldikdə isə, birmənalı şəkildə, prosesin gedişinə ictimai nəzarəti həyata keçirməlidir”.
Məhəmmədəli QƏRİBLİ