Azərbaycan ərazilərinin hələ də işğal altında qalması, işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyətindən uzaq olması məsələnin hərbi müstəvidə çözüləcəyinə dair ehtimalları daha da yüksəldir. Təbii ki, bu fonda Azərbaycanın ordusunu ən müasir hərbi texnika ilə təmin etməsi də aktuallaşır və görünən budur ki, cari il ərzində ölkəmiz ordusunun ixtiyarına yeni silahlar verəcək. Bunların bir qismi yerli istehsal olacaq, digərləri isə xaricdən alınacaq.
Real vəziyyət göstərir ki, bu il Azərbaycanın silah aldığı ölkələr sırasında qardaş Türkiyə, eləcə də bir sıra Avropa ölkələri, o cümlədən İtaliya ön planda yer alacaq. Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönələcək. Bu da o deməkdir ki, cari ildə orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çoxdur. Bunun 945 milyon dolları silah alışı və hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Artıq bu il Azərbaycanın İtaliyadan yeni nəsil hərbi təyyarələr alacağı məlumdur. Söhbət “M-346” tipli təlim-məşq təyyarələrindən gedir. Hərbi Hava Qüvvələrinin polkovniki Namiq İslamzadə qeyd edir ki, aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır. Bu fonda hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir: “Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd “MFİ-395” “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar.
Qeyd edək ki, “M-346” tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda, “M-346” təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı, Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək”. Ermənistanın “İrates” qəzeti yazır ki, Azərbaycan onsuz da Ermənistan üzərində aviasiya baxamından böyük üstünlüklərə malik idi:“İndi isə “M-346” təyyarələrinin alınması ilə Azərbaycan bu üstünlüyünü daha da artırır. Eyni zamanda, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qərb hərbi texnikasının da tədricən Azərbaycan ordusunun ixtiyarında olmasına şahidlik edirik. Bu prosesdə Azərbaycana Türkiyə də yaxından dəstək verir”.
Bir daha xatırladaq ki, cari ildə Azərbaycan Türkiyədən yeni silahlar almağı planlaşdırır. Bununla bağlı Prezidentin Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev qeyd edir: “Ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və sfbh ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur. Xüsusilə Prezident İlham Əliyev Ərdoğanla görüşündə də bəyan etdi ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Həmçinin, birgə hərbi təlimlər barədə də danışan dövlət başçımız həmin təlimlərin sayının artırılması ilə yanaşı, birgə istehsalın təşkili haqqında da danışıqların aparıldığını vurğulayıb. Artıq belə qənaətə gəlmək olar ki, qarşılıqlı intensiv görüşlər nəticə etibarı ilə bu istiqamətdə növbəti yeni zolaq açdı ki, bu da Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığında birgə silah istehsalı faktorunu önə çıxarır”. Cari il ərzində ölkəmizin Türkiyədən yeni silahlar alacağına dair Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı maraqlı açıqlamalar verib: “İki ölkə arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir. Bu günədək Türkiyə Respublikasında keçirilən müxtəlif ixtisas kurslarında Azərbaycan ordusunun 9 minə yaxın nümayəndəsi iştirak edib. 2018-ci ilin 19 dekabr tarixində Türkiyə və Azərbaycan arasında imzalanan hərbi tibb sahəsində təhsil və əməkdaşlıq müqaviləsinə əsasən hər il Azərbaycandan 100 hərbi qulluqçu ödənişsiz müalicə olunur. İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bakıda 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2019-cu ildə “İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib”. İndi bu əməkdaşlıq fonunda Bakı Ankaradan cari il ərzində yeni hərbi texnikaların idxalını həyata keçirəcək. Buraya ilk növbədə pilotsuz uçuş aparatları daxildir. Eləcə də məlumlur ki, iki qardaş dövlət həm də birgə silah istehsalını təşkil eləmək niyyətindədir. Bütün bunlar mühüm önəmə malikdir və Ankara-Bakı hərbi əməkdaşlığı indi xüsusi məna kəsb eləməkdədir.
Onu da xatırladaq ki, Türkiyə və Belarus Rusiya ilə İsraildən sonra Azərbaycanın əsas silah tədarükçüləri hesab edilir. Ümumiyyətlə, Azərbaycan ordusu silahlanma siyasətini diversifikasiya edilmiş şəkildə aparır. Rusiya, Ukrayna və Belarusdan, eləcə də Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərindən, həm də İsrail, Türkiyə və Pakistan kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələrdən silah sistemləri, müdafiə təyinatlı avadanlıq əldə edilir. Son 15 ildə təkcə İsrail və Rusiyadan üst-üstə 8 milyard dollar məbləğindən çox silahlar alınıb. Bura hava hücumundan müdafiə kompleksləri, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar, gəmilər və sair daxildir. Ötən 4 il ərzində Çexiya, İspaniya, Bolqarıstan, Slovakiya, İtaliya, Fransa və bir sıra Avropa dövlətləri Azərbaycana tətbiq edilən silah satışı embarqolarını ya tamamilə aradan qaldırıb, ya da yumşaldaraq müəyyən məhsulların satışını həyata keçiriblər. Hazırda adıçəkilən dövlətlərin hərbi sənaye kompleksinə daxil olan şirkətlərlə imzalanmış müqavilələrin icrası davam edir. Dəyişən hərbi və təhlükəsizlik təhdidləri ilə əlaqədar silahlanmaya təkrar baxılır, bu təhdidləri aradan qaldırmağa imkan verən yeni sistemlər incələnir, ehtiyaclardan asılı olaraq qərarlar qəbul edilir. Elə bu fonda Azərbaycan ordusu arsenalında olan silahlara görə dünyanın qabaqcıl oduları ilə müqayisə oluna bilər. Burada onu xüsusilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan Ordusunda mövcud olan kəşfiyyat və zərbə PUA-ları regionda Rusiya daxil olmaqla, heç bir dövlətin silahlanmasında yoxdur. Eləcə də hava hücumundan müdafiə sistemlərini, artilleriya vasitələrini misal göstərmək olar. Məhz bütün bunlar Azərbaycanın işğalçı Ermənistan üzərində birmənalı üstünlüyünə rəvac verir.
Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycan özünün hərbi potensialını və silahlı qüvvələrinin döyüş qabiliyyətini daha da artırır. Bununla bağlı strategiya isə təkcə effektli müdafiəni deyil, eyni zamanda, yüz faiz uğurlu hücum taktikasını özündə ehtiva edir. Ən önəmlisi odur ki, iqtisadi tənəzzül içində olan kasıb Ermənistandan fərqli olaraq, Bakı silahlanma siyasətini şaxələndirmək imkanına malikdir və bu yöndə imkanlarını ilbəil artırır. Paralel surətdə özünün hərbi-sənaye kompleksini gücləndirir. İndi ordumuzun silah arsenalında yerli istehsal olan məhsullar da az deyil. Bu isə müharibə zamanı mühüm önəm kəsb edir.
Sülh danışıqlarında yenidən müşahidə edilən durğunluq, İrəvan rəsmilərinin, xüsusən də baş nazir Nikol Paşinyanın son vaxtlar konfliktin həllini bir az da dalana dirəyən absurd açıqlamaları fonunda silahlanma məsələsi, hərbi faktor indi mühüm önəm kəsb edir. Eləcə də güclü ordu danışıq masası arxasında da çəkindirici amildir. Hər halda, Azərbaycan Qarabağ məsələsini dinc müstəvidə həll etməkdə maraqlıdır. Amma İrəvanın gedişləri üzündən bu baş verməsə, Bakı düşmən üzərində əzici üstünlüyə malik ordusunu hərəkətə gətirməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.