Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqləyib, seçkilərin yekunlarını yoxlayıb və təsdiq edilməsi üçün dairə seçki komissiyalarının protokollarını, onlara əlavə edilən sənədləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərib.
Bununla da MSK 9 fevral 2020-ci il tarixində Milli Məclisə keçirilən seçkilərə yekun vurub. MSK tərəfindən seçkilərin nəticələrinin təsdiq olunması üçün müvafiq sənədlər Konstitusiya Məhkəməsinə təqdim edildikdən sonra 10 gün müddətində ona baxılır. Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.
Qeyd edək ki, Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
O da məlumdur ki, MSK 4 seçki dairəsində nəticələri ləğv edib. Ancaq bu o demək deyil ki, digər dairələrdə seçki nəticələri ləğv edilə bilməz. Konstitusiya Məhkəməsi müvafiq yoxlamalar apararkən pozuntular müəyyən etsə, nəticələr ləğv edilə bilər. Ümumilikdə, 1995-ci ildən bəri olubmu ki, hansısa dairədə lider namizədlərin nəticələrini Konstitusiya Məhkəməsi ləğv etsin?
“Bu da onu deməyə əsas verir ki, yeni situasiya yaranıb və...”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, indiyə qədər belə hal yaşanmayıb, amma Konstitusiya Məhkəməsi bəzi dairələrdə nəticələri ləğv edə bilər: “Bütün hallarda, Konstitusiya Məhkəməsi nəticələri təsdiq edə və etməyə də bilər. Bu məsələdə Konstitusiya Məhkəməsinin səlahiyyəti var. Əvvəlki təcrübədə belə halın olub-olmamasından asılı olmayaraq, sözügedən məhkəmə bu addımı ata bilər. Ancaq indiyə qədər belə hal baş verməyib. Ümumilikdə, Konstitusiya Məhkəməsi istənilən dairənin nəticələrini yenidən baxılmaq üçün geri qaytara, nəticələri ləğv edə bilər. Yaxud da, ümumiyyətlə, protokolların hamısını təsdiq edə bilər. Elə Konstitusiya Məhkəməsinin aliliyi də budur. Sözügedən məhkəmə nəticələri təsdiq edəndən sonra heç bir şikayət qəbul olunmur. Nəzərə almaq lazımdır ki, builki seçkilər əvvəlkindən kəskin fərqləndi. Əvvəl sosial şəbəkələr yox idi. Sosial şəbəkələrdən istifadə edərək MSK qərar vermirdi. Ancaq bu dəfə MSK sosial şəbəkələrdə yayılan məlumatları nəzərə aldı və bəzi məntəqələrin, dairələrin nəticələrini ləğv etdi. Bu da onu deməyə əsas verir ki, yeni situasiya yaranıb və Konstitusiya Məhkəməsi buna uyğun qanunvericiliklə ona verilən hüquqdan istifadə edə bilər. Yəni nəticələri təsdiq edə və ya geri qaytara bilər. Hansısa dairənin nəticələrini ləğv də edə bilər”.
Vidadi ORDAHALLI