Cümə günü gecəsi Suriyanın şimal-qərbində azı 33 türkiyəli əsgər Suriya rejim qüvvələrinin hava hücumu nəticəsində öldürülüb. Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay əyalətinin rəhbəri Rəhmi Doğan bildirib ki, ölənlərin çoxu İdlib əyalətində olub: “Hücum Suriyanın döyüş təyyarələri tərəfindən Balyun bölgəsində həyata keçirilib". Bəzi mənbələr ölü sayının daha çox olduğunu bildirirlər.
Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun İdlibdəki hücuma cavab olaraq, türk qoşunlarının həm hava, həm də quru qüvvələrinin Suriya rejiminin bütün məlum hədəflərinə cavab atəşi açdığını bildirib.
Rusiyanın dəstəklədiyi Suriya qüvvələri İdlibi türk əsgərləri tərəfindən dəstəklənən qiyamçılardan geri almağa çalışır. Suriya hakimiyyəti bu günə qədər müxaliflərin əlində qalan İdlibdə baş verən eskalasiya ilə bağlı heç bir açıqlama verməyib.
Türkiyə ordusu Prezident Rəcəb Tayyib Ərdoğanın Ankarada təcili yüksək səviyyədə təhlükəsizlik toplantısı keçirməsindən sonra Suriya hədəflərinə yenidən zərbələr endirməyə başlayıb. Türkiyə lideri indi Suriya hökumətinin öz qüvvələrini Türkiyənin hərbi müşahidəsi altında olan ərazilərdən geri çəkməsini istəyir, bir qədər öncə isə qüvvələrin geri çəkilməyəcəyi təqdirdə onları hücumla hədələmişdi.
Lakin Suriya və Rusiya onun 2018-ci ildə bəlirlənmiş atəşkəs xəttinə geri çəkilmə tələbini rədd etmişdi. Rusiya, həmçinin, Türkiyəni üsyançıları artilleriya atəşi ilə dəstəkləməklə atəşkəs rejimini pozmaqda da ittiham edib. İngiltərədə fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidəsi Təşkilatı cümə axşamı günü axşamkı hava hücumunda ən az 34 türk əsgərinin öldüyünü söyləyib.
Suriya hökumətinin "bütün bəlli önəmli hədəfləri" Türkiyə hava və quru qüvvələri tərəfindən atəş altına alınıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun "Anadolu" xəbər agentliyinə bildirirb.
NATO üzvü olan Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlunun qurumun baş katibi Jens Stoltenberg ilə görüşdüyü bildirilir.
Son toqquşmalar Türkiyənin dəstəklədiyi üsyançıların strateji Saraqeb şəhərini cümə axşamı günü Suriya hökumət qüvvələrindən geri aldıqlarını söylədikdən sonra meydana gəlib.
İdlibdə aparılan döyüşlər dekabr ayından etibarən təxminən bir milyon suriyalını evindən didərgin salıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada genişmiqyaslı döyüşlərin bölgədə "qan gölü" yaradacağını bildirib. Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyanın şimalında atəşkəs çağırışlarını rədd edib.
Belçika və Almaniyanın mülki şəxslərin öldürülməsinin dayandırılması lazım olduğu barədə verdiyi şərhə Rusiya səfiri yeganə həll yolunun terrorçuların ölkədən qovulması olduğu cavabını verib.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik “CNN Türk”ə verdiyi açıqlamada Türkiyənin NATO-nu məlumatlandıracağını bildirib. "NATO-nu müşavirələrə dəvət edirik. Bunu qatil rejimin beynəlxalq birliyə qarşı etdiyi bir hücum kimi qəbul edirik. Ümumi bir reaksiya verilməsini gözləyirik. Bununla bağlı işlər görürük. Sabah NATO ilə müşavirə prosesləri başlayır. Bundan sonra konkret dəstək gözləyirik," - cənab Çelik deyib.
Bəllidir ki, Suriyadakı vəziyyəti nizama salmaq üçün tərəflər arasında Astanada razılaşma da əldə olunmuşdu. Həmin razılaşma niyə pozuldu və Türkiyəni bu proseslərdə nə gözləyir?
Qabil Hüseynli: “NATO kömək etsə, Türkiyə üçün çətin olmaz”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin razılaşmanı pozan Rusiya oldu: “Daha doğrusunu desək, Rusiyanın iştahası bir qədər artdı. Ona görə də Türkiyəyə arxa çevirdi. Hazırda vəziyyət çox gərgindir və demək olar ki, Türkiyə təklənmiş vəziyyətə düşüb. Türkiyəni prosesdən kənarlaşdırmaq üçün İdlibə hücum başladı. Bu hücumda İranın “Sepah”ı, Livanın “Hizbullah”ı da iştirak edib. Bu proses Türkiyəyə qarşı vahid cəbhənin formalaşmasına gətirib çıxardı. Rusiyanın Suriyada hərbi-hava qüvvələri isə havadan Türkiyə Silahlı Qüvvələrinə zərbələr endirir. Çox dramatik bir vəziyyət yaranıb. NATO təcili toplanmaq qərarını verib. Onların nizamnaməsinin 4-cü maddəsinə görə, hər hansı bir NATO ölkəsinə hücum olarsa, qurum öz dəstəyini verməlidir. Bununla yanaşı, Türkiyənin Təhlükəsizlik Şurası da toplanıb və mühüm qərarlar qəbul edib. Artıq Türkiyə Ordusu bütün cəbhə boyu Suiriya Ordusuna zərbələr endirir. Bu əməliyyatlar da çox uğurla gedir. Suriya bir bataqlıqdır, oradan çıxmaq elə də asan deyil. NATO kömək etsə, Türkiyə üçün çətin olmaz. Hətta Bəşər Əsədi də devirmək, İran və Rusiyanı oradan çıxarmaq mümkündür. Yox, belə dəstək olmayacaqsa, vəziyyət pisləşəcək. Türkiyənin başqa bir ölkənin ərazisində təkbaşına böyük bir koalisiya ilə müharibə etməsi çətindir. Gəlin arzulayaq ki, Türkiyə bu sınaqdan tezliklə və az itki ilə çıxa bilsin”.
Məhəmmədəli QƏRİBLİ