09/07/2020 17:41
728 x 90

Əliyevin “qaz strategiyası”nın qələbəsində Trampın fəal dəstəyi bütün mötəbər sənəd və kürsülərdə “qırmızı xətlə” keçir...

img

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən onlara Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştiraklarına  görə təşəkkür edib:

“Bu, həqiqətən də yaxşı ənənəyə çevrilib. Biz hər il nəticələri nəzərdən keçirir və gələcək işləri planlaşdırırıq. Biz artıq yekun mərhələyə yaxınlaşan “Cənub Qaz Dəhlizi” layihəsinin ildən-ilə çox mühüm icrasını müşahidə edirik. Ümidvaram ki, bu ilin sonunadək bütün işlər tam yekunlaşacaq. Bildiyiniz kimi, biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və “Cənub Qaz Dəhlizi”nin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra, əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu bizə “Şahdəniz” və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır.

Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib".

Göründüyü kimi, ölkə başçısı ABŞ Prezidentinə ölkəmizin təşəbbüskarlığı ilə həyata keçirilən meqa enerji layihələrinə verdiyi şəxsi dəstəyə görə minnətdarlığını ifadə edib. Bu gün beynəlxalq aləmdə öz yeri və rolu olan Azərbaycan dünyanın böyük dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurub. Təbii ki, ölkəmizin artan nüfuzu bu münasibətlərin möhkəmlənməsində və daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın milli maraqlarına hörmətlə yanaşır, onunla hesablaşırlar. Bu sırada ABŞ xüsusi yer tutur. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan ABŞ-ın əsas müttəfiqidir. Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. ABŞ ölkəmizin həyata keçirdiyi qlobal enerji layihələrinə hər zaman dəstək verib və bu siyasətini davam etdirir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda da bu məqama toxunulub. “Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və “Cənub Qaz Dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm”, - deyən ABŞ Prezidenti tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzuladığını vurğulayıb. Kifayət qədər səmimi fikirlərlə zəngin məktubda ABŞ-ın Azərbaycana nə qədər böyük önəm verdiyi açıq şəkildə görünür. Trampın başqa bir məktubunda isə bunlar deyilir: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. “Cənub Qaz Dəhlizi” daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir”. Məktubda yer alan bu fikirlərdə ölkəmizin dünya enerji təhlükəsizliyinə, sülh və sabitliyə verdiyi töhfə xüsusi olaraq vurğulanır. Təbii ki, ABŞ kimi güclü dövlət də bilir ki, Azərbaycanın regiondakı inkişafda, sülh və sabitlikdə böyük payı var. Bu baxımdan da İlham Əliyevin Trampa etdiyi minnətdarlığın dərin köklərdən qaynaqlandığını görürük.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər