07/04/2020 13:12
728 x 90

ATƏT PA-da və AŞPA-da Azərbaycan deputat korpusunun fəaliyyəti niyə ciddi səmərə verə bilmir...

Arzuxan Əlizadə: “Hər iki beynəlxalq təşkilatda deputat qrupunun fəaliyyəti arzuolunan səviyyədə olmayıb”

img

Məlum olduğu kimi, artıq neçə ildir Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər. Fevralın 9-da ölkədə keçirilən parlament seçkilərinə sözügedən təşkilatlar tənqidi prizmadan yanaşdılar. AŞPA və ATƏT PA-nın mövqeyi ondan ibarət oldu ki, guya seçkilər Avropa demokratiya normalarına uyğun olmayıb. O səbəbdən sözügedən seçkiləri əhalinin iradəsinin azad ifadəsi hesab etmək olmaz.

Sözügedən qurumların seçkilərin nəticələrinə tənqidi yanaşacağı gözlənilən idi. Məsələ ondadır ki, parlament seçkiləri keçirilməzdən əvvəl siyasi məhbus məsələsi gündəmə gətirildi və s.

O da məlumdur ki, AŞPA və ATƏT PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətləri fəaliyyət göstərirlər. Belə ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva (bitərəf), Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri), Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), Sahibə Qafarova (Yeni Azərbaycan Partiyası), Sevinc Fətəliyeva (Yeni Azərbaycan Partiyası), Rafael Hüseynov (bitərəf), Rövşən Rzayev (bitərəf) və Vüsal Hüseynov (Yeni Azərbaycan Partiyası) daxildir.

Azərbaycanı ATƏT PA-da isə Milli Məclisin vitse-spikeri olmuş Bahar Muradova, deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Ülviyyə Ağayeva və Elşad Həsənov təmsil ediblər.

Ötən illər ərzində sözügedən deputat korpusu bu təşkilatlarla işləyib. Ancaq görünən odur ki, bütün bunlar həmin qurumların Azərbaycana olan münasibətinin müsbət istiqamətdə dəyişməsinə təsir etməyib. Bəlkə də deputat korpusu bu qurumlarla səmərəli işləsəydi, mənzərə fərqli olardı. Həmin təşkilatlar seçkilərə tənqidi yanaşmazdılar. İstənilən halda, ATƏT PA-da və AŞPA-da Azərbaycanın deputat qrupunun fəaliyyətini səmərəli hesab etmək olarmı?

  • “O baxımdan onların fəaliyyətini qənaətbəxş hesab etmək olmaz”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, hər iki beynəlxalq təşkilatda Azərbaycanın deputat qrupunun fəaliyyəti arzuolunan səviyyədə olmayıb: “Hesab edirəm ki, bu etiraf edilməlidir. Həmin deputat qrupları gərək bu təşkilatlarla işi səmərəli quraydılar. Daha keyfiyyətli iş ortaya qoyulsaydı və bu qurumlarla sistemli iş aparılsaydı, hazırkı mənzərə başqa cür ola bilərdi. Beynəlxalq təşkilatlarla işin qurulması çox vacib məsələdir. Düzdür, sözügedən qurumların ikili standartlardan çıxış edərək siyasət yeritmələri də faktdır. Hansı ki, Ermənistanın təcavüzünü çox vaxt görməzdən gəlirlər, işğalçı ölkədə baş verən pozuntulara münasibətdə konkret mövqe tutmurlar və s. Ancaq bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycanı təmsil edən deputat qrupu bu təşkilatlarla işi yetərincə qura bilməyib. Hər halda, daha çox işləmək və keyfiyyətli nəticə ortaya qoyulmalı idi. Ancaq bu baş vermədi. O baxımdan onların fəaliyyətini qənaətbəxş hesab etmək olmaz”.

Vidadi ORDAHALLI

Son xəbərlər