İran prezidenti Həsən Ruhani ölkənin universitetlərində daha çox akademik azadlığa çağırış edib.
Tehran Universitetində tələbələrin qarşısında çıxış edən islahatçı prezident deyib ki, məhdudiyyətlər innovasiyaya hüdud qoyur.
"Yersiz məhdudiyyətlər tolerantlığın olmamasına və vicdanlı, bilikli şəxslərin uzaqlaşmasına səbəb olur", prezident Ruhani əlavə edib. İranda islahatlara qarşı olanlar cənab Ruhaniyə etiraz edib.
Dövlət televiziyasında yayımlanan çıxışında cənab Ruhani deyib: "Biz universitet professorlarının müxtəlif fikirlərini səsləməsi barədə narahat olmamalıyıq".
Prezident həmçinin xarici professorların cəsus olması barədə narahatlıqları rədd edib, bu cür bəyanatları "bəhanə" adlandırıb.
Tədris ilinin başlanğıcı ilə bağlı tələbələrə müraciət edən ölkə prezidenti həmçinin tələbələrin tədbirdə çıxış etməməsi barədə narazılığını ifadə edib: "Mən danışmaq üçün deyil, dinləmək üçün bura gəlmişəm... Təəssüflər olsun ki, bu günkü proqramda tələbələr assosiasiyasının nümayəndəsi çıxış etməyib".
Cənab Ruhani əlavə edib ki, İslamın elmə yanaşması o demək deyil ki, bu fənnə əhəmiyyət verilməməlidir.