"İraq və Şam İslam Dövləti" (İŞİD) yaraqlıları Türkiyə tərəfindən mümkün yerüstü əməliyyatlara qarşı bu ölkə ilə sərhəddə səngərlər qazırlar. Yaraqlılar bu addımı Türkiyə hərbi texnikasının Suriya ilə sərhədə göndərilməsindən sonra atıblar və səngərlər qazmağa başlayıblar.
Türkiyə Silahlı Qüvvələri (TSK) İŞİD-in nəzarətində olan yerlərin qarşısındakı Türkiyə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib. TSK sərhəd xəttində tank və digər zirehli texnika ilə geniş təhlükəsizlik tədbirləri alıb.
Qeyd edək ki, Türkiyənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.
Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.
Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.