Ukrayna böhranına görə, Rusiyaya tətbiq olunan sanksiya siyahısında olan «Sberbank»a aid «Denizbank» qara siyahıdan çıxarılıb.
Baki- xeber.com saytı Rusiya KİV-inə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə fəaliyyət göstərən «Denizbank»ı sanksiya siyahısından çıxardığını açıqlayıb.
ABŞ Maliyyə Nazirliyi Xarici Aktivləri Rəhbərliyinin yaydığı məlumata görə, mart 20-də elan edilən sanksiya siyahısında «Denizbank» və bəzi başqa təşkilatlar siyahıya daxil edilməyib. ABŞ-ın «Denizbank» xaricində fiziki və hüquqi şəxslər üçün tətbiq etdiyi sanksiyalar davam edir.
ABŞ və Qərb ölkələri Ukrayna böhranına görə, bir çox rus iş adamları, yüksək rütbəli məmurlar və şirkətlərə qarşı sanksiya tətbiq edib. Sanksiyalar enerji və maliyyə sektoru ilə müdafiə sənayesində fəaliyyət göstərən şirkətləri də əhatə edir.
Rusiya bankçılıq sektorunda önəmli yerə sahib olan «Sberbank»ın Qərb bazarlarında uzun müddətli borc imkanı məhdudlaşdırılıb. 99,85 faiz hissəsi Rusiyanın dövlət bankı «Sberbank»a aid olan «Denizbank» da sentyabr ayında sanksiya siyahısına daxil edilmişdi.
«Sberbank» «Denizbank»ı 2012-ci ildə 6,5 milyard dollara satın almışdı.
«Sberbank»la birlikdə Moskva Bankı, Rusiya Əkinçilik Bankı, Gazprombank, VEB və VTB Bank da sanksiya siyahısına salınıb.