"İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərini ələ keçirmək üzrədir.
Suriya kürdlərinin Demokratik Birlik Partiyasının hərbi qanadı olan, PKK-ya yaxınlığı ilə tanınan YPG-nin nəzarətindəki şəhərdə küçə döyüşlərinin getdiyi xəbər verilir.
Nurman-xeber.az bildirir ki, xarici xəbər agentlikləri Kobaninin şərqindəki bir binada artıq IŞİD-in bayrağının dalğalandığını bildirir. Bundan başqa şəhər üçün strateji önəm daşıyan bir təpədə də İŞİD bayrağı qaldırılıb. Şəhərin İŞİD-in əlinə keçmək üzrə olduğu bildirilir.
Sözügedən proseslər hələlik Kobaninin tam olaraq İŞİD-in əlinə keçməsi mənasına gəlməsə də qarşıdurmaların daha da qızışdığı bildirilir. BBC-yə açıqlama verən kürd rəsmilərdən biri İŞİD-in Kobani üçün strateji əhəmiyyətə malik Miştenur təpəsini ələ keçirdiyini və şəhərin də hər an İŞİD-in əlinə keçə biləcəyini bildirib.
Qarşıdurmalar əsnasında Suriya tərəfində atılan mərmilər Türkiyə tərəfində 4 nəfərin yaralanmasına səbəb olub. Türkiyə ərazisinə düşən mərmilərin İŞİD tərəfindən atıldığı bildirilir
Digər tərəfdən Kobani şəhərində IŞİD-in hücumlarının artması və Türkiyə ərazisinə düşən mərmilərdən sonra Türkiyə Silahlı Qüvvələri hərbi texnikanın sayını artırıb, bölgəyə gətirilən çox sayda tank sərhəd xəttində düzülüb. Bundan başqa Suriya ərazisi görünən yüksəkliklərə də yerləşdirilən tankların üzü Suriyaya çevrilib.