Suriya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Türkiyənin hərəkəti Suriyaya qarşı açıq hücum" kimi xarakterizə edildi.
Suriyanın iki nazirliyi BMT-nin baş katibi və BMT Təhlükəsizlik Şurası başçısına iki məktub göndərib.
Suriyanın rəsmi agentliyi «Sana»nın xəbərinə görə, məktubda, Türkiyə hökuməti "BMT-nin qurucu üzvlərindən biri olan, suveren və müstəqil bir dövlətin daxili işlərinə müdaxiləni qadağan edən BMT müqaviləsini" pozmaqla günahlandırılır.
Bundan başqa BMT Təhlükəsizlik Şurasının Türkiyənin qərarını qınamağa dəvət edilməklə yanaşı, Türkiyə hökumətinin bu mövqeyinin Suriyaya "açıq hücum təşkil etdiyi" iddia edilir.
Qeyd edək ki, Türkiyə rəsmiləri bildirir ki, qəbul edilən İraq və Suriya ilə bağlı qanun layihəsi sırf qardaş ölkəni gözlənilən təhdid və təhlükələrdə qorumaq məqsədi daşıyır. Bununla yanaşı Türkiyə hökuməti bölgədə yaranmış təhlükəli vəziyyətə görə, haqlı olaraq Əsəd rejimini günahlandırır. Bu gün bölgədə böyük bir təhlükəyə çevrilmiş terror təşkilatı İŞİD-in güclənməsinə birbaşa Suriya rejimi şərait yaradıb. Bununla bağlı ortada ciddi faktlar da var. Misal üçün qeyd edilir ki, 2 ay bundan əvvələ qədər Suriya rejimi ilə İŞİD heç bir halda üz-üzə gəlməyib. Əsəd rejimi Suriya müxalifətinin mövqelərini bombaladığı halda bu cür addımlar İŞİD-ə qarşı atılmayıb. Digər tərəfdən rejim müxalifətin mövqelərini bombalayıb onları geri çəkilməyə məcbur etdikdən sonra sözügedən mövqelər heç bir maneəsiz İŞİD-in əlinə keçib. Necə deyərlər hava əməliyyatlarını Əsəd, yerüstü əməliyyatları isə İŞİD yerinə yetirib. İndi isə İŞİD güclənib, qonşu ölkələr, eləcə də Türkiyə üçün böyük bir təhlükəyə çevrilib.
Rəsmilərin açıqlamasına görə, Türkiyənin qəbul etdiyi son qərar da İraq və Suriyadan gələn bu təhlükəni önləməyə hesablanıb.
Suriya rejiminin etirazı isə sadəcə öz ömrünü uzatmaq cəhdidir. Digər tərəfdən dolayısı ilə İŞİD-i qorumaq cəhdidir. Çünki Əsədin yetərincə əsgəri qüvvəsi yoxdur. Rejimin əsas gücü hərbi hava qüvvələridir. Belə bir vəziyyətdə isə İŞİD-in ortada olması rejimin işinə yarayır. Çünki İŞİD-in hədəfində müxaliflərdir, Əsədin hakimiyyətdən getməsi uğrunda mübarizə aparan qüvvələr.
İndi İŞİD-in məhv edilməsi rejimə müxaliflərin daha da güclənməsinə səbəb olacaq. Digər tərəfdən, o da istisna edilmir ki, İŞİD-lə yanaşı Əsəd də anti-İŞİD koalisiyasının hədəfi olacaq.