Qabil Hüseynli: “Onlar hazır tezislər üzrə bu cür fəaliyyətə məcbur edilir”
Ermənistan mediası baş nazir Nikol Paşinyanın hakimiyyət başına gələn kimi verdiyi məsuliyyətsiz bir bəyanatı “ütüləməyə” başlayıb. Söhbət erməni baş nazirin qondarma “Dağlıq Qarabağ Respublikası”nın sülh danışıqlarında müstəqil tərəf kimi vacib iştirakı ilə bağlı səsləndirdiyi bəyantdan gedir.
Proseslərin gedişi göstərdi ki, Ermənistanın yeni baş nazirinin sərsəm açıqlaması heş bir siyasi dəstək qazanmadı. Dünyanın heç bir ölkəsi və beynəlxalq qurumu Paşinyanın təklifinə müsbət reaksiya vermədi. Artıq Ermənistan mətbuatı bunu hiss etdiyi səbəbindən yeni “hava çalmağa” başlayıb. Onlar iddia edirlər ki, guya Paşinyan “DQR”in danışıqlarda iştirakını vacib norma kimi irəli sürməyib. KİV-lər gözdən pərdə asmaq üçün deyirlər ki, guya Paşinyan bu fikri danışıqların effektini artırmaq kontekstindən bir variant olaraq irəli sürüb. Erməni KİV-lərinin Paşinyanın məlum açıqlamasına fərqli don geyindirməklə bağlı canfəşanlığı nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyan bütün davranışları ilə populist siyasətçi olduğunu sübut edir: “Bu məsələdə də o, populizmə varıb, özünə siyasi dividend əldə etməyə çalışırdı. Amma sonra gördü ki, hadisələrin axarı heç də onun proqnozlaşdırdığı kimi getməyib. İndi də həmin yanlışlığa bəraət qazandırmaq üçün müxtəlif addımlar atır. Ermənistan mediası bu istiqamətdə özfəaliyyət etmir. Onlar hazır tezislər üzrə bu cür fəaliyyətə məcbur edilir. Paşinyan iddia edirdi ki, o, Qarabağda deyil, Ermənistanda doğulub. Dağlıq Qarabağla əlaqəsinin “olmadığını” əsas gətirərək iddia edir ki, onların taleyi ilə bağlı danışıqları da özləri aparmalıdırlar. Bununla o həm də Ermənistanın üzərindən məsuliyyəti atmaq istəyir. Guya indiyə qədər baş verən bütün təcavüzkar siyasəti Ermənistan deyil, Dağlıq Qarabağdakı separatçılar həyata keçirib. Bunların əsas məqsədi budur ki, nəyin bahasına olursa-olsun, üçüncü tərəf kimi “DQR”i də prosesə qoşsunlar. Bununla da separatçı qurumu dünyada tanıtmağa nail olmağı düşünürlər. Sirr deyil ki, Azərbaycan torpaqlarında məskunlaşan həmin zümrə təkbaşına bu cür aqressiv etnik separatizmi həyata keçirə bilməzdi. Paşinyanın başlıca məqsədi budur. İndi media vasitəsilə dediklərinə başqa don geyindirməyə etdiyi cəhd heç də o anlama gəlmir ki, Paşinyan həmin ideyadan imtina edir. Ondan qabaq da belə cəhdlər olub, ancaq bu, ölkə başçısı kimi bu siyasəti yürütmək istəyir. Azərbaycan tərəfinin bununla bağlı mövqeyi bəllidir. Ermənistan mediasının yayındırıcı cəhdləri onların niyyətlərini kənara qoymuş olmur. Sadəcə, dəstək qazana bilmədikləri üçün, bir qədər “taym-aut” götürmək istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ