Daşdəmir Əliyev: “Bununla ordunun sayıqlığını yoxlayıb, başını qatırlar ki, diqqət Ermənistandan yayınsın”
Ermənistan silahlı bölmələrinin işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirmələri barədə məlumatlar verilir. Hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunur.
Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir. Hətta vəziyyət o həddə çatıb ki, erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutublar. Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıblar. 02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatdır: "Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır".
Ermənilərin məhz bu məqamda cəbhə xəttində aktivləşməsinin səbəbi nə ilə bağlıdır?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, belə halın yaşanması təsadüfi deyil: “Bilirsiniz ki, hazırda Ermənistanda vəziyyət çox qarışıqdır. Demək olar ki, bir aydır orada hökumət böhranı yaşanır. Əhali küçələrdən yığışmır. Onların mətbuatında gedən yazıların ruhundan da görünür ki, həm müxalifət, həm də iqtidar Qarabağ kartından məharətlə istifadə etməyə çalışır. Köhnə komanda deyir ki, biz getsək Azərbaycan gəlib torpaqları azad edəcək. Müxalifət isə bildirir ki, hakimiyyət tez təhvil verilməsə, Azərbaycan cəbhədəki üstünlüyü ələ keçirə bilər. Ermənistandakı inqlabi prosesin ilk günlərində dezinformasiya buraxıldı ki, guya Azərbaycan fürsətdən istifadə edəcək. Onlar cəhd edirdilər ki, Azərbaycanı bu provokasiyaya çəksinlər, amma alınmadı. Azərbaycan hər zaman bəyan edir ki, işğal altındakı torpaqları azad etmək əzmindədir. Biz bu bu istiqamətdə fürsətcil deyil, sistemli iş aparırıq. Onların hazırkı məqamda cəbhədə aqressivləşməsinə bir neçə aspektdən yanaşmaq olar. İlkin ehtimal budur ki, diqqəti İrəvandakı proseslərdən cəbhəyə kökləmək istəyirlər. İkincisi isə bu üsulla Azərbaycanı provokasiyaya çəkib, bizi oradakı qarışıqlıqdan istifadə edən fürsətcil dövlət kimi tanıtdırmağa cəhd edirlər. Digər versiyam isə bundan ibarətdir ki, bununla ordunun sayıqlığını yoxlayıb, başını qatırlar ki, diqqət Ermənistandan yayınsın. Çünki Ermənistandakı proseslər göstərdi ki, ordunu təmsil edən əsgər və zabitlər xidməti yerləri atıb küçələrə çıxdılar. Bu da onu deməyə əsas verir ki, cəbhə bölgəsində də həmin hadisənin təkrarlanma ehtimalı var. Əminəm ki, bizim cəbhə bölgəsindəki ordu hissələrimiz daim ayıq-sayıqdırlar və istənilən təxribatın qarşısını almağa qadirdirlər”.
Məhəmmədəli QƏRİBLİ