Ermənistanda baş verən son olaylar bu ölkədə daxili savaş ehtimalını getdikcə artırır. Düzdür, indilikdə ilk baxışda hər şey yolunda görünr. Belə ki, hakim Respublika Partiyası müxalif lider Nikol Paşinyanın baş nazir seçilməsinin yolunu açıb.
Respublika Partiyası elan edib ki, parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Respublika Partiyasının parlament fraksiyasının başçısı Vaqram Baqdasaryan bildirib ki, yeni baş nazirin seçilməsinə qarşı çıxmayacaqlar: “Ermənistanın hakim Respublika Partiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək, ancaq əmin edir ki, ikinci turda hökumət başçısı seçiləcək. Ermənistan mayın 8-də baş nazirə malik olacaq. Ermənistanın Respublika Partiyası bu posta öz namizədini irəli sürməyəcək və parlamentin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək”. Paşinyan isə artıq 105 yerlik parlamentdə 45 deputatın dəstəyini qazana bilib və beləliklə də onun mayın 8-də baş nazir seçilməsinə əngəl qalmır. Buna rəğmən, Paşinyan öz tərəfdarlarını “ayıq olmağa” və onun “Facebook” səhifəsini yaxından izləməyə çağırıb.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə qeyd edir ki, Paşinyanı baş nazir vəzifəsinə layiq şəxs hesab etmir: “O hələ də hansı ideologiya və siyasi qüvvəyə məxsus olduğunu açıqlamayıb. Onlar liberallar, konservator, yoxsa sosialistlərdir? Siyasətdə “hər şeydən bir az” olmaz. Digər tərəfdən, mənim hələ də milli təhlükəsizliklə bağlı suallarım var. Mövqeyim dəyişməyib və lazım olsa, buna görə istefaya da hazıram. Eyni zamanda, Respublika Partiyasının da mövqeyi dəyişməyib”. Bundan başqa o da məlumdur ki, əslində, hakim düşərgədə yer alanlar ölkədə mümkün daxili savaşa qarşı hazırlıq görür. Belə ki, "Hraparak" qəzetinin yazdığına görə, iqtidar təmsilçiləri ailə üzvlərini yaşadıqları evdən çıxararaq təhlükəsiz yerə aparır. Onlar etirazçıların evlərə basqın edəcəyindən qorxur. Bu işdə deputatlara Samvel Aleksanyan adlı şəxs yardım edir. Deputatlar və onların ailə üzvləri izi itirmək üçün “Astğik” xəstəxanasının təcili tibbi yardım avtomobilləri ilə daşınır. Başqa məlumatlara görə, hakim düşərgə mümkün yeni qarşıdurmalara da ciddi hazırlıq görür. Artıq məlumdur ki, Ermənistan hakimiyyəti ordunu çevik şəkildə küçələrə çıxarmaq üçün hazırlıq görür. Paytaxt yaxınlığında yerləşən ordunun xüsusi təyinatlı dəstələri hazır vəziyyətə gətirilib. Son məlumata görə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmlərinin bir hissəsi də İrəvan ətrafına gətirilib. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-İrəvan və Cəbrayıl-Gorus-Vedi-İrəvan marşurutları üzrə Ermənistan paytaxtının ətrafındakı ərazilərə yeridilib. Ehtiyac yaranarsa, məsələyə Ermənistandakı Rusiya ordusunun da müdaxiləsi mümkün sayılır. Bu isə etirazlara qarşı güc hazırlığından xəbər verir. Bundan əvvəl Nikol Paşinyan hökuməti İrəvanda mitinq iştirakçılarının üzərinə ordu göndərməməyə çağırıb. Amma indi görünən budur ki, hakimiyyət qeyd edilənləri nəzərə almağı düşünmür. İddialar səslənir ki, hakimiyyətə yenə əvvəlki kimi Rusiya hərətəfli dəstək verir.
Erməni mediası diqqəti ona çəkir ki, bu günlərdə Rusiya deputatlarından ibarət nümayəndə heyəti İrəvana gəlib və Respublika Partiyası ilə görüşüb. Ehtimallara görə, Respublika Partiyasının Paşinyanın əleyhinə çıxmasının səbəbi də məhz Rusiyada verilən qərardır. Erməni siyasi şərhçi Naira Ayrumyan Rusiyadan gələn nümayəndə heyətini “desant” adlandırır və yazır ki, Respublika Partiyasının gedişlərinin arxasında da məhz Moskva dayanır. “Respublika Partiyasının son ümidi Moskvadır. Ehtimallara görə, ölkədə etirazçılarla hakimiyyət qüvvələri arasında toqquşmalar ssenarisi hazırlanır. Bu vəziyyət Respublika Partiyasına istənilən fiquru aradan götürmək imkanı verəcək. Təsadüfi deyildi ki, parlamentin 1 may iclasında Respublika Partiyasının deputatları Paşinyana sualları Ermənistan deputatı kimi yox, Rusiya Dövlət Dumasının üzvü kimi verirdilər”. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Vladimir Cabarovun açıqlaması da maraqlıdır: “Nikol Paşinyanın xalqa çağırışı yolverilməzdir və bu, baş nazirin seçilməsini şübhə altına qoyacaq. Ermənistanı ciddi nəticələr gözləyir. Xüsusilə toqquşmaların olması qaçılmazdır”.
Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin də Paşinyanın baş nazir olmaq üçün lazımi bacarıqlara malik olmadığını qeyd edir: “Paşinyanın mövqeyi Ermənistana göstərir ki, o, dövlət həyatının bir çox məsələlərindən ardıcıllarına görünə bildiyi qədər də xəbərdar deyil. Onun Avrasiya İqtisadi Birliyinə nisbətdə öz baxış nöqtəsini dəyişdiyi artıq birinci, ya ikinci dəfə deyil. İndi özünü KTMT-yə üzvlük və Ermənistanda Rusiya hərbi bazasının iştirakına tərəfdar adlandırır. Yəni Paşinyan şübhəli olduğu bütün məsələlər üzrə indi Rusiyanın eşitməkdə maraqlı olduğu kimi danışır. Ermənistan olduqca qəliz geopolitik durumda - çəkiclə zindan arasındadır. Bu ölkə daxili şəraitə görə siyasi böhranı sonsuza qədər uzada bilməz”.
NAHİD