Ermənistanda Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Dünən səhərdən etibarən ölkə boyu kütləvi etirazlara start verilib. Müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.
Dünən səhər saatlarından başlayaraq İrəvanda bütün mərkəzi yollar, eləcə də hava limanına aparan yol Nikol Paşinyan tərəfdarları tərəfindən bağlanıb. Paytaxt İrəvanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm və Təhsil Nazirliyinin, Diaspor Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.
İrəvan metropoliteninin əməkdaşları da tətilə başlayıb. Onlar müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyasına qoşulduqlarını bəyan edib. Bildirilir ki, Karen Dəmirçyan adına Yerevan metropoliteninin bütün stansiyaları bağlanıb. Aksiyaya kütləvi tətil edən şagird və tələbələr də qoşulub.
Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barseqyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini deyib. Meriyanın mətbuat xidməti hələlik heç bir açıqlama verməyib.
Gümrüdə lokomotiv deposunun 300 işçisi də tətil elan edərək müxalifətin etiraz aksiyalarına qoşulub. Şəhərdə etiraz aksiyaları təşkilatçılarından biri Karen Marqaryanın sözlərinə görə, deponun işçiləri səhər saatlarından işə çıxmaqdan imtina edib: "Hazırda şəhərdə hər şey iflic olub. Bütün dövlət müəssisələrinin binaları mühasirəyə alınıb, küçələrdə hərəkət dayandırılıb. Biz Nikol Paşinyanın baş nazir seçilməsini tələb edirik".
Analoji hadisə Ermənistanın Maralik şəhərində də baş verib. Orada etirazçılar meriyaya daxil olaraq hökumət əleyhinə şüarlar səsləndirib. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıb.
Ermənistanda davam edən etiraz aksiyaları ilə əlaqədar yolların bağlanması ölkənin ərzaq təhlükəsizliyinə zərbə vura bilər. “Trend”in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Dövlət Gəlirləri üzrə Komitəsi narahatlığını bildirib.
Qeyd olunur ki, İrəvanda və digər şəhərlərdə əsas yolların etirazçılar tərəfindən bağlanması ərzaq maşınlarının şəhərlərə girişinə mane olur.
Etirazçıların lideri Nikol Paşinyan isə “Reuters”ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: “Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək”.
N.Paşinyan yenidən baş nazir vəzifəsinə namizədliyini irəli sürüb-sürməmək barədə düşünəcəyini vurğulayıb.
Ermənistan parlamentində dünənə nəzərdə tutulan növbəti iclas da baş tutmayıb. Buna yetərsayın əldə olunmaması səbəb olub. Qeyd olunur ki, iclas üçün 105 deputatdan yalnız 29-u qeydiyyatdan keçib. İclasın başlaması üçün 53 deputatın iştirakı vacibdir.
Müxalif “Tsarukyan” bloku bu həftə ərzində parlamentin işini boykot edəcəyini açıqlayıb.
Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix də açıqlanıb. APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək. Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib. O qeyd edib ki, baş nazir seçkisi ilə bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.
Bu arada, Ermənistanın mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Amiryanın istefa verdiyi məlum olub. APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat katibi Ruzanna Xaçatryan faktı təsdiqləyib. Lakin istefanın nə ilə bağlı olduğu açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentində günlərdir davam edən etiraz aksiyalarının lideri Nikol Paşinyan baş nazir seçilə bilməyib. Səsvermə zamanı Paşinyan ancaq 45 deputatın səsini ala bilib. 105 deputatda 56-sı isə onun əleyhinə səs verib. Hakim Respublikaçı partiyanın qanunvericiləri bütünlüklə etirazların liderinin əleyhinə çıxıb. Onlar əvvəldən bildirib ki, partiyanı təmsil edən qanunvericilər Paşinyan baş nazir vəzifəsinə yeganə namizəd olduğu halda da səslərini ona verməyəcəklər.
Qanuna əsasən, bir həftədən sonra yenidən parlamentdə baş nazir seçkiləri olacaq. Parlament ikinci dəfə baş naziri seçə bilməsə prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.
Parlamentdə müzakirələrin getdiyi vaxt vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Paşinyan baş nazir ola bilməz. Onun fikrincə, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinə dair heç bir konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala da cavabı yoxdur.
Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır.
“Heç kim sosial problemlərdən üz döndərmir. Korrupsiya və digər problemlər də var. Kimin baş nazir olmasından asılı olmayaraq, ultimatumlarla danışmaq olmaz. Bir-birinə yardım etmək lazımdır”, - deyə Şarmazanov qeyd edib.
O vurğulayıb ki, hakimiyyət ultimatumlar və ya təzyiqlərə deyil, dialoqa hazırdır. Şarmazanov qeyd edib ki, Paşinyan baş nazirin müavinləri və müdafiə naziri də daxil olmaqla, mümkün hökumətdə vacib postlara namizədlərin adını da açıqlamayıb.
Bu arada, Paşinyanı dəstəkləyən Daşnaksütyun partiyasında onun namizədliyi ilə bağlı fıkir ayrılığı yaranıb. Belə ki, səsvermədən sonra daşnaklardan bir deputatın da Paşinyanın əleyhinə səs verdiyi ortaya çıxıb. Daşnaklar Ağvan Vardanyanın partiyanın Paşinyanın lehinə səs vermə qərarına qarşı çıxmasının deputatın fərdi qərarı olduğunu bildirib. Bununla yanaşı, Daşnaksütyun millət vəkilinin partiya intizamını pozduğunu xatırladaraq, ondan deputat mandatını təslim etməsini tələb edib.
Parlamentin iclasından sonra hakim Pespublika partiyasından da qopmalar başlayıb. Belə ki, hakim partiyadan deputat olan Qriqor Avalyan millət vəkilliyindən istefa verdiyini bəyan edib.
Baki-xeber.com