Vüqar Rəhimzadə: “Məhz AŞ PA-nın yaratdığı bu basqı orada təmsil olunan deputatların faydalı iş əmsalına olduqca mənfi təsir edəcək”
AŞ PA-nın qərəzli hesabatı təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərdi. Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Müstəqil İstintaq Qurumunun korrupsiya ilə bağlı hesabatı üzrə hazırlanmış qərəzli qətnamə 123 səslə qəbul olunub.
Müstəqil İstintaq Qurumu Azərbaycanın guya bəzi AŞ PA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb. Bu araşdırmanın nəticəsi olaraq da ölkəmiz əleyhinə daha bir qərəzli və sifarişli sənəd qəbul edilib.
AŞ PA-nın böhtançı qətnaməsi gələcəkdə həmin qurumun deputatlarının ölkəmizdə fəaliyyət göstərməsi üçün də ciddi problemlər yaratmış olacaq. Onlara bu qərəzli qətnamə vasitəsilə elə psixoloji təzyiq edilib ki, həmin şəxslər ölkəmizlə bağlı olacaq gələcək ünsiyyətlərində ən adi insani jestlərdən belə ehtiyatlanmağa başlayacaqlar. Hətta Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gələn addımlara belə xoflu baxacaqlar. Bura qonaq kimi yeməyə dəvət və ya oteldə yerləşdirmək kimi adi elementar etiketdən irəli gələn davranışları da aid edə bilərik. Təbii ki, belə psixoloji basqıya deputatları biz yox, AŞ PA vadar edir. Bu cür fəaliyyət qurumda təmsil olunan deputatların ortaya qoyacağı iş əmsalına necə təsir edəcək?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirdi ki, AŞ PA yarandığı gündən belə dramatik fəaliyyət ortaya qoyub: “Bir çox hallarda isə, ümumiyyətlə, ədalət prinsipindən uzaq olub. Son hesabatda isə tamamilə qeyri-obyektivlik nümayiş etdirdi. Artıq şübhə yoxdur ki, bu qurum bəzi ermənipərəst və digər anti-Azərbaycan qüvvələrinin əlində alətə çevrilib. Bu bizdə çox təəssüf doğurur. Hesabat doğrudan da gülünc məqamlarla zəngindir. Bəli, həmin hesabatda qonaqpərvərlik və səmimiyyətdən irəli gələn kiçik jestlər belə korrupsiya kimi dəyərləndirilib. Bütün dünyada insanlara, xüsusilə də qonaqlara olan diqqət təqdir olunur. Amma təəssüf ki, bunlar belə əməlləri də öz arşınları ilə ölçürlər. Necə deyərlər, xain xoflu olar məsəlindəki kimi. AŞ PA-nın son qərarının anti-Azərbaycan meylli insanların diqtəsi ilə hazırlandığı qənaətindəyəm. Bu, AŞ PA-nın bizə qarşı qəbul etdiyi ilk qərəzli qərar deyil. Ancaq bu qərarla onlar qurumda təmsil olunan deputatları psixoloji təsir altına salırlar. Bəli, bundan sonra onlar adi bir insanlıqdan irəli gələn kiçik təklifdən belə ehtiyat edəcəklər ki, bu da səmimi münasibətdən kənarlaşmağa səbəb olacaq. Məhz AŞ PA-nın yaratdığı bu basqı orada təmsil olunan deputatların faydalı iş əmsalına olduqca mənfi təsir edəcək”.
Məhəmmədəli QƏRİBLİ