Arzu Nağıyev: “Paşinyan da bu kartdan məharətlə istifadə etməyə çalışır”
Ermənistanda baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə son çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır. “Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir” – N.Paşinyan deyib.
Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır: “Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”.
Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Onun fikrincə, Azərbaycan “hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün” danışıqlar prosesi formaldır.
Göründüyü kimi, Ermənistanın rəhbəri olmağın bir addımlığındakı şəxs sələflərindən də sərt bəyanatlar verir. Xüsusilə də Dağlıq Qarabağ konflikti ətrafındakı ritorikası daha sərtdir. Ola bilərmi ki, Paşinyan belə davranışı ilə ifrat qarabağçıların və millətçi kəsimin də rəğbətini qazanmaq istəyir? Yəni Paşinyanın Dağlıq Qarabağla bağlı hətta Sarkisyandan da sərt danışması seçkiyə hesablanan bir taktika ola bilərmi?
Politoloq Arzu Nağıyev hesab edir ki, Paşinyan baş nazir seçilsə, bu zaman Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yenilik gözlənilməyəcək: "Əvvəlcədən də məlum məsələdir ki, bütün proseslər idarəolunandır. Eyni zamanda, o da məlumdur ki, burada Dağlıq Qarabağ münaqişəsi onlar üçün prioritet istiqamətdir. Dağlıq Qarabağ kartı həmişə oynanılan kartdır. Paşinyan da bu kartdan məharətlə istifadə etməyə çalışır. Təbii ki, o bu cür sərt bəyanatları ilə ətrafına daha çox qüvvə və tərəfdar toplamaq istəyir. Paşinyanın Qarabağla bağlı ciddi güzəştə gedəcəyi heç də inandırıcı görünmür. Bütün bunlara görə də baş verən hadisələrdən sonra Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hansısa xeyrinin olacağı məsələsi ümumiyyətlə ortaya qoyulmayıb. Ermənistanda hakimiyyət böhranı öz həllini tapsa da, tapmasa da, Dağlıq Qarabağ məsələsi problem olaraq qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli nə Ermənistandan, nə də Paşinyandan asılıdır. Qarabağ problemi super güclərin də marağında həll olunmalıdır. Dağlıq Qarabağla bağlı Paşinyan ATƏT-in Minsk Qrupu ilə danışıqların yenidən bərpa olunmasını deyir. Eyni zamanda, Avropa İttifaqında məsələnin həllində danışıqlara qayıtma yolunun mühüm olduğunu qeyd edirlər. Yəni məlum məsələdir ki, Ermənistan hakimiyyətində istər Paşinyan, istərsə də digəri də olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım atılmayacaq. Qeyd edim ki, Sarkisyan nə qədər qeyri-konstruktiv mövqe seçsə də, status-kvonu saxlamağa çalışsa da, mühüm əhəmiyyətli proseslərdən xəbəri vardı. Lakin Paşinyan yeni qüvvədir və əgər seçilsə, yenidən eyni proseslər davam edəcək. Ermənistanda yeni Konstitusiyaya uyğun olaraq baş nazir dövlət başçısından da çox hüquqa malikdir. Hətta müharibə başlasa, Ermənistanda baş nazir Ali Baş Komandan funksiyasını yerinə yetirəcək. Buna görə inandırıcı görünmür ki, məhz Dağlıq Qarabağ münaqişəsi istiqamətində müsbət addım atılsın. Ermənistanda verilən bəyanatlarda da Azərbaycana müəyyən təhdidlər edilir, guya Azərbaycan silahlanır, bunun qarşılığında da onlar da silahlanmalıdır və s. Həmçinin, bu məsələdə Rusiya faktoru da var. Heç də demək olmaz ki, Rusiya Paşinyandan imtina edib”.
Məhəmmədəli QƏRİBLİ