Ermənistanda baş verən olayların bu ölkənin qarşıdakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutacağı mövqeyə göstərəcəyi təsir hələ də aktuallığını qorumaqdadır. İndilikdə işğalçı ölkədə verilən açıqlamalardan belə bəlli olur ki, İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan Qarabağ siyasətində hansısa ciddi yeniliklər etməyə hazırlaşmır. Amma ekspertlərin böyük əksəriyyəti bu fikirdədir ki, Ermənistan Qarabağ məsələsində yeniliklərə getməsə, ölkənin tənəzzülü daha sürətli xarakter alacaq. Bu səbəbdən ölkədə baş verənlər fonunda Ermənistanda yeni Qarabağ gedişlərinin reallaşması qaçılmaz sayılır.
Məsələyə qeyd olunan aspektdə münasibət bildirən məşhur alman politoloqu Aleksandr Rar hətta qeyd edir ki, Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyiş üçün imkanlar açır. Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsi Serj Sarkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil edirdi: “Sarkisyanın komandası hakimiyyətə Qarabağ dalğasında gəldi və əhaliyə “Qarabağ bizimdir” deməkdən başqa heç nə təklif edə bilmədi. Ermənistanın yeni hakimiyyəti Avropa liberal dəyərlərini bu və ya digər dərəcədə irəli çəkməyə məcbur olacaq. Əks təqdirdə, inqilabdan sonra Sarkisyanın istefası ilə Ermənistan əhalisinin həyatında ümumiyyətlə heç nə dəyişməyəcək. Yeni hakimiyyət xarici siyasət kursunu Qərbə doğru çevirməyi bacarmayacaq. Ermənistan bir neçə səbəbə görə Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilmir. Amma inqilabdan sonrakı dövrdə erməni xalqına dəyişikliklər lazımdır. Və belə dəyişikliklər daxili siyasətdə ola bilər. Deyək ki, məhkəmə islahatı, işlərə müstəqil məhkəmələrdə baxılması təminatı, iqtisadiyyatın liberallaşdırılması və sair. Bütün bunlar Qarabağ münaqişəsinin nizama salınmasında İrəvanın nisbətən praqmatik yanaşmasına gətirib çıxara bilər”.
A.Rar danışıqlar prosesi ilə bağlı proqnozlarında optimistdir: “Prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin rəhbəriyi ilə görüşündən sonra Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyişə nail olunsa, mən təəccüblənməyəcəyəm”. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanın daxili siyasi vəziyyəti yeni hökumətin nə qədər möhkəm olacağından asılı olacaq: “Adətən rəngli inqilabların qələbəsindən sonra dünənki müttəfiqlər tezliklə düşmənlərə çevrilir və vətəndaş qarşıdurmasının növbəti burulğanı başlayır”.
Bütün bunlar bir daha o qənaəti möhkəmləndirir ki, Ermənistanın bundan sonra da gələcəyini müəyyən edən əsas faktor Qarabağ amili olacaq. Yəni işğalçı ölkə Qarabağ konfliktinin həlli istiqamətində əməli addım atmasa, mütləq şəkildə məhvini daha tez yaxınlaşdıracaq. Düzdür, hakimiyyəti ələ alan Nikol Paşinyan parlamentdəki çıxışında bu xüsusda yenə sərt mövqe nümayiş etdirərək, ənənvi mövqedən əl çəkməyəcəklərini bildirir. Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclasında o bununla əlaqədar qeyd edib: “Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”. Amma bəzi ekspertlər diqqəti ona yönəldir ki, Paşinyan sadəcə blef edir və hakimiyyətini möhkəmləndirdikdən sonra bu xüsusda siyasəti dəyişməli olacaq. Dağlıq Qarabağ separatçılarının “keçmiş xarici işlər naziri” Armen Melikyan da bunu istisna etmir. O xatırladır ki, Ermənistanda keçirilən etiraz aksiyalarının ilk günlərində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan prosesin daimi iştirakçısına çevrilib. Aprelin 23-də baş nazir Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı Bako Saakyan da iştirak etmiş, bir sıra dairələr və keçmiş prezident Levon Ter-Petrosyanla da görüş keçirmişdi. Armen Melikyan bu məsələni Ermənistandakı daxili siyasi vəziyyətin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə izah edir. Onun sözlərinə görə, Serj Sarkisyanın istefası Ermənistan daxilində qüvvələr nisbətini dəyişdi və bu, Dağlıq Qarabağda siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. Melikyan qeyd edib ki, Sarkisyanın istefası İrəvan-Xankəndi münasibətlərinin formatında həm siyasi, həm də inzibati-maliyyə baxımından qeyri-müəyyənlik yaradıb. Serj Sarkisyanın istefası ilə Qarabağ klanının dövrünün başa çatmasının Qarabağ münaqişəsinin nizama salınması prosesində yaradacağı dəyişikliklərə gəlincə, o, Qarabağda yeni itkilərin ola biləcəyini vurğulayıb. Burada o, geosiyasi amillərin də ön plana çıxdığını xüsusi olaraq vurğulayır: “ABŞ və onların müttəfiqləri Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi mövcudluğuna son qoymaq, Rusiya isə Azərbaycanda öz əvvəlki möhkəm mövqelərini və hərbi mövcudluğunu bərpa etmək istəyir. Hər iki tərəf öz maraqları üçün ərazilərin qaytarılmasına bir variant kimi baxır. Hər iki tərəfin “Madrid prinsipləri”ində həmrəyliyi məhz bununla təmin olunur. Serj Sarkisyan ərazilərin təslim edilməsinin əvəzində istəyirdi ki, Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini tanısın. Məndə güman etməyə əsaslar var ki, indi “ərazilərin qaytarılması əvəzində heç nə” vəziyyəti yetişir və Qarabağda yeni itkilər ola bilər. Serj Sarkisyanın qəribə istefasından sonra ehtimal edilən itkilərə görə “günah keçiləri” Karen Karapetyan və Nikol Paşinyan olacaq”. Onun sözlərinə görə, Rusiyanın hansısa bir anda Qarabağ münaqişəsinin nizama salınmasına gedə biləcəyi istisna edilmir: “Bu ehtimal böyükdür, amma bu, yalnız Rusiyanın oyunu deyil, ona Qərb, Türkiyə, İsrail, İran və Azərbaycan cəlb oluna bilər. Ermənistan və Dağlıq Qarabağ indi oyundan kənardır”.
Qeyd edək ki, “Madrid prinsipləri”Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Bu prinsiplər münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. “Madrid prinsipləri”nə əsasən, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. İlk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi azad edilir. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir. İndiyə qədər İrəvan “Madrid prinsipləri”nin praktiki həyata keçməsini əngələlyirdi. Amma həm Ermənistan daxilində baş verənlər, həm də geosiyasi amillər artıq fərqli bir vəziyyət yaradır. Xüsusən də Rusiya amili ilə bağlı olaraq ekspertlər yaxın tezlikdə Qarabağ məsələsində yeniliklərin olmasını istisna etmir. Çünki Paşinyanın pardamentdəki çıxışları bu qənaət yaradır ki, o, Ermənistanı Rusiyanın nəzarəti altından çıxarmağı düşünür. Düzdür, Paşinyan bildirib ki, Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə dəyişikliklər etmək niyyətində deyil: “Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya İttifaqı və KTMT-nin üzvü olaraq qalacaq. Bu təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Amma biz Avropa Birliyi və üzvləri ilə münasibətləri dərinləşdirəcəyik. Biz Avropa Birliyi ilə viza rejiminin liberalizasiyasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”. Bütün bunlar isə Ermənistanın Kremlin nəzarətindən çıxması deməkdir və təbii ki, belə vəziyyət Moskvada xoş qarşılanmır. Bu mənada gözlənir ki, Rusiya Ermənistana qarşı iqtisadi, siyasi təzyiqlərlə yanaşı, Qarabağ kartından da istfiadə etsin. Məhz bu amil erməni hakimiyyətinin taleyinin həll olunmasında xüsusi rol oynayır. Məsələyə bu prizmadan yanaşan politoloq Qabil Hüseynli bildirir:
“Rusiya Paşinyana inanmır və İrəvana səfər edən rusiyalı deputatlar da burdan o qədər də xoş təəssüratla ayrılmayıblar. Vladimir Putinin özü də Ermənistanın Rusiyanın təsir dairəsindən çıxa biləcəyindən ehtiyatlanır. Artıq Paşinyanın timsalında həm Rusiya, həm də bölgə üçün davakar bir insanın peyda olduğuna dair fikirlər yayılmaqdadır. Rusiya bundan çəkinir. Hər halda, Ermənistan özünün çox ziddiyyətli və qarşıdurmalarla dolu bir mərhələsinə daxil olur. Hətta Paşinyanın baş nazir seçilməsindən sonra belə Ermənistanda ən azı bir neçə aya sabitliyin baş tutacağını gözləmək mümkün deyil”. Hər halda, hadisələrin inkişaf axarı yaxın tezlikdə özünü daha dəqiq formada göstərəcək. Ermənistan ya Qarabağ məsələsində Azərbaycanın dedikləri ilə razılaşaraq dövlət kimi mövcudluğunu davam etdirəcək, ya da qısa müddət ərzində tarixin arxivinə qovuşmaq kimi sonluqla barışmalı olacaq. Çünki yuxarıda qeyd olunduğu kimi, Ermənistanın mövcudluğu, inkiaşfı bilavasitə Qarabağ konfliktinin həllindən, Azərbaycanla normal münasibətlərin qurulmasından keçir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.