Məhəmməd Əsədullazadə: “Çünki İran regionda öz təsir dairəsini genişləndirməyə çalışır”
Məlum olduğu kimi, İsrail Parlamenti baş nazir Benyamin Netanyahuya müdafiə nazirinin razılığını aldıqdan sonra müharibə elan etmə səlahiyyəti verən qanun layihəsini səsvermədən keçirib. Belə ki, baş nazirə fövqəladə hallarda Müdafiə Naziriyi ilə məsləhətləşərək, müharibə elan etmə səlahiyyəti verən qanun layihəsi ikinci və üçüncü səsvermələrdə qəbul edilib. Bu qanunla Netanyahu artıq müharibə elan etmək üçün hökumətin və ya Knesset Təhlükəsizlik və Siyasi İşlər Komissiyasının razılığını almaq məcburiyyətində qalmayacaq.
Onu da qeyd edək ki, parlamentin iclasında baş nazir Netanyahu İranın nüvə silahına dair proqramdan imtina etmədiyini deyərək, İsrail kəşfiyyatının bununla bağlı çox ciddi kəşfiyyat məlumatları ələ keçirdiyini bəyan edib. Baş nazir bildirib ki, həmin sənədləri tezliklə beynəlxalq ictimaiyyətə açıqlayacaq və mütləq İranı cəzalandıracaqlar.
Baş nazir çıxışında ABŞ Prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişinin yenilənməsi ilə bağlı davam edən danışıqlarda daha qətiyyətli addım atacağına da inandığını deyib: “Biz yaxın günlərdə onun dünyanın təhlükəsizliyi ilə bağlı çox mühüm qərar verəcəyinə inanırıq”.
Rəsmi Tehran isə hələlik parlamentin qərarına rəsmi reaksiya verməsə də, hələ iclasdan əvvəl də B.Netanyahunun İranın nüvə proqramı haqda səsləndirdiyi ittihamlara cavab verib. İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, İsrailin bu bəyanatı şoudur: “Bu bəyanat gülüncdür. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynayır”.
Bütün hallarda, İsrail Parlamentinin məlum qərarı iki ölkə münasibətlərində hansı perspektiv vəd edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın Suriyada hərbi hərəkətliliyi inkişaf etdirməsi və burada öz hərbi strateji obyektlərini inşa etməsi İsrailin təhlükəsizliq maraqlarını təhdid edir: “Bunu İsrail rəsmi şəkildə qeyd edərək, İranın Suriyada möhkəmlənməsinə imkan verməyəcəyini dəfələrlə bildirib. Fikir versək görərik ki, artiq İrana qarşı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ittifaqı qurulur. Məhz ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Yaxın Şərq səfərini İranla bağlı məsələlərə həsr edib. Həqiqətən İran ABŞ və İsrailin regional maraqlarına qarşı Hizbullah və Husi silahlı birləşmələrini inkişaf etdirib və bu birləşmələrə silah, lojistik dəstək verir. Xüsusilə Suriyada Hizbullahın güclənməsi İsrail üçün qırmızı xəttin keçilməsi deməkdir. Qeyd edim ki, rəsmi Təl-Əviv İranın və Hizbullahın Suriyada hərbi obyektlərinə bir neçə dəfə hava hücumları təşkil edib. Hələb yaxınlığında İranın bazasına və istifadə etdiyi aerodroma İsrailin raket zərbələri göstərirdi ki, İsrail İrana qarşı qətiyyətli addımlardan çəkinmir və öz təhlükəsizliyi naminə bu addımları atır. Həqiqətən də İranın Suriyada hərbi baza yaratması və Hizbullaha dəstəyi İsrailə qarşı yönəlib. Çünki İran regionda öz təsir dairəsini genişləndirməyə çalışır. Buna da İsrail mane olur. Televiziyada İsrail baş naziri Netanyahunun İranın nüvə silahı hazırlaması barədə sənədləri təqdim etməsi, hesab edirəm ki, Tehrana qarşı ABŞ və İsrailin yeni hücum taktikasına başlayacağından xəbər verir. Knessetdə baş nazir və müdafiə nazirinə parlamentin razılığı olmadan müharibəyə başlamaq səlahiyyətinin verilməsi təsadüfi deyil. Bu, regionda vəziyyətin dəyişməsindən və İrana qarşı mümkün müharibə ehtimallarından xəbər verir”.
Vidadi ORDAHALLI