Ermənistan günlərdir davam edən etiraz aksiyalarının lideri Nikol Paşinyan baş nazir seçilə bilmədi. Baki-xeber.com xəbər verir ki, Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı bu gün keçirdiyi xüsusi iclasda baş nazir vəzifəsinə yeganə namizəd olan Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.
Səsvermə zamanı Paşinyan ancaq 45 deputatın səsini ala bilib. 105 deputatda 56-sı isə onun əleyhinə səs verib. Seçilmək üçün ona 53 səsi lazım idi. Paşinyanın namizədliyinin təsdiqi üçün 8 səs çatmayıb.
Hakim Respublikaçı partiyanın qanunvericiləri bütünlüklə etirazların liderinin əleyhinə çıxıb. Onlar əvvəldən bildirib ki, partiyanı təmsil edən qanunvericilər Paşinyan baş nazir vəzifəsinə yeganə namizəd olduğu halda da səslərini ona verməyəcəklər.
Beləliklə, Ermənistan parlamenti Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.
Qanuna əsasən, bir həftədən sonra yenidən parlamentdə baş nazir seçkiləri olacaq. Əgər parlament ikinci dəfə baş naziri seçə bilməsə prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.
Parlamentdə müzakirələrin getdiyi vaxt vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Paşinyan baş nazir ola bilməz. Onun fikrincə, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesinə dair heç konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala cavabı da yoxdur.
Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır.
“Heç kim sosial problemlərdən üz döndərmir. Korrupsiya və digər problemlər də var. Kimin baş nazir olmasından asılı olmayaraq, ultimatumlarla danışmaq olmaz. Bir-birinə yardım etmək lazımdır”, — deyə Şarmazanov qeyd edib.
O vurğulayıb ki, hakimiyyət ultimatumlar və ya təzyiqlərə deyil, dialoqa hazırdır. Şarmazanov qeyd edib ki, Paşinyan baş nazirin müavinləri və müdafiə naziri də daxil olmaqla, mümkün hökumətdə vacib postlara namizədlərin adını da açıqlamayıb.
Bu arada, Paşinyanı dəstəkləyən Daşnaksütyun partiyasında onun namizədliyi ilə bağlı fıkir ayrılığı yaranıb. Belə ki, səsvermədən sonra daşnaklardan bir deputatın da Paşinyanın əleyhinə səs verdiyi ortaya çıxıb. Daşnaklar Ağvan Vardanyanın, partiyanın Paşinyanın lehinə səs vermə qərarına qarşı çıxmasının deputatın fərdi qərarı olduğunu bildirib. Bununla yanaşı, Daşnaksütyun millət vəkilinin partiya intizamını pozduğunu xatırladaraq, ondan deputat mandatını təslim etməsini tələb edib.
Parlamentin iclasından sonra hakim Pespublika partiyasından da qopmalar balayıb. Belə ki, hakim partiyadan deputat olan Qriqor Avalyan millət vəkilliyindən istefa verdiyini bəyan edib.