Yeganə Hacıyeva: “Bu onların ölkəmizə qarşı müəyyənləşdirdiyi təzyiq vasitəsində ana xətt sayılır”
Avropa Şurası Parlament Assambleyasında məhz ölkəmizdə keçirilən prezident seçkilərindən dərhal sonra Azərbaycanla bağlı qərəzli müzakirələrin aparılmasına start verildi. Təbii ki, bunu təsadüf saymaq olmaz. Məhz bu missiyanın Azərbaycandakı seçkilərlə bağlı qərəzli rəyi ölkəmizdə böyük narazılıqla qarşılandı.
Əslində, Azərbaycan özünə qarşı bu qurumdan ikili standartlara uyğun yanaşmanı uzun müddətdir hiss edib. Bu dəfə isə artıq əndazə aşılıb. Qeyd edək ki, AŞ PA-nın yaz sessiyasında qurumun daxilində korrupsiya hallarının olması və orada Azərbaycana yönəlik ağlasığmaz ittihamların yer alması rəsmi Bakının da haqlı və sərt etirazına səbəb olub. Tam əminliklə demək olar ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb. Azərbaycanın insan hüquqları və azadlıqlarla bağlı problemlərin susdurulması yönündə “bazarlıq” etdiyi barədə ittiham azmış kimi, guya AŞ PA deputatlarına və rəhbərliyinə daxil olan şəxslərə intim xidmət təklif olunması ittihamı ortaya atılıb. Artıq dövlət rəsmiləri, deputatlar səviyyəsində Avropa Şurasından çıxmaqla bağlı fikirlər səslənməyə başlayıb. Əslində, AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun sessiyadakı çıxışında “Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm” bəyanatını verməsindən sonra bunlar gözlənilən idi. Göründüyü kimi, Azərbaycana qarşı yönələn budəfəki ittihamlar sırasında əvvəlcədən düşünülmüş detallar mövcuddur. Bura intim xidmət təklifini aid edə bilərik. Avropadakılar bilirlər ki, Azərbaycan xalqı bu cür məsələlərə onlardan bir qədər fərqli, yəni həssas yanaşır. Ola bilərmi ki, Azərbaycanla bağlı AŞ PA-da aparılan müzakirələrdə məhz intim münasibətlər mövzusuna ölkə daxilində daha çox qıcıq yaratmaq üçün toxunulub?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, cəmiyyətimizi bir neçə gündür dərindən hiddətləndirən bu mövzuya toxunmağımız yerinə düşmüş oldu: “Bu suala cavab verməzdən əvvəl bəzi məqamları qeyd etmək istərdim. Birincisi, AŞ PA ona üzv olan 47 üzv ölkənin siyasi partiyalarından formalaşan bir klubdur. Orada təmsil olunan siyasi partiyaların nümayəndələri arasında öz ölkələrindəki hakimiyyətlərə fərqli münasibətlər sərgiləyənlər var. Belə qurumlarda lobbiçiliyin aparılması siyasətin qaydalarından sayılır və o qədər də təəccüblü görünmür. Həmin qurumlarda Azərbaycanın haqqını qorumaq, təbliğ etmək bizim haqqımız sayılır. AŞ PA heç bir halda belə lobbi qruplarının deşifrə olunmasına getməməli idi. Bu, siyasi mədəniyyətə uyğun deyildi. Biz sizinlə söhbətlərimizdə bu hadisənin baş verəcəyini proqnozlaşdırmışdıq. Proses Pedro Arqamuntla başladı və indiki hesabata köklənmişdi. Faktiki olaraq bizimlə bağlı məsələdə AŞ PA öz nizamnaməsindən irəli gələn hüquqi qərarını siyasi üsullarla həyata keçirdi. Arqamunt hadisəsi zamanı qərar qəbul ediləndə biz bildirdik ki, əslində, bu, lobbi qruplarının deşifrə edilməsinə hesablanıb. Hazırda görünən budur ki, orada lobbi qruplarının müharibəsi gedir. Arqamuntun quruma sədr seçilməsində Azərbaycanın adının hallandırılması da təsadüfi deyildi. Bu günlərdə baş verənlərin hamısı o proseslərdən qaynaqlanıb. Beynəlxalq təşkilatlarda müxtəlif coğrafiyalara hansı üsulla təsir etməyin yolları dəqiqliyi ilə araşdırılır. Azərbayan həm Şərq ölkəsidir, həm də xüsusi mental dəyərlərə həssaslıqla yanaşan toplumdur. Burada ailə namusu, qız-gəlin söhbəti qırmızı cizgi sayılır. Hər nə qədər də bu qloballaşan dünyanın trendləri Azərbaycana nüfuz etsə də, bu dəyərlərə sayğı olduğu kimi qalmaqdadır. Faktiki olaraq biz AŞ PA-nın toxunduğu mövzuya uyğun davranışı prezident seçkiləri öncəsi Avropadakı bəzi mühacirlərimizin də davranışında müşahidə etdik. Onlar da ölkəmizin simvollarını, milli-mənəvi dəyərlərini söyüş söyməklə hədəfə alırdılar. Bu onların ölkəmizə qarşı müəyyənləşdirdiyi təzyiq vasitəsində ana xətt sayılır. 2005-ci ildən peşəkar siyasətlə məşğul oluram. Onun böyük hissəsini beynəlxalq təşkilatlarla əlaqədə keçirmişəm. Orada istənilən cür çıxışların şahidi olmuşam, cinsi azlıqların hüquqlarından tutmuş, daha nələrə kimi. İndiyə qədər heç bir hesabatda siyasətçilərə qızların təklif olunmasına rast gəlməmişəm. Guya hansısa üzv deyib ki, iki qız gəlmişdi. Bu cür gülməli və əsası olmayan arqumentə görə bir ölkəni ləkələmək olar? Mən hesabatın özü ilə tanış olmuşam. Söz yığınından başqa bir şey deyil. Hesabat özlüyündə Azərbaycan lobbi qrupunu və bu qrupla əməkdaşlıqda olan nüfuzlu avropalı siyasiləri ləkələmək məqsədilə tərtib olunub. Beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi olan, indi və ya zamanında yüksək postlar tutmuş şəxslərin adlarının çəkilməsi, onları əsası olmadan bu və ya digər iqtisadi maxinasiyalarda günahlandırmaq, bu şəxslərin ölkəmizlə xoşməramlı dostluq münasibətləri əsasında qurulmuş mövcud və gələcək əməkdaşlığını pozmaq məqsədi güdülür”.
Məhəmmədəli QƏRİBLİ