Akif Nağı: “Həmişə əlverişli bir məqam gözləyiblər ki, bizə zərbə vursunlar”
Ermənistan prezidenti Armen Sarkisyan “Belarus 1” telekanalına açıqlamasında dolayısı ilə Azərbaycana yalvararaq deyib:
“Ümid edirəm ki, gərgin daxili siyasi vəziyyətdə Dağlıq Qarabağda hər hansı gərginlik olmayacaq. Ermənistanda yaşanan bu çətin vəziyyətdə hər kəsə çağırış edib deyirəm ki, Dağlıq Qarabağda hər hansı provokasiya və ya konflikt olmaması üçün gərginlik məhdudlaşdırılsın”. Onun bu çağırışının daha çox hazırda siyasi səhnədə uduzmaqda olan Qarabağ klanının üzvlərinə, o cümlədən Qarabağ separatçılarına da ünvanlandığı birmənalıdır. Çünki aprelin 13-dən Ermənistanda sabiq baş nazir Serj Sarkisyanın əleyhinə kütləvi nümayişlər başlayandan sonra düşmən tərəfi guya Azərbaycan Ordusunun cəbhə bölgəsində fəallaşması ilə bağlı “video” paylaşaraq, öz əhalisini şantaj etməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı görüntüləri təkzib edərək, ölkəmizin cəbhədə hər hansı gərginlik yaratmaq və hücum niyyətində olmadığını, ancaq qarşı tərəfin istənilən təxribatına ən sərt şəkildə cavab veriləcəyini bildiriblər. Son vaxtlar Ermənistanda baş verən hadisələr bizimlə onlar arsında olan daha bir mühüm fərqliliyi ortaya çıxarmış oldu. Sübut olundu ki, bizimlə Ermənistanın sülhsevərliliyi və digər göstəriciləri arasında kəskin fərq mövcuddur. Faktiki olaraq Azərbaycan Ermənistandakı qarışıqlıqdan əlverişli məqam kimi istifadə edib təmas xəttində gərginlik yaratmadı. Bu heç də o anlama gəlmir ki, biz buna başqa ölkələrin etdiyi çağırışlara rəğmən getmirik. Yox, ərazisi işğal edilən ölkə kimi bizim istənilən zamanda, istənilən vasitə ilə torpaqlarımızı azad etmək kimi haqqımız var və bunu bizə kimsə qadağan edə bilməz. Biz, sadəcə, milli mənəviyyatımızdan irəli gələn dəyərlərimizə sadiqlik nümayiş ediririk. Azərbaycan xalqı heç vaxt kəmfürsət olmayıb, heç vaxt düşməninə arxadan hücum etməyib. Ancaq gəlin görək, ermənilər yazılmayan bu qanunlara hansı səviyyədə əməl ediblər? Onların müharibədəki başlıca uğurları Azərbaycan daxilində hakimiyyət uğrunda mübarizənin qızışdığı, ölkəmizdəki stabilliyin pozulduğu dönəmə təsadüf edir. Məhz 1993-cü ildə yaranan boşluqdan istifadə edərək, onlar bir neçə rayonumuzun işğalını reallaşdıra bildilər. Bütün bunlar Ermənistanın kəmfürsət bir ölkə olduğu anlamına gəlirmi?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, kəmfürsətlik onların qanında olan kefiyyətdir: “Biz qonşu yaşamışıq və aramızdakı münaqişənin qədim tarixi var. Hər zaman müşahidə etmişik ki, onlar daim fürsətcil olublar. Həmişə əlverişli bir məqam gözləyiblər ki, bizə zərbə vursunlar. Ancaq biz mərdlik keyfiyyətlərimizi göstərmişik. Düşmənlə də kişi kimi vuruşmuşuq. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin əksəriyyəti Novruz bayramına və ya o ərəfəyə təsadüf edir. Onlar bilirlər ki, həmin vaxt bizim millətin başı bayrama qarışıq olur. Hətta bu məqamda belə kəmfürsətlik etməyə macal tapırlar. İndiki Qarabağ müharibəsi zamanı biz bunun bir daha şahidi olduq. 1993-cü ildə Azərbaycanın daxilində yaranmış vəziyyətdən ustalıqla istifadə edib, namərdcəsinə bizim bir neçə rayonumuzu işğal etdilər. Həmin vaxt Azərbaycanın daxilində vəziyyət çox qarışıq idi. Təəssüf ki, bütün bu hadisələr beynəlxalq təşkilatların və böyük dövlətlərin gözü qarşısında baş verdi. Ancaq indi İrəvanda vəziyyət bir qədər qarışan kimi, hətta passiv olan Minsk Qrupu sülhün qorunmasının vacibliyi ilə bağlı bəyanat verdi. BMT-nin baş katibi həmin bəyanatdan irəli gələn tələbi təkrar etdi. Biz burda da ikili yanaşmanın şahidi oluruq. İstənilən halda, bütün bunlar onu deməyə əsas vermir ki, biz erməniləri çox gözləyəcəyik. Onsuz da kimin orada hakimiyyətə gəlməyindən asılı olmayaraq, onların Dağlıq Qarabağ siyasəti dəyişməyəcək. Əksinə, biz radikallaşmanı hiss edə bilərik. Azərbaycan mütləq mənada öz torpaqlarını işğaldan azad etməlidir. Mənasız danışıqlarda biz çox vaxt itirməməliyik. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də məhz bu məqamı xüsusi olaraq vurğuladı ki, lazım gəlsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ