Qabil Hüseynli: “Belə iqtisadi münasibətlərin dərinləşməsi nəticəsində Azərbaycan iqtisadiyyatı güclənir və Böyük Britaniyanın timsalında biz daha da etibarlı bir müttəfiq qazanmış oluruq”
Prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə etdi. Təbii ki, bu səfər iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğun həyata keçirildi.
Bununla bir daha bəyan edildi ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələr və yaxın müttəfiqlərdir. Türkiyədən sonra Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri reallaşdı. Bu səfər Türkiyə ilə yanaşı, Böyük Britaniya və Azərbaycan arasında da tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi, həmçinin, Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Şübhəsiz ki, bu heç də təsadüfi deyil. Çünki Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdəndir. Təkcə Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyamızın həyata keçirilməsində başlıca rol oynayıb. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşündə deyib: “Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirirlər… Hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır…”.
Qeyd edək ki, Böyük Britaniya dünyadakı erməni lobbisinin çox zəif olduğu bir ölkədir. Azərbaycanın Böyük Britaniya ilə iqtisadi münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə ölkəmizin mövqeyini nə dərəcədə gücləndirmiş olur və bunun bizə hansı faydaları ola bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bunun sözsüz ki, bizə müsbət mənada təsiri var: “Ancaq hər şey daha çox Azərbaycanın məsələni necə qoyacağından asılıdır. Çünki Britaniya bizə iqtisadi sahədə daha çox dəstək verə bilər. Bilirsiniz ki, iqtisadi münasibətlərin yaxşı olması siyasi əlaqələrin keyfiyyətinə də təsir edir. Bu baxımdan da Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin daha da dinamik inkişaf edəcəyini söyləyə bilərik. Çünki İlham Əliyevin səfəri nəticəsində enerji sahəsində çox mühüm bir razılıq əldə edildi. Böyük Britaniya dünyada söz sahibi olan ölkədir. Erməni lobbisinin orada zəif olması bizim üçün mühüm amildir. Ona görə ki, erməni lobbisinin güclü təşkilatlandığı ölkələrdə biz fərqli mənzərənin şahidi oluruq. Bəzən isə biz həmin ölkələrlə münasibətləri daha yaxşı nizamlamaq üçün xeyli əziyyət çəkirik. Erməni lobbisi bizim uğurlarımızı zəiflədən bir amilə çevrilib. Bunu etiraf etməliyik. Böyük Britaniyada onlar zəifdirlər və bu özünü iki ölkənin münasibətlərindəki müsbət meyllərin artmasında göstərir. Hazırda bp şirkəti Azərbaycanda çıxarılan neftin operatorudur. Bizim neftimizin Avropaya nəqli işləri ilə də onlar məşğul olurlar. Xəzərin cənub, yəni bizə aid olan hissəsində bir yatağımızı İran mübahisəli adlandırır. Son zamanlar isə öz adına çıxmağa çalışır. Azərbaycan Prezidentinin İrana səfəri nəticəsində kompromis bir qərara gəlindi ki, həmin yataqlar birgə işlənsin. İrana qarşı da beynəlxalq sanksiyalar mövcuddur. Həmin yataqlar çox dərindədir. Onları istismar etmək üçün lazım olan avadanlıqları bp istehsal edir. Hesab edirəm ki, bp şirkəti ilə bu yatağın işlənməsi istiqamətində də müqavilə imzalamaq lazımdır. Məndə olan məlumata görə, artıq bp buna razılıq verib. Bütün bu geniş layihələrdə birgə əməkdaşlıq bizim gücümüzü artırır, eyni zamanda, bizim təhlükəsizliyimizə təminat verir. Dağlıq Qarabağla bağlı məsələyə gəldikdə isə, bunun bizə yalnız müsbət təsiri ola bilər. Çünki belə iqtisadi münasibətlərin dərinləşməsi nəticəsində Azərbaycan iqtisadiyyatı güclənir və Böyük Britaniyanın timsalında biz daha da etibarlı bir müttəfiq qazanmış oluruq”.
Məhəmmədəli QƏRİBLİ