Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı qərar verildikdən sonra həm bu ölkəyə Qərb istiqamətindən təzyiqlərin artması, həm də daxildə müəyyən maraqlı proseslərin getməsi müşahidə olunur.
Xatırladaq ki, seçkilərin 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılırdı. Lakin Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Baxçalı 2018-ci il avqustun 26-da növbədənkənar seçkilərin keçirilməsini təklif edib. Bundan sonra isə onunla prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib və seçkilərin cari il iyunun 24-də keçirilməsi razılşadırılıb. Artıq Türkiyədə prezidentliyə namizədlər mayın 4-dən 9-dək irəli sürülə bilər. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dövlət başçısı postuna namizədi qismində indiki prezident Rəcəb Tayyib Ərdoğan çıxış edir. Elə Milliyyətçi Hərəkat Partiyası da onu dəstəkləyir. Dövlət Baxçalı bu xüsusda bildirir: “Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır. Cəhd bizdən, təqdir türk millətinin, himayə isə Allahdandır”. Beləlkilə, Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının vahid namizədi olması artıq dəqiqləşib.
Xalqların Demokratik Partiyası (HDP) isə partiyanın keçmiş həmsədri Səlahəddin Dəmirtaşın prezidentliyə namizəd olması haqda qərar qəbul edib. Hazırda həbsdə olan Dəmirtaş namizəd olmağa razılaşıb. Ümumiyyətlə, növbədənkənar prezident və parlament seçkilərində 10 siyasi partiya mübarizə aparacaq. Türkiyənin Ali Seçki Təşkilatı bildirir ki, Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası (BTP), Böyük Birlik Partiyası (BBP), Cumhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiyası, Xalqların Demokratik Partiyası, İYİ Partiya, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası və Vətən Partiyasının seçkidə iştirak etmək hüququ rəsmən təsdiqlənib. Yeni seçki qanununa görə, prezidentliyə namizəd olacaq şəxslər deputat mandatı uğrunda mübarizə apara bilməz.
İndi maraq doğuran məqam budur ki, ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyası seçkidə hansı gedişləri sərgiləyəcək? Belə görünür ki, Cumhuriyyət Xalq Partiyası burada mürəkkəb bir oyun oynamağı düşünür. Əvvəla, bu qurum İYİ Partiya ilə münasibətlərini yaxlışadırmağa xüsusi diqqət yetirir. Qeyd edək ki, bir neçə gün əvvəl CHP-nin 15 millət vəkili partiya sədrinin təlimatı ilə İYİ Partiyasının sıralarına qoşulmuşdu. CHP-nin İYİ Partiyanı seçkilərə daşımaq üçün atdığı bu addımı AKP ciddi tənqid etmişdi. Qeyd edək ki, hazırda Türkiyə parlamentində Maral Akşenerin lideri olduğu İYİ-nin 5 depuatı var. Bu sıraya qatılan 15 deputatdan sonra İYİ 20 deputatı ilə parlamentdə fraksiyası olacaq 5-ci partiya kimi avtomatik seçkiyə qatılmaq imkanı qazanır. CHP lideri Kamal Kılıncdaroğlu isə İYİ-nin parlamentə gedən yolunu açmaqla AKP ilə mütəffiq olan MHP-nin mövqelərini zəiflətməyi düşünür. Amma CHP təkcə qeyd edilənlərlə kifayətlənmir. Partiya prezident seçkilərində müxalifətin vahid namizədi qismində Türkiyənin 11-ci prezidenti Abdullah Gülü görmək üçün hərəkətə keçib. Türkiyə mediasının yazdığına görə, Səadət Partiyasının sədri Temel Karamollaoğlu Abdullah Gülü növbəti dəfə prezident seçkilərində namizəd olması üçün razı saldığını deyib. Bu məsələ ilə bağlı Temel Karamollaoğlu Kamal Kılıçdaroğlu ilə söhbətləşdiyi və razılığa gəldiyi bildirilir. Abdullah Gülün vahid namizəd olacağı barədə iddialar seçkilərə ittifaqla gedən AKP ilə MHP-də narazılıq yaradıb. Lakin sonradan Abdullah Gül seçkilərə müxalif düşərgədən vahid namizəd qismində qatılmaqdan imtina edib. O, yalnız ictimai tələb olduğu halda seçkilərə qatılmağı mümkün sayıb: "Mən həmişə demişəm, prezident vəzifəsindən gedəndən sonra böyük siyasətdən də gedəcəyəm. Ölkəmi şərəflə təmsil etdim. Nə mənim, nə də ailəmin belə bir gözləntisi var. Güclü və firavan bir Türkiyə istəyirik. Bundan başqa bir arzumuz yoxdur". Bu vəziyyət müxalifət düşərgəsi üçün bir qədər gözlənilməz olub və onlar yenidən vahid namizəd axtarışana start verib.
Türkiyənin baş naziri Binəli Yıldırım bu xüsusda CHP sədri Kamal Kılıçdaroğluna xitabən bildirib: “Sizin daxildə prezidentliyə namizəd olacaq əməkdaşınız yoxdur? Kamal bəy, sən partiya sədrisən, ana müxalifət partiyasının rəhbərisən, sənə yaraşan namizəd olmaqdır və “mən də varam”, "Türkiyəni idarə etməyə mən də namizədəm" deməkdir. Niyə qapı-qapı gəzirsən, namizəd axtarırsan, niyə özün namizəd olmursan? Əgər partiya sədrisənsə, millətin səndən gözlədiyi namizəd olmaqdır, axtarmaq deyil”
Belə vəziyyətdə daha bir maraqlı məqam Qərbin seçkilərə münasibətidir. Məsələn, məlumdur ki, Avropa Şurası Parlament Assambleyası ( AŞPA) 24 iyun növbədənkənar prezident seçkilərinin təxirə salınması ilə bağlı Ankaraya çağırış edib. Qurumun qəbul edilən qərarında buna səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib. Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb. Amma Binəli Yıldırım AŞPA-ya öz işləri ilə məşğul olmağı məsləhət görüb: “Yaxşı olar ki, Avropa Şurasının Parlament Assambleyası öz işlərilə məşğul olsun. Seçkini o deyil, Türkiyə keçirir”.
Bəzi Avropa ölkələri də artıq qərəzli mövqelərini açıq sərgiləyirlər. Məsələn, Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, ölkəsində Türkiyədən olan siyasətçilərin seçki kampaniyasında iştirakına icazə verilməyəcək. Xatırladaq ki, 2017-ci il aprelin 16-da Türkiyədə keçirilən referendum öncəsi türkiyəli nazirlərin Almaniyada seçki kampaniyasında iştirakı ləğv edilmişdi. Prezident Ərdoğan bu qərarı “nasist fəaliyyət” adlandırmış və bu, iki ölkə arasında gərginlik yaratmışdı. Amma Almaniya indi də eyni mövqedə dayanır. Almaniyadan sonra bənzər bəyanatlar Hollandiya və Avstriyadan da gəlib.
Hollandiyanın baş naziri Mark Rutte seçkilər vaxtı Ərdoğanın və AKP rəsmilərinin Hollandiyada təbliğat kampaniyası aparmasına icazə verilməyəcəyini bildirib: “Türkiyə rəsmilərinin, keçən il referendum seçkilərində olduğu kimi, bu dəfə də Hollandiyaya gələrək seçki kampaniyası aparmasına qarşıyıq. Kənardan problem idxal etmək istəmirik”.
NAHİD