Yaxın Şərqdə baş verənlər İran və İsrail arasında müharibə ehtimalını getdikcə daha sürətlə artımaqdadır. Belə görünür ki, Rusiya və ABŞ arasında savaş ehtimalının arxa plana keçdiyi bir vaxtda İran-İsrail müharibəsi qaçılmaz reallığa çevrilir.
Xüsusən də Suriya ərazisində İranın hərbi obyektlərinə İsrailin hava zərbələrinin intensivləşməsi vəziyyəti daha gərgin məcraya yönəldir. Tehran bəyan edir ki, İsrail bu zərbələrə görə mütləq cavab verməli olacaq. Amma bunlara rəğmən, İsrail yenidən Suriyada hökumət qüvvələrinin və Əsədə dəstək verən iranyönümlü qruplaşmaların bazalarına güclü raket zərbələri endirib. “Frans press” agentliyi bu raket zərbələri nəticəsində azı 26 hərbçinin öldüyünü bildirir, onların bir qismi İran hərbçiləridir. “Sky News” telekanalı 40 hərbçinin öldüyünü, 60-dan çox hərbçinin yaralandığını bildirir. Yaranmış vəziyyəti şərh edən Avigdor Eskin Rusiyanın “regnum.ru“ saytına açıqlamasında artıq İran-İsrail savaşının qaçılmaz olduğunu qeyd edir. O, burada ABŞ amilinə də xüsusi diqqət çəkir: “ABŞ dövlət katibi postunda görünən Mayk Pompeo dərhal Səudiyyə Ərəbistanına yollanıb. Orada ərəb həmkarları ilə İrana yeni sanksiyalar tətbiqi zərurətini müzakirə edib. Onun sözlərinə görə, İranla iç il əvvəlki saziş Yaxın Şərqdə sabitliyə şərait yaratmaqdansa, İranı daha çox idarəolunmaz edib. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İrana təzyiqin gücləndirilməsi üçün qətiyyətlə çıxış edib. O, İranın sazişi pozmasına sübut kimi Yəməndə husilərə təkmilləşdirilmiş raketlərin tədarükü faktını göstərib. Amerika administrasiyası isə nüvə döyüş başlıqları üçün raket istehsalı və “Hizbullah”, HƏMAS döyüşçülərinin maliyyələşdirilməsini İranın ayağına yazır.
Bütün bunlar Tramp administrasiyasının qərarının elan edilməsindən iki həftə qabaq baş verir. Bəs bu administrasiya Tehran sazişi pozduğuna görə İranla müqaviləni pozacaq, ya yox? Vaşinqtonun belə bir qərarı İranla sazişin sonu olacaq, çünki Vaşinqton Avropa tərəfdaşlarını seçim qarşısında qoysa, onlar qəti şəkildə Amerika ilə iqtisadi əlaqələrə üstünlük verəcək. Bir də, sazişin mənası da itir, çünki Qərb tərəfdən əsas oyunçu ABŞ olaraq qalır.
Tehranda da ritorik közərti müşahidə olunur. Suriya ərazisində İran zabitlərinə zərbə üzündən İsrailə amansız divan tutmaqla bağlı son həftələrin ritorikası hədədən o yana keçmir. Ölkə daxilində etiraz aksiyaları səngimir, xalqın geniş qəzəbini isə məhz İsrailə qarşı yönəltmək indilikdə çətindir. Amma bu, İran respublikasının ruhani lideri və başçısı ayətullah Əli Xamneyiyə bu günlərdə yalnız aktiv müqavimətin “işğal edilmiş Fələstini azad edəcəyi”ni bəyan etməyə mane olmayıb. O əlavə edib: “Biz İsrailin demontajını açıq görürük”.
Xamneyinin bu açıqlaması ilə yanaşı, İsrail baş naziri Benyamin Netanyahunun davranış modulunda da dəyişikliklər müşahidə edilir.O, ehtiyatı və siyasətdə beynəlxalq münaqişələrdən yayınmağa can atan taktiki güzəştlərilə ad çıxarıb. Adətən, cəsur təşəbbüslər və risqli hərəkətlər ona yaddır. Amma son zamanlar getdikcə daha artıq qətiyyət sərgiləyir. Ola bilsin bu, bütünlükdə yerli polisin onun ayağının altını qazmağa sonu görünməyən cəhdlərindən doğan narazılıq hissilə bağlıdır. O bununla xeyli dərəcədə ABŞ prezidenti Donald Trampa oxşayır. Netanyahunun indiki qətiyyəti bu gün Vaşinqtonda onun dostlarının idarəetməsilə xeyli dərəcədə bağlıdır. Amerika administrasiyası İsrailin tarixində yəhudi dövlətinə münasibətdə heç vaxt bu qədər mehriban olmayıb. Moskvaya xəbərdarlıq etmədən Rusiya və Suriya qüvvələrinin də yerləşdiyi hərbi aerodromun ərazisində İran zabitlərinə zərbə endirmək qətiyyətli və hətta bir qədər risqli addımdır. Əlbəttə, zərbə o qədər nöqtəvi və dəqiq hazırlanıb ki, heç bir rusiyalı və suriyalıya əsla toxunulmayıb. Lakin İsrail bu zaman Rusiya HHM sistemlərinin zəif effektivliyini göstərib. Netanyahunun sərt və döyüşkən əhvalı, ərəb dünyasında İrandan narazılıq və əslində, Vaşinqtondakı güzəştsiz köklənmə güman etməyə əsas verir ki, İranla münaqişə qaçılmazdır”.
Bu arada diqqət çəkən daha bir məqam Mayk Pompeonun açıqlamalarıdır. O bildirir ki, İran bütün dünyada terrorun ən böyük sponsorudur: “Biz İranın heç vaxt nüvə silahına malik olmayacağına əmin olmaq istəyirik. İranla saziş hazırkı formada bu əminliyi təmin etmir. Əvvəlki administrasiyadan fərqli olaraq, biz İran terrorçuluğunun geniş miqyasına laqeyd yanaşmayacağıq”. Benyamin Netanyahu bu fonda qeyd edir ki, ABŞ-ın mövqeyi onları tam qane edir: “İran mütləq dayandırılmalıdır. Onun nüvə proqramı ilə bağlı fəaliyyətini və aqressiyasını dayandırmaq gərəkdir. Biz bunu birlikdə etmək istəyirik”. Bütün bunlar isə İsrail-İran savaşının ilkin xəbərdarlığı kimi qiymətləndirilir.
Tahir TAĞIYEV