Ermənistanda baş verənlər bu ölkədə artıq yaxın tezlikdə yeni bir hakimiyyət formalaşacağını göstərir. “Vətəntaş sazişi” partiyasına və “Mənim addımım” hərəkatına rəhbərlik edən Nikol Paşinyanın mayın 1-də baş nazir seçilməsi artıq qaçılmaz hal sayılır. Düşmən ölkədə baş verənlər Azərbaycan üçün də maraqlıdır. Ən azından bu, Nikol Paşinyan və onun formalaşdıracağı yeni hakimiyyətin Qarabağ məsələsində hansı mövqe sərgiləyəcəyi baxımdan xüsusi maraq kəsb edir.
İndilikdə bir məqam dəqiqdir ki, bundan sonra Ermənistanda yeni dönəm başlanır və yeni hakimiyyət Qarabağ kartı üzərində iqtidara gəlməyən ilk qüvvələrdən olacaq. Paşinyanın isə hökumət başçısı vəzifəsini tutması qaçılmazdır. Çünki Ermənistanın hakim Respublika Partiyası da ölkənin baş naziri postuna öz namizədini irəli sürməyəcək. Partiyanın mətbuat katibi Eduard Şarmazanov bu xüsusda bildirib: “Biz baş nazir postuna namizəd irəli sürməmək barədə qərar qəbul etmişik, lakin fraksiya yekdilliklə səs verəcək”. Bundan başqa, parlamentdə 31 mandata malik “Çiçəklənən Ermənistan” partiyası da Paşinyanı dəstəkləyir. Partiyaya rəhbərlik edən oliqarx Haqik Tsarukyan, hakim koalisiyanın keçmiş ortağı olan “Daşnaksütyun” partiyası Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklərini bəyan edib. Ermənistanın hazırda parlamentdə təmsil olunmayan ən köklü siyasi partiyalarından olan “Ramkavar-Azatakan” partiyası parlamenti etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyanı baş nazir təyin etməyə çağırıb. Partiyanın bəyanatında bu barədə bildirilir: “Partiya parlamenti 1 mayda keçiriləcək iclasda Nikol Paşinyanı Baş nazir seçməyə və ona dövlət qurumlarının düzgün işləməsini təmin etmək üçün müvəqqəti hökumət qurma səlahiyyətini verməyə çağırır”. Beləliklə, Nikol Paşinyanın tamamilə konstitusion formada hakimiyyət başına gəlməsi üçün heç bir maneə qalmır. Amma onun idarəçiliyi dövründə də Ermənistanda nəsə ciddi dəyişiklik gözlənilmir. Bura Qarabağ münaqişəsi də daxildir. Belə ki, Paşinyan artıq Qarabağa dair mövqeyinin nədən ibarət olduğunu açıqlayıb. Məsələn, o sərsəmləməyə başlayır ki, Qarabağ məsələsində Azərbaycan qeyri-konstruktiv mövqe nümayiş etdirir: “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdirdə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”. Paşinyana görə, Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Paşinyanın bu bəyanatları göstərir ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən Qarabağ münaqişəsinin nizamlanması baxımından müsbət nəsə gözləməyə dəyməz. Halbuki, Paşinyan məhz Qarabağ münaqişəsinin həll edilməməsindən yaranan ağır sosial-iqtisadi situasiya sayəsində Serj Sarkisyanı devirib və hakimiyyətə gəlmək üzrədir. Ekspertlər isə qeyd edir ki, Qarabağ məsələsində Paşinyan hansısa mövqe dəyişikliyinə getməsə, Ermənistanın süqutu qaçılmaz olacaq. Çünki bu ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onun xilası yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən keçir.
Digər tərəfdən, Ermənistanın mövqeyində dəyişikliklərin olmaması Azərbaycanı ərazi bütövlüyünü güc yolu ilə təmin etmək varinatına əl atmağa vadar edir. Bu isə Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da böyüməsi deməkdir. Elə erməni ekspert Artur Matveyev də Rusiyanın “life.ru” saytına açıqlamasında bildirir ki, müharibə Ermənistan üçün əsl fəlakət olacaq: “Dağlıq Qarabağda heç kim yeni müharibə istəmir, amma hər kəsdə müharibənin başlaması gözləntisi var. Xankəndidə sakitlikdir, şüarlar eşidilmir. “Aprel müharibəsi” başa çatıb, lakin hər kəsdə yeni müharibə qorxusu var. Sakinlər danışır ki, İrəvanda aksiyalar başlayanda yük maşınları əsgərləri cəbhəyə daşıyırdı, həmçinin, hərbi texnika da hərəkətə keçdi. Əsgərlər tank və artilleriyalardan atəş açaraq təlim keçir. Bəlkə də, günəşli havaya baxmayaraq, Qarabağdakı ermənilərin üzləri məhz müharibə qorxusuna görə tutqundur“. Digər tərəfdən hakimiyyətə yiyələnən Paşinyan özü də dərk etməmiş deyil ki, onu hakimiyyətə gətirən başlıca səbəblər sayılan yoxsulluq, kütləvi mühacirət, sosial-iqtisadi səfalət məhz Qarabağ məsələsinin nizamlanmamasından qaynaqlanır. Əks halda xalq bu keçmiş qəzet müxbirinin ardınca küçələrə axın etməzdi. İndi Qarabağ münaqişəsinin tənzimlənməsində yol verəcəyi istənilən yanlışlıq həm onun hakimiyyətdən gedişini tezləşdirmək, həm də Ermənistanın problemlərini daha da böyütmək üçün bəs edir. Bunu digər erməni ekspert Andranik Miqranyan Rusiyanın “RİA Novosti” portalı üçün hazırladığı analitik materialda da xüsusi olaraq diqqətə çatdırır: “Bu gün İrəvanın siyasi mühitində baş verənlər həm Ermənistanda, həm də bütün dünyada demokratiyanın zəfəri, hökumətin və erməni xalqının müdrikliyi kimi qəbul edilir. Qanuni seçilmiş baş nazir meydana toplanmış, peşəkar demaqoq və populistin yönəltdiyi kütlənin basqısı altında istefa verib. Kütlənin başçısı indi konstitusiya və qanunlardan yan keçib bu kütlənin və meydanın adından təyinatlı kimi baş nazir kreslosuna oturmaq istəyir, bundan sonra indi fəaliyyətdə olan hakim partiyanı ləğv etməyə, parlamenti buraxmağa və icra hakimiyyətinin bütün rıçaqlarına yiyələnib inzibati resursları nəzarətə alaraq erkən parlament seçkiləri elan etməyə hazırlaşır. Sonra yeni parlament çoxluğu tərəfindən yeni “qanuni baş naziri seçiləcək”.
Ermənistanda etiraz hərəkatını yəhərləmiş kütlə liderinin əsl strategiyası artıq aydın görünür. O, vətəndaş itaətsizliyi aksiyasından maksimum dividend əldə etməyə, onu inqilaba çevirməyə, icra hakimiyyəti rıçaqlarını ələ keçirərək, arxasındakı meydana söykənərək öz qələbəsini seçkilərdə möhkəmləndirməyə çalışır.
Ermənistanda siyasi prosesin bu cür inkişaf məntiqi nələr doğura bilər? Milli elit çevrələr, başda öz demaqoqu olmaqla, meydanın bütün qanunları və konstitusiyanı pozmaqla hakimiyyətin qəsb edilməsinə yol verməmək üçün birləşməsə, Ermənistanı məxməri adalanan inqilabın ən kədərli nəticələri gözləyir. Birincisi, onun məxməri olacağı yəqin deyil. Öz liderini dəstəkləyən kütlə ədalət tələb edir, bu isə hakimiyyət və sərvətin yenidən bölünməsi deməkdir. Mühasirədə – bir qonşusu Azərbaycanla qaynar müharibədə, başqası – Türkiyə ilə, demək olar, yüzillik soyuq müharibədə olan kasıb bir ölkədə həm vəzifəni, həm də mülkü birindən alıb o birinə verməyə kütləni razı salmağın özgə üsulu yoxdur. Bu, cəmiyyətin bu küçə inqilabına qədər malik olanlara və bundan sonra malik olmaq istəyənlərə ciddi şəkildə bölünməsinə birbaşa yoldur.
İkincisi, bu, hüquq və dövlətçilik ideyasına sarsıdıcı zərbədir. Əgər kütlə bu gün əvvəlcə Serj Sarkisyanın, indi isə Karapetyanın da getməyini tələb edirsə, zəmanət haradadır ki, sabah özünün ötəri qibləgahı, demaqoq Paşinyandan məyus olaraq onun istefasını tələb etməyəcək? Bu isə belə də olacaq. Çünki sosial ədalət haqda onun təsəvvürlərini qane etməyəcək. İnqilabi kütlələr təcili nəticələr tələb edir. Ya onlara əvvəlcə bir qədər qarət və özlərinin gerçək və ya xəyali düşmənləri üzərində özbaşınalıq etmək imkanı verilir, sonra isə böyük qandan keçməklə onları küncə qovurlar, ya da dərhal böyük zorakılıqdan istifadə olunur ki, kütlənin oxlokratik ehtirasının tüğyanı dəf olunsun. Hər iki variant Azərbaycan və Türkiyə ilə müharibə şəraitində olan Ermənistan dövləti və cəmiyyəti üçün fəlakətlidir.
Üçüncüsü, postsovet məkanında bu oxlokratik ehtirasların artıq tüğyan etdiyi və bu ölkələrin qanunları və konstitusiyasından yan keçməklə kütlənin küçə və meydanlarda doğurduğu inqilabi hökumətlər qurduğu bir neçə dövlətin təcrübəsi var. Ən xarakterik nümunələr Ukrayna və Gürcüstandır. Orada da insan ləyaqətinin bərpası üzrə inqilabdan, xalqın tiraniyaya qarşı üsyan haqqından və oliqarxik hakimiyyətin özbaşınalığından danışırdılar. Müəyyən müddət keçdikcə şahid olduq ki, son həddə çatdırıldığını və itirməli heç nəyi olmadığını dərk edən insanlar sonradan inqilabi sarsıntılara qədərki asayiş və həyat səviyyəsini arzulamağa başlayıb.
Və sonuncusu. Ümid etmək istəyirəm ki, Ermənistan elitası bu oxlokratik eyş-işrəti cilovlamaq və erməni dövlətçiliyini bərpa etmək üçün özündə güc tapacaq, ya da – bu haqda yazmaq mənim üçün nə qədər qüssəli olsa da – görünür, bizim xalq öz milli dövlətində yaşamağa qabil deyil. Bu göstərəcək ki, xalqın çoxlu yüzliliklər boyunca milli dövlətçiliyi itirməyinə bais heç də düşmənlər deyilmiş. Bu göstərəcək ki, bu zəhmətsevər, istedadlı, ixtiraçı xalq özünü ancaq özgələrin qurduğu dövlətlər çərçivəsində təsdiq edə bilər, erməni torpağında və erməni milli dövləti çərçivəsində inkişaf və tərəqqisi üçün milli dövlətini isə yarada bilməz. Və yenidən formalaşmış erməni dövlətinin həm hökuməti, həm elit çevrələri, həm də sırtıq və yaxud öz xalqını və ölkəsini dağıdıcı sosial sarsıntılar burulğanına sürükləyən tamamilə məsuliyyətsiz demaqoqların manipulyasiya etdiyi küçə kütlələri buna görə eyni dərəcədə məsuliyyət daşıyır”. Qeyd edilənlərdən aydın görünür ki, Paşinyanın hakimiyyətə gəlişindən heç də bütün ermənilər məmnun deyil. İndi bu şəxs üzündən Qarabağ məsələsində heç bir dəyişiklik olmasa, ilk mərhələdə Ermənistanın izolyasiya vəziyyətində qalması qaçılmaz olacaq. Bu isə ölkənin üzləşdiyi problemlərin miqyasının daha da böyüməsi deməkdir. Digər tərəfdən Paşinyan da sələfləri kimi qeyri-konstruktiv mövqe tutarsa, bu hal yeni Qarabağ savaşını da qaçılmaz edir. Həmin savaşda Ermənistanın həm məğlubiyyəti, həm də daha böyük fəlakətlərlə üzləşməsi, yuxarıda qeyd olunduğu kimi, qaçılmazdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.