Elçin Mirzəbəyli: “Ölkəmiz qurumdan çıxsa, Avropa, bütün mənalarda, bundan itirəcək”
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana qarşı növbəti dəfə qərəzli münasibətilə yadda qalıb. Qurumun yaz sessiyasının plenar iclasında ölkəmizin də adının hallandırıldığı subyektiv mülahizələrə əsaslanan qətnamə layihəsi müzakirəyə çıxarılıb, anti-Azərbaycan mövqeli avroparlamentarilərin fəallığı ilə qəbul edilib.
Müstəqil İstintaq Qurumu Azərbaycanın guya bəzi AŞ PA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb. Bu araşdırmanın nəticəsi olaraq da ölkəmiz əleyhinə daha bir qərəzli və sifarişli sənəd qəbul edilib. Korrupsiya ittihamları üzrə istintaq qrupunun qeyri-obyektiv hesabatı əsasında qəbul olunan bu qətnamə bəzi siyasi dairələrin rəsmi Bakıya qarşı təzyiq siyasətinin davamı, təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlanğıcı kimi dəyərləndirilir.
Beynəlxalq birliyin Azərbaycana qarşı ikili standart mövqeyi bir çox hallarda özünü göstərir. Xüsusən beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları, demokratiya sahəsində görülən işlərə ikili standart mövqeyindən yanaşırlar. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının reallaşdırılmasının dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən beynəlxalq təşkilatların qərəzli münasibətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq qəbul olunmur. Bu baxımdan, AŞ PA-nın Azərbaycana qarşı münasibətini heç də birmənalı olaraq qəbul etmək mümkün deyil. Əslində, beynəlxalq birlik AŞ PA-ya insan haqlarının müdafiəçisi kimi baxır. AŞ PA isə buna cavab olaraq qarşılıq verə bilmir. Faktiki olaraq bu təşkilat hansısa qüvvələrin oyuncağına çevrilir.
Ümumilikdə, AŞ PA-nın qərəzli, qeyri-obyektiv bəyanatlara əsaslanan qətnaməsinə qarşı ictimaiyyətdə etirazlar artır. Bununla yanaşı, Azərbaycanın qurumdan çıxması ilə də bağlı çağırışlar artır. Azərbaycanın bu qurumdan çıxacağı təqdirdə nə itirəcəyi ilə bağlı suala cavab birmənalıdır. Əksəriyyətin cavabı bundan ibarətdir ki, Azərbaycan bundan heç nə itirməyəcək. Maraqlıdır, bəs Avropa Şurası bundan nə itirəcək?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, nəinki qurum, Avropa bundan çox şey itirəcək: “AŞ PA-nın missiyası qurumda təmsil olunan ölkələrlə əməkdaşlığı təmin etmək və dialoq aparmaqdan ibarətdir. Təftiş və istintaq aparmaq qurumun funksiyasına daxil olan məsələ deyil. Təəssüflər olsin ki, AŞ PA bu missiyasından kifayət qədər kənara çıxıb. Bu aspektdən də son dövrlər adıçəkilən məkanda dialoqla bağlı kifayət qədər ciddi bir problem yaranıb. Ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana qarşı ədalətsiz münasibətlər sərgilənir. Hansı dövlət müstəqil siyasət yeridir, həmin dövlətə qarşı təzyiq edirlər. Azərbaycana qarşı da məhz ermənipərəst, ölkəmizin müstəqil siyasət yeritməsini qəbul etməyən dairələr belə mövqe tuturlar. Şübhəsiz ki, Azərbaycana qarşı olan bu ədalətsiz mövqe kəskin şəkildə pislənilməlidir. Sözügedən proses davam edəcəksə, təbii ki, bu, bütövlükdə, AŞ PA-nın öz nüfuzuna zərbə ola bilər. Dövlətlər Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlı olmayacaqlar. Ona görə də yürüdülən siyasətin yanlış olmasını AŞ PA-da təmsil olunan ayrı-ayrı ölkələrin diqqətinə çatdırmaq lazımdır. Azərbaycana qarşı ədalətsiz mövqeyin sərgilənməsi xüsusi vurğulanmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə yardım göstərir. İstəyir ki, Avropa bir mərkəzdən asılı olmasın. Ötən illər ərzində bununla bağlı çoxsaylı işlər görülüb, böyük layihələr həyata keçirilib. Azərbaycan Avropanın neft şirkətləri ilə çox uğurlu əməkdaşlıq edir. O cümlədən, Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəqliyyat əlaqələrində mühüm rol oynayır. Belə ki, bu layihələr tam gücü ilə işə düşdükdən sonra Avropaya faydası çox olacaq. Ona görə də Azərbaycan kimi önəmli ölkəyə qarşı belə qərəzli yanaşma Avropa Şurasının ziyanınadır. Azərbaycan qurumdan çıxsa, Avropa, bütün mənalarda, bundan itirəcək. Başlıca olaraq regionda Azərbaycan kimi tərəfdaş ölkəni itirəcəklər”.
Vidadi ORDAHALLI