Rufiz Qonaqov: “AŞ PA və digər beynəlxalq təşkilatların özləri demokratikləşməyənə qədər onların demokratiya haqqında danışması absurddur”
Bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar missiyası davam etməkdədir. Sözügedən təşkilatlarda təmsil olunan anti-Azərbaycan qüvvələr ölkəmizlə bağlı hazırlanan hesabatlarda şər-böhtan, iftira, yalan, qərəzli məlumatlar yerləşdirirlər.
Məlumdur ki, AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və hazırlanan hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların əksini tapması birmənalı qarşılanmayıb.
Ermənistanda vəziyyətin qarışdığı bir anda AŞ PA-nın diqqəti Ermənistandan yayındırmaq üçün Azərbaycanı hədəf seçməsi onların qərəzindən, qeyri-obyektiv və məqsədli yanaşmasından xəbər verir. Həqiqətən də hakimiyyətin xalqa qarşı zorakılıqlara yol verdiyi, xalqın rəyinə məhəl qoymadığı, insan hüquqları və seçmək azadlığının kütləvi pozulduğu Ermənistanın bu gün AŞ PA-da ayrıca müzakirə mövzusuna çevrilmədiyinin səbəbləri çox şübhəlidir. Sabitliyin hökm sürdüyü ölkəmizlə bağlı belə bir qərəzli hesabatın verilməsi anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların oyunu kimi diqqət çəkir.
Ümumiyyətlə, bu hesabatın arxasında islamofob, anti-Azərbaycan qüvvələrin dayandığı aşkar görünür.
AŞ PA-nın qərəzli qətnaməsinin qurumdakı anti-Azərbaycan, ermənipərəst və islamofob dairələrin təsiri altında meydana çıxması ilə ekspertlər də razılaşırlar.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqova mövzu ilə bağlı müraciət etdik. R.Qonaqov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycana qarşı qısqanc mövqelər, ikili standartlar hələ də davam edir: “Danılmaz faktdır ki, ermənipərəst və islamofob dairələrin də burda xüsusi xidmətləri var. Onlar güclənən Azərbaycanı qısqanclıqla qarşılayırlar. Bu baxımdan, AŞ PA-da Azərbaycanla bağlı müzakirə olunan son məsələlər də bir daha bunu sübut edir”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan ön inkişaf yolu ilə addımlayır: “Seçkidən sonra Prezident İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsi və orada keçirilən görüşlər ölkəmizin uğurundan xəbər verir. Eyni zamanda, Prezidentin London səfərində Azərbaycan üçün vacib, əhəmiyyətli məsələlərin müzakirə olunması onu deməyə əsas verir ki, ölkəmizin uğuru artmaqdadır. Təəssüf ki, beynəlxalq təşkilatların hesabatları reallığı əks etdirmir. İstər ATƏT və ya AŞ PA uğurla inkişaf edən dövlətlərin mövqeyindən çıxış etməlidirlər. Bir çox hallarda həmin təşkilatlar öz mövqelərindən çıxış edirlər. Bu bir daha onu göstərir ki, beynəlxalq qurumlar real dünyanı əks etdirən məsələlərlə məşğul deyillər. Bu baxımdan, ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bir sıra beynəlxalq təşkilatların özlərində islahatlar aparılmalıdır. Həmin islahatlar aparılmayana qədər, onların özləri demokratikləşməyənə qədər hansısa təşkilatın demokratiya haqqında danışması absurddur”.
Günel CƏLİLOVA