Məlum olduğu kimi, Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürəcəyini açıqlayıb. Digər tərəfdən, bu bazanın yeni texnika və əsgəri heyət hesabına daha da gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Ümumiyyətlə, son illər Rusiya rəhbərliyinin Xəzərə xüsusi önəm verməsi və burada hərbi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməsi də danılmaz həqiqətdir.
Yaxın tezlikdə Rusiyanın Xəzər donanmasına daha 6 yeni gəmi və kater qatılacaq, donanmanın istifadəsindəki hərbi texnikanın 90%-i tam yenilənəcək. Bütün bunlar onu göstərir ki, Rusiya Xəzərdə ciddi şəkildə militarizasiya siyasəti aparır. Məhz belə bir vaxtda məlum olub ki, Rusiyanın Xəzərdə belə aktiv hərbi siyasəti ABŞ amili və dənizdə Amerika hərbçilərinin peyda ola biləcəyi ilə də bağlıdır. Bununla bağlı Rusiyanın “news.ru” portalı iddia edir ki, ABŞ Qazaxıstan vasitəsilə dənizdə hərbi cəhətdən möhkəmlənməyi planlaşdırır: “Qazaxıstan parlamentinin yuxarı palatası ABŞ-a Pentaqonun bazalarını Əfqanıstana hərbi yüklərin tranziti üçün Xəzərdə yerləşdirməsinə icazə verən sənədi ratifikasiya edib. ABŞ-ın özünün 10 min, NATO-dakı müttəfiqlərinin isə 3 min nəfərlik hərbi kontingenti hələ də Əfqanıstanda qalmaqdadır. Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, yoxlama-keçid məntəqələrinə Aktau və Kurık limanları da əlavə edilib. Bütün bunlar da ABŞ-ın strateji müttəfiqi olan Qazaxıstanın maraqlarına tam cavab verir.
Əfqanıstana yüklərin tranziti ilə bağlı Xəzərdəki Aktau limanından istifadə imkanlarına dair ABŞ-la Qazaxıstan arasında danışıqların getdiyi ilk dəfə 5 il əvvəl ortaya çıxmışdı. Bu xəbər rəsmi Astananın istəyi xaricində sızdırılmış və nəticədə hökumət rəsmiləri etiraf etməli olmuşdular. Xəbər Rusiya rəhbərliyində qıcıq yaratmışdı. Belə məlum olurdu ki, Rusiyanın yaxın tərəfdaşı, bütün inteqrasiya layihələrinin iştirakçısı olan Nursultan Nazarbayev Moskva ilə məsləhətləşmək zərurətini hiss etməyib. Üstəlik, Rusiya tərəfini danışıqların detalları barədə də məlumatlandırmayıb. Rusiya Dumasının MDB məsələləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yaranmış durumdan narazı qaldıqlarını belə dilə gətirib: “Biz Xəzərdə işləri birgə görmək barədə razılaşmışdıq. Orada Xəzərə aidiyyəti olmayan dövlətlərin silahlı qüvvələrinin peyda olması bu razılaşmanın ruhuna ziddir”.
Qazaxıstanın “Real Politik” analitik xidmətinin rəhbəri Talqat Mamırayımov isə ehtimal edir ki, Astana Kremllə ilkin məsləhətləşmələr aparıb: “Ola bilsin ki, bu məsələ Nazarbayevin hələ Vaşinqtona səfərindən əvvəl müzakirə olunub. Çünki səfər zamanı Nazarbayev ABŞ hərbçilərinin Əfqanıstan ərazisində mövcudluğunun vacib olmasından danışmışdı. Kremllə bəlli konsensus olmadan Nazarbayev bunu çətin ki, müzakirəyə çıxarardı. Böyük ehtimalla, onun Putinlə bu barədə söhbəti olub və tərəflər limanlardan tranzit üçün istifadə oluna biləcəyinə dair razılığa gəliblər. Əfqanıstanda stabilliyin olması Rusiyanın da marağındadır”.
Bu ilin əvvəlində N.Nazarbayevin Vaşinqtona üçgünlük səfəri olmuşdu. ABŞ prezidenti Donald Tramp onu yüksək səviyyədə qarşılamışdı. Hələlik görünən odur ki, ABŞ-la Qazaxıstanın bütün sahələrdə, eləcə də hərbi sahədə əməkdaşlıq səviyyəsi artan xətt üzrə gedir. Bu yaxınlarda Vaşinqtonda hərbi əməkdaşlığa dair 2018-2022-ci illəri əhatə edən beşillik plan imzalandı. Deyilənlərə görə, sənəddə Xəzərin Aktau limanında ABŞ Hərbi-Dəniz Qüvvələrinin bazasının yaradılacağı imkanlarından da bəhs olunur. Lakin bu barədə hələ hər hansı rəsmi məlumat verilmir.
Bundan başqa, planda Xəzərdə Qazaxıstan dəniz donanmasının inşasına ABŞ-ın dəstəyindən də bəhs olunur. Aktau limanında təlim poliqonu qurula bilər ki, onu da asanlıqla hərbi-dəniz bazasına çevirmək olar. ABŞ Qazaxıstana hərbi texnika verib. Bu ölkənin ordusuna NATO standartlarında təlimlər keçir ki, Qazaxıstan hərbçiləri alyansın xaricdəki əməliyyatlarında iştirak edə bilsinlər. Qazaxıstanda keçirilən bütün hərbi təlimlərdə amerikalı müşahidəçilər iştirak edirlər. Rusları isə bu təlimlərə heç də həmişə dəvət etmirlər. Qazaxıstan prezidenti mütəmadi olaraq ölkəsinin çoxşaxəli xarici siyasətindən danışır. Ölkə heç kimlə mübahisə etmək istəmir. Kremlin xoşuna gəlsə də, gəlməsə də, Moskvanın təşəbbüsləri ilə bağlı neytral mövqedə dayanır.
Məlum olduğu kimi, Xəzər bir neçə ölkəyə – Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstana məxsusdur. Bu günədək bu dövlətlər Xəzərin hüquqi statusuna dair bütün mübahisələri həll edib bitirə bilməyiblər. Bəzi ekspertlər ehtiyat edirlər ki, Xəzər sularında ABŞ-ın peyda olmasından sonra vəziyyət bir qədər də dolaşacaq. Məsələn, ABŞ-ın Qazaxıstan limanlarından tranzit üçün istifadə etməsinə İran necə yanaşacaq? Sözsüz ki, Tehran bundan məmnun qalmayacaq. Amma hələ ki, İran hökuməti məsələ ilə bağlı rəsmi mövqe bildirməyib.
2016-cı ilin əvvəlində İranın üzərindən Qərbin əksər sanksiyaları götürüldü. Təbii ki, Tehran bütün sanksiyalardan azad olunmaq istəyir. Ona görə də bir müddətdir ABŞ-ın ünvanına o qədər də sərt bəyanatlar səsləndirmir. Digər Xəzər dövlətlərinin də məsələyə qarşı çıxacağı gözlənilmir. Ən azı ona görə ki, tranzit məsələsinin onların milli maraqlarına hər hansı mənfi təsiri yoxdur. Rusiyalı ekspertlər hesab edirlər ki, Qazaxıstanın məlum qərarı Moskvaya sərfəli olmasa da, birbaşa təhdid də yaratmır. Onlardan biri deyir: “Yəqin ki, Kremlin kəskin bəyanatına şahid olmayacağıq. Qazaxıstan suveren dövlətdir və özünə lazım olduğu kimi davrana, addım ata bilər. Keçid məntəqələrindən biri sonradan hərbi bazaya çevrilsə, nə olacaq? ABŞ-ın bu gün xaricdə 700 hərbi bazası var. Bu da növbəti olar. Rusiya üçün xoşagəlməzdir, amma Moskva buna mane olmaq iqtidarında deyil”.
Nahid SALAYEV