Azərbaycana qarşı bir sıra Qərb təsistalarında, o cümlədən də Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) ikili standartlar sərgilənməsi heç kimə sirr deyil. Rəsmi Bakı dəfələrlə belə standartların qarşılıqlı əməkdaşlığa zərər vurduğunu bəyan etsə də, AŞ PA-da müəyyən qüvvələr hələ də bu qərəzli yanaşmalarından əl çəkə bilmirlər.
Qeyd edək ki, qurumun son hadisələr fonunda Azərbaycana qarşı ikili standartdan çıxış etməsi özünü yenidən qabarıq formada büruzə verir. Söhbət ilk olaraq yüksək demokratik şəraitdə baş tutan prezident seçkilərinə münasibətdən gedir.
Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatı kifayət qədər qərəz üzərində kökləndi. Hətta iş o yerə çatdı ki, Avropadan olan digər rəsmilər belə bu bəyanata ikrahla yanaşaraq, onun obyektivliyi əks etdirmədəyini bildirdilər. Ardınca isə elə Avropa ölkələri daxil olmaqla, dünya liderləri Azərbaycan dövlət başçısını qələbə münasibətilə təbrik etdilər və bununla AŞ PA-da qərəzli qüvvələrin ölkəmizlə bağlı planları boşa çıxdı.
Bunun ardınca AŞ PA yenə növbəti məkrli mövqeyə əl atdı. Belə ki, AŞ PA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırladı. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞ PA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir. Hesabatın qeyri-obyektivliyi avropalı parlamentarilər tərəfindən açıq etiarf olunur. Məsələn, Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatının reallıqdan uzaq olduğunu bildirir. O bildirib ki, bu hesabat onun obyektivlik və professionallığını şübhə altına alır: “Hamı bilir ki, məsuliyyətlərimə necə ölçülü yanaşıram. Mən bir kabus yaşadım. Adım korrupsiyaya dair hesabata daxil edilib. Biz hüququn aliliyi və insan haqları sahəsində problemlərin olduğu ölkələrlə işləyirik. Belə ölkələrlə işləyəndə ehtiyatlı olmaq lazımdır. Mən Arif, Leyla Yunus, Xədicə İsmayıl kimi ekspertlərlə işləmişəm. Hesabatda adımı görəndə dəhşətə gəlirəm. Ola bilər ki, ilkin mətn yayımlanmazdan öncə daha bir araşdırma aparmaq lazım idi. Mən öz şərəfimi qorumaq və nüfuzumu geri qaytarmaq məcburiyyətində qalıram”.
AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov da məsələyə sərt reaksiya verib: “Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır. Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?".
Hesabatdan aydın görünür ki, bu gün korrupsiya məsələsi müstəqil şəxslərə və ölkələrə zərər vurmaq üçün siyasi alətə çevrilib. Ekspertlər də qeyd edirlər ki, hesabatda çatışmayan başlıca məqamlar real faktlardır. Qeyd edilənlər bundan əvvəl Azərbaycan tərəfinin guya AŞ PA-nın sabiq sədri Pedro Aqramunta və digərlərinə rüşvət verməsi barədə də qurumda hay-küy qaldırılmışdı. Amma bu fakt ilk əvvəl İtaliya məhkəməsində təsdiqini tapmadı. Ardınca AŞ PA-da korrupsiya iddialarını araşdıran Müstəqil Kənar İstintaq Orqanı (IBAC) bu xüsusda Assambleya Bürosuna öz məruzəsini təqdim etdi. İstintaq Orqanı Azərbaycana qarşı korrupsiya iddiaları ilə bağlı heç bir fakt aşkarlamayıb və son nəticədə AŞ PA-nın ölkəmizlə əlaqədar fəaliyyətlərində AŞ PA deputatlarının, xüsusilə məruzəçilərinin işində neytrallıq tələblərinin pozulmadığı qənaətinə gəlib. İstintaq Orqanı təsdiq edir ki, 2008-ci ildən bəri AŞ PA-nın Azərbaycanla bağlı bütün məruzələri, o cümlədən seçki müşahidə missiyalarının bütün məruzələri və öz məğlubiyyətləri ilə barışmaq istəməyən güc mərkəzlərinin və anti-Azərbaycan qüvvələrin müzakirə obyektinə çevrilmiş 2013-cü il tarixli “siyasi məhbus”lara dair Ştrasser məruzəsi deputatların neytrallığına təsir göstərilmədən qəbul edilib. Bütün bunlardan sonra AŞ PA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya ilə bağlı əsası olmayan yeni bir hesabat hazırlayıb. Bunun da hansısa nəticə verməyəcəyi, əslində, bəri başdan bəllidir. Eyni zamanda bu hal AŞ PA-nın ikili standartlar kimi problemdən hələ də xilas ola bilmədyini göstərir.
Bu ilin fevralında Milan şəhər məhkəməsinin məlum korrupsiya ittihamları əleyhinə qətnamə çıxarması və deputat Volontenin tam təmizə çıxmasının ardınca növbəti korrupsiya hesabatını dövriyyəyə buraxmaq AŞ PA-da Azərbaycan əleyhinə ikili standartlar siyasətinin yeni mərhələsi kimi xarakterizə olunur.
Tahir TAĞIYEV