Seyid Camal Əzimbəyli: “Bütün bunların nəticəsində hökumət daha çevik və dinamik fəaliyyət göstərəcək”
Məlum olduğu kimi, Prezident İlham Əliyev hökuməti tam formalaşdırıb başa çatdırdı. Nazirlər Kabinetinin yeni tərkibi məlumdur. İqtidar komandasında bir sıra yeni simaları görmək olar.
Belə ki, ölkə başçısının sərəncamı ilə bəzi nazirlik və komitələrə yeni rəhbərlər təyin olunub. Yeni heyətdə daha çox peşəkar və gənc kadrlara üstünlük verilib. Əvvəlki komandada olan bəzi rəhbər şəxslər isə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Hələ seçkidən əvvəl hökumətdə gözlənilən dəyişikliklər ciddi müzakirə mövzusu idi. Prezidentin andiçmə mərasimindən dərhal sonra Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin geniş məqaləsində kadr islahatları ilə bağlı tezisləri hökumətin tərkibində ciddi dəyişikliklər olacağından xəbər verirdi. Göründüyü kimi, bu istiqamətdə gözləntilər özünü doğrultdu.
Belə ki, baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov vəzifələrindən azad olundular. Əvəzində Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edildi.
Nazirlərdən isə Səlim Müslümov, Heydər Əsədov, Hüseynqulu Bağırov yeni komandada yer almayıblar. Onların əvəzinə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib. Təhsil nazirinin boş qalan yerinə isə Ceyhun Bayramov gətirilib. O bundan əvvəl təhsil nazirinin müavini işləyib. Bəzi komitə sədrləri yeniləri ilə əvəz olundu. Ümumilikdə, Azərbaycan 4 yeni nazir, 4 komitə sədri, 1 xidmət rəisi və 1 agentlik rəhbəri dəyişib.
Bütün bunların fonunda, Prezident yeni hökumət komandasının formalaşdırılmasında hansı prinsipləri əsas tutdu?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, yeni komandanın formalaşdırılması zamanı Prezident İlham Əliyev çox vacib məqamlara önəm verdi: “Əvvəla yeni hökumət komandasının tərkibi göstərdi ki, Azərbaycanda həyata keçirilən kompleks islahatlar dönməz xarakterlidir və bundan sonra da davam edəcək. Digər tərəfdən, əlbəttə ki, bununla ölkə başçısı çox uğurlu hökumət komandası təşkil etdi. Xüsusilə qeyd etmək istəyirəm ki, yeni hökumətin çevik və dinamik fəaliyyət göstərəcəyi güman olunur. Bunu şərtləndirən bir sıra faktorlar var ki, onların üstündə dayanmaq istəyirəm. Məsələ ondadır ki, ölkə başçısı yeni hökumətdə daha gənc və peşəkar kadrlara üstünlük verib. Hansı ki, onların bir çoxu bundan əvvəlki fəaliyyətlərində özlərini doğruldublar və idarəçiliyə yenilik gətiriblər. Əhaliyə göstərilən xidmətdə yeni metodlara üstünlük veriblər və bir sözlə, özlərini doğruldublar. Hesab edirəm ki, Prezident İlham Əliyev məhz bu prinsiplərdən çıxış edərək gənc və peşəkar kadrların hökumətin mühüm postlarında yer almasına qərar verib. Fikrimcə, bu çox uğurlu siyasi yanaşmadır. Sözügedən peşəkar kadrların sayəsində ölkənin inkişafı daha da sürətlənəcək. Ən başlıcası isə hökumət daha səmərəli fəaliyyət göstərəcək. Müşahidələr göstərir ki, ölkə Prezidenti çox uzaqgörən, incə siyasi gedişlər edərək müasir dövrün tələblərini nəzərə alıb. Düşünürəm ki, hökumət komandasında təmsil olunan peşəkar kadrlar onlara göstərilən etimadı doğrulda biləcəklər. Bütün bunların nəticəsində hökumət daha çevik və dinamik fəaliyyət göstərəcək. Ümumən bunun müsbət səmərəsi bütün sahələrdə özünü göstərəcək”.
Vidadi ORDAHALLI