Məhəmməd Əsədullazadə: “Bununla yanaşı, Ermənistanda növbəti hakimiyyət danışıqlardan müəyyən bəhanə ilə yayına bilər”
Neçə gündür Ermənistanda qarşıdurmalar davam edir. Keçmiş prezident, daha sonra baş nazir olan Serj Sarkisyan xalqın təzyiqindən sonra istefa vermək məcburiyyətində qalsa da, gərginlik hələ də qalmaqdadır.
Etirazçı kütləyə rəhbərliyi öz üzərinə götürən millət vəkili Nikol Paşinyan hökumətlə aparılan danışıqlar zamanı sərt mövqeyini ortaya qoyub: eks-prezident, baş nazirlikdən istefa vermiş S.Sarkisyanın partiyasından hökumətdə heç kəs təmsil olunmamalıdır.
Ermənistanda, Rusiyada və Azərbaycanda keçirilən prezident seçkiləri Dağlıq Qarabağ danışıqlarını təxirə salmışdı. Tərəflər qərara gəlmişdilər ki, Azərbaycan və Ermənistanda keçirilən prezident seçkilərindən sonra Dağlıq Qarabağla bağlı aparılan danışıqlar intensivləşdirilsin. Xüsusən də Azərbaycanda seçkilərin apreldə keçirilməsi danışıqlar prosesinin sürətləndiriləcəyinə böyük ümidlər yaratmışdı. Ancaq Ermənistanda proseslərin qarışması tamam fərqli situasiya formalaşdırır. Faktiki olaraq Ermənistanda hakimiyyətdə boşluq yaranıb və qeyri-müəyyənlik davam edir. Bunun da nə vaxt bitəcəyi bəlli deyil.
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev qeyd edib ki, Minsk Qrupunun regiona sonuncu səfəri zamanı ortaq fikir danışıqları Azərbaycan və Ermənistanda keçirilən seçkilərdən sonra davam etdirmək olub. Ancaq hazırda Ermənistanda cərəyan edən proseslər Qarabağ danışıqları üçün zəruri zəmin təmin etmir.Onun fikrincə, Azərbaycan tərəfi Ermənistanda sağlam fikirli, sağlam düşüncəli siyasi qüvvələr hakimiyyətə gəldikdən sonra onlarla münaqişənin tezliklə həll edilməsi istiqamətində danışıqlara hazırdır: “Amma burada ilkin zəmin və şərt ondan ibarətdir ki, Ermənistanda danışıqların aparılmalı olan tərəfi müəyyən olunmalıdır. Bu da hazırda siyasi böhran şəraitinin başa çatmasından asılıdır”.
İstənilən halda, Ermənistanda proseslərin bu cür inkişafı Dağlıq Qarabağ danışıqlarını yubadır. Məsələyə hansı tərəfdən baxsaq görərik ki, proses uzanır. Bu da, əlbəttə ki, arzuolunan deyil. Bütün hallarda, baş verənlərlə əlaqədar Dağlıq Qarabağ danışıqları nə vaxta qədər uzana bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanda baş verən etiraz aksiyalarının Dağlıq Qarabağ danışıqlarına təsiri davam etməkdədir. Çünki ölkəmizdə və Ermənistanda keçirilən seçkilərdən sonra biz münaqişənin həlli istiqamətində intensiv danışıqları gözləyirdik. S.Sarkisyanın növbəti hakimiyyətinə qarşı Ermənistanda məlum etiraz aksiyaları bu ölkədə hakimiyyət böhranına səbəb oldu. Hazırkı situsiyada bu ölkədə danışıqları apara biləcək şəxs yoxdur. Həmçinin, elə bir siyasi mühit də formalaşmayıb ki, diplomatik danışıqlar aparılsın. Nikol Paşinyanın rəhbərliyi ilə etirazlar hazırda davam edir. Hələ ki, aydın deyil, Ermənistanda kimlər hakimiyyətdə təmsil olunacaq. Bu, Azərbaycan üçün vaxt itkisidir və ölkəmiz belə bir danışıqların davam etməsində maraqlıdır. May ayında Ermənistanda hakimiyyətin formalaşmasını gözləyirəm. Hökumət böhranının bir neçə ay sürəcəyini düşünmürəm. Bununla yanaşı, Ermənistanda növbəti hakimiyyət danışıqlardan müəyyən bəhanə ilə yayına bilər. Azərbaycan belə bir vəziyyətə imkan verməməlidir. Hazırda Moskva Azərbaycana cəbhədə hər hansı bir hərbi əməliyyatın aparılmaması üçün Ermənistan adından xahiş edir. Əgər Ermənistanda mitinqlər davam edərsə, çözüm yolu tapılmazsa, biz buna səbr etməməliyik. Ümumiyyətlə, İrəvanda hakmiyyətə gələn komanda Rusiyadan asılı olacaq. Rəsmi Bakı Moskva ilə bu istiqamətdə konfidensial diplomatik danışıqlar aparmalıdır. Nəticədə ərazilərimizin istənilən variantda azad olunmasına nail olaq”.
Vidadi ORDAHALLI