AŞ PA-nın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamədə yer alan fikirlərin qarayaxmadan və böhtandan başqa bir şey olmadığı bizə də, elə bu şərçi sənədi hazırlayanların özlərinə də yaxşı məlumdur. Ancaq nə edəsən ki, bir çox hallarda qərəz, kin sərhəd tanımır və AŞ PA kimi qurumlar bunu dövlətlərə, onların müxtəlif rəsmi şəxslərinə qarşı yönəldirlər.
AŞ PA-nın Azərbaycanla bağlı hazırladığı hesabatda yer alan absurd fikirlərdən biri deputatların birindən alınmış guya faktla bağlıdır. Həmin deputat hesabat hazırlayanlara Azərbaycanda yaşadığı “ilginc” olayla bağlı məlumat verib. O deyib ki, guya otellərdən birində qalarkən gecədən xeyli keçmiş qapısının döyüldüyünü eşidib və qapıya yaxınlaşanda iki yarımçılpaq qadının dayandığını görüb, ancaq qapını açmayıb. O həmin qadınların onun yanına xüsusi göndərildiyini iddia edib. Hesabat müəllifləri öz aləmlərində belə qənaətə gəliblər ki, Azərbaycanda beynəlxalq təşkilatların nümayəndələrinə hətta görüşmək üçün qız da təklif edilib.
Qərəzli hesabatda yer alan bu iddialar diqqətimizi cəlb etdi və bununla bağlı bəzi qənaətlərimizi bölüşməli olduq.
Birincisi, heç bir ölkə əxlaqsız qadınlardan sığortalanmayıb və bütün ölkələrin otellərində belə qadınlara rast gəlinə bilər. İkincisi, əgər Azərbaycana gələn beynəlxalq təşkilatların əməkdaşlarını ələ almaq məqsədi olsaydı, bu işdə əxlaqsız qadınlardan istifadə etmək nəyə lazım idi ki? O adamlara pul təklif edilərdi, çox qiymətli hədiyyələr bağışlanardı və sair.
Üçüncüsü, beynəlxalq qurumların Azərbaycana gələn nümayəndələrinin qadınla ələ alınması məqsədi olsaydı, gecə gizli şəkildə onların otaqlarına qadın ötürməyə nə ehtiyac vardı ki? Onlara bu sayaq xidmətlər göstərmək üçün daha uyğun yerlər var.
Dördüncüsü, hansı Avropa ölkələrinin otellərində əxlaqsızlıqla məşğul olan qadınlara rast gəlinmir? Elə bu işlərin əsası oralarda qoyulmayıbmı? Azərbaycan kişiləri də xarici ölkələrə gedəndə onlara qaldıqları otellərdə açıq şəkildə qadınlar təklif edilir. Hətta qadınların fotoları, yaşı, bacarıqları və s. də təqdim edilir ki, seçim etmək mümkün olsun.
Beşincisi, burada təsadüf amilinin niyə nəzərə alınmadığı çox şübhəlidir. Təsadüf amilinin nəzərə alınmamasının özü də bir qərəz əlaməti deyilmi? Təbii ki, hər bir kişinin gecənin birində qapısı döyülə bilər və ona qadın təklif edilə bilər.
Bu kimi hallara dünyanın istənilən şəhərində, Amerikada, Avropada rast gəlmək mümkündür.
Burada qeyri-adi nə var ki? Belə tək-tək təsadüfi hallardan siyasi oyun düzəltməyə, onu “xüsusi tapşırıq”, yaxud “qadın vasitəsilə xarici təşkilatların nümayəndələrinin ələ alınması” əməliyyatı kimi qələmə verməyə qərəzdən başqa ad qoymaq olmur. Bu, Azərbaycanda tarixən mövcud olan və bu gün də qorunan mənəvi-əxlaqi mühiti çirkaba batırmaq, o təmizliyə qara yaxmaq, ləkə salmaq cəhdidir.
Bir məsələni də deyək ki, Bakıda otellərdə çağırılmamış qonaqlar kimi özünü əcnəbilərə təklif edən, qapı döyən qızlar dəstəsinin gəzdiyi görüntüsünü yaratmaq da Azərbaycana düşməncəsinə yanaşmadır. Hər kəsin özünün dəvət etdiyi şəxslər istisna olmaqla, kimin nə həddi var ki, otellərdə naməlum qapıları döysün. Bəlkə o böhtançı əcnəbi deputat öz könlündən keçəni olmuş hadisə kimi qələmə vermək istəyib?
Qadın məsələsində aracılıq, qadınlardan şantaj və ələalma vasitəsi kimi istifadələr bu xalqın geninə, yaddaşına, tarixinə, mentalına qətiyyən uyğun deyil. Bir-birinə ərki olan dost-tanışların arasında bəzən rast gəlinən çox az sayda belə davranışlar isə bizə elə həmin avropalılardan gəlib.
Bir də ki, əgər həqiqətən oteldə yüngül əxlaqlı qızlar hansısa avropalı deputatın qapısını gecə saatlarında döyüblərsə, bunu həmin qızın adi bir yanlışı kimi də başa düşmək lazımdır. Bu “binəva” qız hardan biləydi ki, bəlli məqsədlə gecələr ancaq KİŞİ-nin qapısını döyərlər...
Əli TURABOV